İyulun 8-dən - 13-dək ABŞ-ın Nyu-York ştatında
"Nyu-York Birjası - 2013-cü il. Müəllimlərin Təlim
Proqramı" adlı təlim keçirilmişdir. Təlim Nyu-Yorkun
möhtəşəm maliyyə prospekti sayılan Wall Street-dəki
birjanın tarixi binasında baş tutmuşdur. Təlim
proqramında ABŞ-ın müxtəlif kollec, universitet və
məktəblərində maliyyə dərslərini deyən müəllimlərlə
yanaşı Azərbaycandan Qafqaz Universitetinin Maliyyə
kafedrasının əməkdaşı Füzuli Əliyev də iştirak etmişdir.
Təlimin məqsədi maliyyə fənlərini tədris edən
müəllimləri maliyyə bazarları ilə yaxından tanış etmək
və onların birjada baş verən prosesləri daha yaxından
izləmələrinə imkan yaratmaqdır. Təlimlər Nyu-York
birjasının müvafiq strukturlarının müdirləri və ya müdir
müavinləri tərəfindən mühazirələr, təqdimatlar
formasında keçirilmişdir. Təlimin birinci günü iştirakçı
müəllimlərə Nyu-York Birjasının tarixi,
avtomatlaşdırılmış alqı-satqı platformaları,
qanunvericilik bazası haqqında təlimlər, növbəti
günlərdə maliyyə bazarları mütəxəssisləri-brokerlər,
market-meykerlərlə görüşlər keçirilmiş, opsion, fyuçers
və digər törəmə maliyyə alətləri, maliyyə bazarlarında
karyera imkanları və s. mövzularda təqdimat-mühazirələr
verilmişdir. Proqram çərçivəsində iştirakçılar 2 dəfə
Nyu-York Birjasının əməliyyat mərtəbəsinə (trade floor)
enmiş, investisiya institutlarının nümayəndələri,
market-meykerlər və brokerlərlə söhbət etmiş, real
rejimdə alqı-satqı əməliyyatlarını müşahidə etmişlər.
Növbəti günlərdə onlar Amerika Maliyyə Muzeyini gəzmiş,
Nyu-York Birjasının icraçı direktoru Duncan Niederauer
ilə görüşmüşlər. Təlim zamanı maliyyə bazarları
mütəxəssisləri tərəfindən müəllimlərə müvafiq
tövsiyələr, əyani vasitələr, faydalı elektron resurslar
verilmişdir. Təlim proqramının sonunda iştirakçılara
diplomlar təqdim edilmişdir.
Yusif ƏLİYEV |