Son illər Azərbaycan təhsilinin dünya təhsil sisteminə
inteqrasiyası yolunda mühüm addımlar atılıb, təhsilin
məzmununun yeniləşdirilməsi və keyfiyyətinin
yüksəldilməsi sahəsində bir sıra uğurlar qazanılıb. Bu
işdə təbii ki, müəllimlərin də zəhmət payı vardır. Hər
bir həmkarım kimi mən də öz fəaliyyətimdə təlimin
keyfiyyətini yüksəltməyə xüsusi diqqət yetirir, bu
məqsədlə dərslərimdə səmərəli təlimin forma və
metodlarından istifadə etməyə çalışıram.
İlk növbədə hər bir şagirdin idrak fəaliyyətlərinin
xüsusiyyətlərini, inkişaf səviyyəsini və fərdi
keyfiyyətlərini öyrənirəm. Sonra şagirdlərdə dərsə
həvəs yaradır, müstəqil fəaliyyət bacarıqları
formalaşdırıram. Çalışıram ki, keçdiyim hər bir dərs
maraqlı olsun və yaddaşda uzun müddət qalsın.
Bunları nəzərə alaraq dərsdə şagirdlərin müstəqil
işləmələrinə şərait yaratmağı, onları fəallaşdırmağı,
nitqlərini inkişaf etdirməyi hər zaman ön plana
çəkirəm. Təlim zamanı şagirdləri düzgün, şüurlu, ifadəli
və sürətli oxumağa, müstəqil fikir yürütməyə alışdırır,
tədqiqatçılığa və yaradıcılığa cəlb edirəm. Şagirdlər
arasında müxtəlif mövzularda yarışmaların təşkilinə
üstünlük verirəm.
Müasir dərsin təşkilində müəllim-şagird və
şagirdlərarası münasibətlər mühüm rol oynayır. Müasir
dərsin aparıcı prinsiplərindən birinin şagirdyönümlülük
olduğunu nəzərə alsaq, bu gün təlim prosesinin həm
müəllim, həm də şagird üçün yeni bir məcrada
qurulması vacibdir. Təlim prosesində müəllimin
vəzifəsindən bəhs edən görkəmli Azərbaycan maarifçisi
və ədəbiyyatşünas alimi F.Köçərli demişdir ki, əsl
müəllim elm, bilik və zəhmətkeşlikdən əlavə,
şagirdlərinə münasibətdə məhəbbət və qayğı dolu qəlbə
də malik olmalıdır.
Bu gün sinif müəllimi kimi dərslərimdə fəal təlimin
metodlarına - işgüzar və didaktiv oyunlara, nəqletməyə,
diskussiyaya, ekskursiyaya geniş yer verirəm. Bu zaman
müəllim- şagird ünsiyyəti üçün böyük imkanlar açılır və
humanist münasibətlərin formalaşmasına şərait
yaranır. Nəticədə müəllimlə şagirdlər və şagirdlərin
öz aralarında işgüzar, səmimi ünsiyyət yaranır ki, bu
da səmərəli təlim mühiti yaradılmasının mühüm
şərtlərindən biridir.
Hazırda ibtidai sinif müəllimlərinin üzərinə daha
böyük məsuliyyət düşür. Çünki ibtidai sinif
şagirdlərin həyatının ən ciddi dövrüdür və bu dövrdə
kiçikyaşlı uşaqların əqli inkişafının bünövrəsi
qoyulur.Ona görə də sinif müəllimi işləyən
həmkarlarıma da tövsiyə edərdim ki, şagirdlərimizin
hərtərəfli inkişafına nail olmaq üçün yaxşı mənada
inadkarlıq, dözümlülük göstərsinlər və şagirdlərə
şəxsiyyət kimi yanaşsınlar.
Sayalı HƏSƏNOVA,
Bakıdakı 308 nömrəli tam orta məktəbin sinif müəllimi,
"Qabaqcıl təhsil işçisi" |