Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Motivasiya fəal təlimdə dərsin mühüm mərhələsidir

 

Elmi-texniki tərəqqinin durmadan, sürətlə inkişaf etdiyi bir  dövrdə  təhsildə İKT-nin səmərəli   tətbiqi  həm müəllimlərin, həm  də  şagirdlərin  yaradıcılıq  imkanlarının genişləndirilməsinə  müsbət təsir göstərir. İKT tədrisi   asanlaşdırır, keyfiyyəti artırır, geniş imkanları olan bir dünyaya pəncərə  açır. İKT-dən yerli-yerində istifadə dərslərin daha canlı  keçməsinə, daha yaxşı mənimsənilməsinə  şərait  yaradır.

Bu  baxımdan, hazırlanan  elektron  dərslər  dərsin  daha  yaxşı  mənimsənilməsi  üçün  şərait  yaradır. Belə  ki, şagirdlər eşitməklə bərabər dərsi  əyani   şəkildə  görür  və  bunun  nəticəsində  mövzunu  daha  yaxşı  yadda  saxlayır, mənimsəyir. Dərs  zamanı    suallar elə  qoyulmalıdır  ki, bu  suallar  şagirdləri  düşünməyə,  araşdırmağa  sövq etsin. Araşdırmaq, tədqiqat  aparmaq,  müzakirə  edib öyrəndiklərini həyatda  tətbiq etmək  vacibdir. Yalnız  belə  halda şagird öyrəndiklərini  unutmur,  daim yadda saxlayır.

Dövrümüzün tələblərinə uyğun olaraq dərslər elə  hazırlanmalıdır  ki,  o,  şagirddə maraq oyatsın, onları  düşündürsün.

Bildiyimiz  kimi, motivasiya  fəal  təlimdə   dərsin  mühüm  mərhələsidir. Dərsin  sonrakı  gedişi  məhz  bu  mərhələdən asılıdır. Motivasiya  şagirddə  maraq  oyatmalıdır. Əks  halda,  heç  bir  uğurlu  nəticədən  söhbət  gedə  bilməz. Motivasiya hər  dəfə  elə  rəngarəng  şəkildə qurulmalıdır  ki, şagirddə  keçilən  mövzuya  qarşı  maraq  oyansın.  O,  hər  dəfə  səbirsizliklə  gözləsin  ki,  görəsən  səhər  biz  başqa   nəyi  öyrənəcəyik,  başqa  nələrlə  tanış  olacağıq. 

Motivasiyanı qurarkən tapmacalardan, şəkillərdən, krossvorddan,  musiqi  parçalarından, nağıllardan  və s.  istifadə  etmək  olar. Müxtəlif  şəkillərlə  motivasiyanın  qoyulması  sinifdə  canlanma  yaradır,  şagirdləri  fəallaşdırır və  öyrəniləcək  mövzuya  qarşı  marağı  daha da  artıraraq  fikirləri  bu  istiqamətə  yönəldir.  Bundan sonra  tədqiqata  başlamaq  üçün  tədqiq  olunan  problemin  qoyulması  vacibdir. İlk növbədə nəyin  tədqiq  edilməsi aydın olmalı və tədqiqat sualı  müəllim tərəfindən səsləndirilməlidir. Tədqiqat sualı dərsdə qarşıya qoyulan  məqsəddən yaranır, onu özündə  əks  etdirir  və  ona  çatmağa  xidmət  edir. Qoyulan  tədqiqat  sualı  dərsin  reallaşmasına  xidmət  edir.

Tərtib  edilən  qrup  işlərində  suallar  elə  qoyulmalıdır  ki,  onlar tədqiqat sualının  açılmasına,  dərsin  mənimsənilməsinə və ümumi bir  nəticəyə gəlinməsinə gətirib çıxarsın.

Aparılan  qrup  işləri  şagirdlərdə  bir-birinin  fikrini  dinləmək, müzakirə  aparmaq,  kollektiv  şəkildə  işləmək,  əməkdaşlıq  etmək  bacarığı  aşılayır,  formalaşdırır. Bu  zaman  zəif  oxuyan  şagirdlər  belə  fəallaşır, öz  fikirlərini  söyləyərək  tədqiqatda  fəal   iştirak  etməyə  çalışırlar.  Dərsin  sonunda  bir  daha  tədqiqat  sualına  qayıdılır   və  o, müəllim  tərəfindən  səsləndirilir,  verilən  cavablar   ümumiləşdirilərək  nəticə  çıxarılır.

Məqsədəuyğun  qurulmuş  motivasiya, düzgün qoyulmuş  tədqiqat   sualı  dərsdə  verilən  məqsədə  çatmaq  üçün  başlıca  amildir. 

Xatirə HƏSƏNOVA,
Bərdə şəhər akademik Z.Əliyeva  adına texniki fənlər təmayüllü
məktəb-liseyin ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov