Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Bir qrup fənn müəllimi coğrafiyadan yeni əyani vəsaitlər hazırlamışdır

 

Respublikamızda  bütün sahələrdə  olduğu kimi, təhsil sahəsində də müvəffəqiyyətlə həyata  keçirilən islahatların əsasını yüksək intellektual səviyyəli, istedadlı, yaradıcı və bacarıqlı  gənc  nəslin hazırlanması təşkil edir. Bununla əlaqədar hazırda tədris prosesinin yenidən qurulması, tədris planlarının təkmilləşdirilməsi, fənn proqramlarının  dəyişdirilməsi, dərslik və dərs vəsaitlərinin təzələnməsi, tədris - əyani vəsaitlərin hazırlanması və s. sahəsində zəruri işlər görülür.

Təhsilin səviyyəsi, ilk növbədə, tədris prosesinin düzgün qurulmasından, xüsusilə təhsil ocaqlarının maddi-texniki və  tədris bazasından  asılıdır. Çünki maddi-texniki baza təhsilin əyaniləşməsinə xidmət edən ən mühüm sahədir. Tədris prosesinin keyfiyyəti yalnız fənn kabinetlərinin müxtəlif  cihazlarla təmin olunması ilə ölçülə bilməz, bu eyni zamanda tədrisdə istifadə olunan əyani  vəsaitlərin  şagirdlərin  psixoloji-yaş  xüsusiyyətlərini nəzərə alaraq hazırlanmasından, onların elmi-metodiki səviyyəsindən  də asılıdır. Çünki orta  ümumtəhsil məktəblərində  müəllimlər birmənalı şəkildə qəbul edirlər ki, tədris  prosesində  nəzəri  biliklərin  qavranılmasında əyani və praktiki metodların tətbiqi daha səmərəli olur, yəni,  hər hansı əyani vəsaitin köməyi ilə  aparılan  dərs  daha  keyfiyyətli, asan mənimsənilən, uzunmüddət yaddaqalan və dərk edilən olur.

XXI əsrin tədris mərkəzləri interaktiv plakatlar, elektron dərsliklər, multimedianın  tətbiqi  və s. ilə seçilsə də, şagirdlərin görmə-dərketmə  fəaliyyətinə əsaslanmış  divar  şəkillərinə, həcmi modellərə, maketlərə  və şəkil-sxem  plakatlara  da tələbat azalmır. Bu baxımdan, ayrı-ayrı fənlər üzrə nəzərdə tutulan vəsaitlərin hazırlanıb nəşr edilməsi  zərurəti həmişə özünü göstərir. Bu  zərurəti nəzərə alaraq  biz-  müəllif qrupu (Nərminə Seyfullayeva - BDU, Məhbubə Babayeva - 239 nömrəli məktəb, Şəfiqə Hümmətova - 258 nömrəli məktəb, Şahsənəm İsgəndərova - 3 nömrəli məktəb) coğrafiya fənninin tədrisi keyfiyyətinin yüksəldilməsinə  təsir edə bilən  plakat-şəkil - sxemlərdən  ibarət  layihə üzərində uzun müddət  işləyərək, orta məktəb coğrafiya proqramında nəzərdə tutulan və  ayrı-ayrı siniflər üçün tərtib olunmuş dərsliklərin  mövzularını  əsasən əhatə etməyə çalışmış  və 29  ədəd  plakat   hazırlamışıq.

Coğrafiya  müəllimləri  tədris prosesində əyani  vəsaitlərdən  yeni mövzunun izahı,  möhkəmləndirilməsi, qiymətləndirmə, müstəqil   və  praktiki  işlərin  təşkili, nəzəri biliklərin tətbiq edilməsi, mövzuya uyğun nəticələrin çıxarılması və s. məqsədlər üçün  istifadə  edərək  şagirdlərdə  fənnə marağı  artıra  bilərlər. Əyani vəsaitlər hazırlanarkən coğrafiya  fənni  üzrə  kurikulum nəzərə alınmışdır. Belə ki,  mövzuların bölmələr üzrə  ümumiləşdirilməsi, nəticələrin   çıxarılması, respublikamızın öyrənilməsi   zamanı  fiziki və iqtisadi-sosial coğrafiya  bölmələrinın inteqrasiyası  gözlənilmişdir. Əyani  vəsaitlərin  bu  xüsusiyyətləri  onların istifadə imkanlarını genişləndirir. Onlardan   bir sinifdə və ya  bir mövzunun tədrisində  deyil, əsasən bir neçə mövzunun, bəzi hallarda, tam bir  fəsil və bölmənin mahiyyətinin  təhlili prosesində istifadə edilə bilər.

Plakatlarda şəkil və sxemlərin, cədvəllərin  ölçüsü, rəng koloritləri,  yazı və rəqəmlərin aydınlığı, orta ölçülü sinif otağında görünmə aydınlığı  nəzərə alınmış, materialın keyfiyyətli olmasına diqqət yetirilmişdir. Hazırda əyani  vəsaitlərin nümunələri bir çox orta ümumtəhsil məktəblərində istifadə  edilir. Ona görə də tədris zamanı bu vəsaitlərdən bilavasitə istifadə edən  coğrafiya müəllimlərinin fikirlərini, rəy və  təkliflərini  öyrənmək  maraqlı  olardı. Bu  məqsədlə  müəllimlərin   əyani vəsaitlərlə bağlı rəy və təkliflərini müəllif qrupuna və ya nəşriyyata təqdim etməsi, onların keyfiyyətinin  təkmilləşdirilməsi, elektron  variantının  hazırlanması istiqamətində aparılan işlərə yalnız müsbət təsir edə bilərdi. Münasibətinizi bildirməklə, elmi-pedaqoji və metodiki fəaliyyətimizə müsbət  təsir etdiyinizə görə sizə öncədən təşəkkürümüzü bildiririk  və  əyani  vəsaitlərin bir  neçə  nümunəsini  təqdim  edirik.

Böyütmək üçün seçin

Əyani vəsait № 7. Bu plakatdan "Ümumi fiziki coğrafiya" (VI sinif), "Materik və okeanların coğrafiyası" (VII sinif) və "Yerşünaslıq" (X sinif) kurslarında istifadə edilə bilər. Buradakı şəkillərdən litosfer tavalarının sərhədləri, onların hərəkət istiqamətləri, tavalar arasında mövcud olan sərhədlərin müxtəlif xarakterinə, yer qabığında baş verən hadisələrə, yəni zəlzələ və vulkanlara aid müvafiq mövzularda istifadə oluna bilər.

Böyütmək üçün seçin

Əyani vəsait № 20. Plakatdan yalnız  "Azərbaycan Respublikasının fiziki coğrafiyası" və "Azərbaycan Respublikasının iqtisadi və sosial  coğrafiyası" (VIII sinif)  kurslarında istifadə olunur. Hazırda öz aktuallığı ilə seçilən Xəzər dənizinin  sektorlara bölünməsi, Xəzər dənizinin  problemləri  və ondan istifadə  olunmasına aid təsvirlər şagirdlərdə coğrafi bilik qazanmaq üçün geniş imkanlar yaradır.

Xəzər dənizinin dünya okeanı və Baykal gölünə görə  müqayisəsi, onun səviyyəsinin dəyişməsi  və  tarixi xəritələrin təqdim olunması şagirdlərdə müqayisə etmək bacarığının formalaşdırılmasına imkan verir. 

Məhbubə BABAYEVA,
Bakıdakı 239 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov