"Hansısa ölkənin universitetlərinə təqaüdlərin
verilməməsi kimi əsassız fikirlərin səsləndirilməsi
yalnız proqramın həyata keçirilməsi prosesinə ləkə
vurmaq cəhdi kimi qiymətləndirilə bilər"
"2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü tədris
ili üzrə azərbaycanlı gənclərin xarici ölkələrin ali
təhsil müəssisələrinə seçim prosesi davam edir. Dövlət
Proqramına seçim qaydaları, müəyyənləşdirilmiş prioritet
ixtisaslar və ictimaiyyəti maraqlandıran digər
məqamlarla bağlı Təhsil Nazirliyinin Beynəlxalq
əməkdaşlıq şöbəsinin müdiri Fariz Rzayev APA-nın
suallarını cavablandırıb.
- Bu il "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na
namizədlərin seçim qaydalarına hər hansı bir dəyişiklik
edilibmi?
- İlk öncə qeyd edim ki, xaricdə təhsil üzrə Dövlət
Proqramı azərbaycanlı tələbələrin ölkə üçün zəruri
ixtisaslar üzrə təhsil almalarına geniş imkanlar açır.
Məlum olduğu kimi, Azərbaycan gənclərinin xaricdə
təhsilinin təşkili istiqamətində vahid sistem yaradılıb,
müvafiq qaydalar və seçim meyarları müəyyənləşdirilib.
Ötən illərdən fərqli olaraq, Dövlət Proqramına sənəd
vermiş namizədlərin ilkin seçimi üçün Təhsil
Nazirliyində təşkil edilən müsahibəni aparacaq komissiya
fəaliyyət göstərir. Komissiyanın tərkibində Təhsil
Nazirliyinin əməkdaşları ilə yanaşı, Səhiyyə Nazirliyi
(tibb ixtisas istiqaməti üzrə müraciət edənlərlə),
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik
Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə
Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin
Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi
baxımından) nümayəndələri də təmsil olunurlar. Bu amil
seçimlərin şəffaf aparılmasına və daha layiqli
namizədlərin seçilməsinə əlverişli zəmin yaradır.
Komissiyanın tərkibi hər bir müsahibə günü üçün dəyişir.
Komissiya üzvləri müsahibədə iştirak edəcək namizədlər
barədə məlumatları yalnız müsahibə günü öyrənirlər. Bu
isə komissiyanın fəaliyyətinin tam şəffaf və ədalətli
olmasını təmin etmək məqsədi daşıyır. Məhz bu səbəbdən
komissiya üzvləri barədə məlumatların ictimaiyyətə
açıqlanmaması daha məqsədəuyğun hesab edilir. Komissiya
üzvləri haqqında müvafiq məlumatların Dövlət Proqramına
2013-2014-cü tədris ili üzrə qəbul prosesi başa çatandan
sonra ictimaiyyətə açıqlanması mümkündür. Müsahibə
zamanı namizədlərin müvafiq tədris dilini yüksək
səviyyədə bilməsi əsas şərtlərdəndir. Tələbələrin tədris
alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə
olması, təhsillərini başa vurduqdan sonra Azərbaycana
qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti də
əsas seçim meyarları kimi tətbiq olunur.
Bir məqamı da qeyd edim ki, Dövlət Proqramının
reallaşdırılmasının başlıca məqsədi neft kapitalının
insan kapitalına çevrilməsi, ölkənin yüksək ixtisaslı
kadrlara olan ehtiyacının ödənilməsinin təmin
olunmasından ibarətdir. Bu baxımdan Dövlət Proqramına
ayrılmış vəsaitlərin daha perspektivli gənclərə
yönəldilməsi olduqca zəruridir. Məsələn, bakalavriat
səviyyəsini bitirərək xarici ölkədə iqtisadiyyat
ixtisası üzrə magistraturada təhsil almaq istəyən
namizəd Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun
fərqini izah edə bilmirsə, həmin tələbə üçün dövlət
vəsaitini sərf etməyə dəyərmi?! Burada əsas məqamlardan
biri də ondan ibarətdir ki, Dövlət Proqramına qəbul
olunmuş tələbə təhsilini davam etdirə bilməyərək geri
qayıdarsa, iki ay ərzində onun üçün ödənilmiş vəsaiti
dövlətə qaytarmalıdır. Bu isə onun özünü və ailəsini
böyük maddi ziyana salması deməkdir. Odur ki, Dövlət
Proqramına seçim şərtlərinin dəqiq yerinə yetirilməsi
ilə bəzi namizədləri və onların ailələrini belə
təhlükələrdən qorumaq mümkün olur.
- Prioritet ixtisas istiqamətləri hansı prinsiplərlə
müəyyənləşdirilir?
- Dövlət Proqramı çərçivəsində müəyyənləşdirilən
prioritet ixtisas istiqamətləri hər tədris ili üçün
Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiya
tərəfindən təsdiq edilir. Bu zaman ölkə üçün ehtiyac
duyulan zəruri ixtisaslara üstünlük verilir.
- Əvvəlcədən hər prioritet ixtisas üzrə qəbul olunacaq
tələbələrin kvotası müəyyən edilirmi?
- Dövlət Proqramı çərçivəsində hər il konkret ixtisas
istiqamətləri üzrə xaricdə təhsil alacaq tələbələrin
seçilməsi üçün müvafiq kvotaların müəyyən edilməsi
nəzərdə tutulmayıb. Onu da bildirim ki, prioritet
ixtisas istiqamətlərinin əsas olmasına baxmayaraq,
müvafiq qaydalara əsasən, ölkəmiz üçün ehtiyac duyulan
bir sıra digər ixtisaslar üzrə də qəbul aparıla bilər.
Təsadüfi deyil ki, Dövlət Proqramı çərçivəsində
2013-2014-cü tədris ili üzrə qeyri-prioritet ixtisaslara
müraciət edən bir sıra namizədlər barəsində də müsbət
qərar qəbul olunub.
- Təhsil Nazirliyində keçirilən müsahibə zamanı
namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə
bilməsini yoxlamaq hansı zərurətdən irəli gəlir?
- Təəssüflə qeyd etmək istərdim ki, bəzi hallarda
namizədlərin IELTS və TOEFL kimi beynəlxalq dil
imtahanlarında topladığı bal həmin şəxsin ingilis dilini
real bilmə səviyyəsi ilə üst-üstə düşmür. Bu, əsasən
bəzi namizədlərin imtahanları müəyyən müddət öncə (1 və
ya 1,5 il öncə) verməsi və yaxud ingilis dili
səviyyəsinin hərtərəfli təkmilləşdirilməsinə diqqət
yetirməməsi ilə əlaqədardır. Bəzi hallarda isə
namizədlər yüksək göstəricilərin əks olunduğu, amma
həqiqi bilikləri əks etdirməyən TOEFL sertifikatları
təqdim etməklə seçim komissiyasını aldatmağa çalışırlar.
Buna görə də bütün namizədlərin xarici dili real bilmə
səviyyələrinin müsahibələr zamanı yoxlanılması şəffaf
seçim üçün çox vacib rol oynayır. Xüsusilə bildirmək
istəyirəm ki, xaricdə təhsil almaq istəyən tələbələr
ingilis və digər xarici dillərdən öncə doğma dilimizi
mükəmməl səviyyədə bilməli, Azərbaycan haqqında ümumi
məlumatlara sahib olmalıdırlar.
- Dövlət Proqramına seçim zamanı namizədlərə hər hansı
əlavə üstünlük verən hallar varmı?
- Bəzən Dövlət Proqramına qəbul üçün hər hansı üstünlük
əldə etməyə imkan verən səbəblər haqqında yanlış
fikirlər səsləndirilir. Məsələn, şagirdlərin dünya fənn
olimpiadalarında medallar qazanması və ölkəmizin
bayrağını zirvələrə qaldırması hər birimiz üçün
sevindirici hal olsa da bu, onların Dövlət Proqramına
birbaşa qəbuluna imkan vermir. Onlar da digər namizədlər
kimi tələb olunan bütün sənədləri təqdim etməli və
müsahibə mərhələlərindən keçməlidirlər. Dünya fənn
olimpiadalarında medallar qazanmış şagirdlərimizə
tövsiyə edərdik ki, ali təhsillərini olimpiadada
nailiyyət əldə etdikləri sahələr üzrə davam etdirsinlər.
- Sizcə, Proqrama qəbul olunmuş tələbələrə seçim
prosesində nəyə görə üstünlük verildiyini əks etdirən
müvafiq məlumatların ictimaiyyətə açıqlanması daha
məqsədəuyğun olmazdımı?
- Dövlət Proqramına qəbul olunmuş bütün tələbələr
haqqında məlumatlar Təhsil Nazirliyinin İnternet
saytında, "Facebook" və "Twitter" səhifələrində
yerləşdirilir. Eləcə də KİV vasitəsilə ictimaiyyətə
çatdırılır. Dövlət Proqramına qəbul edilmiş və yaxud
edilməmiş namizədlərin şəxsi həyatlarına hörmət
prinsipini əsas tutaraq, onlar barədə şəxsi xarakterli
məlumatlar ictimaiyyətə açıqlanmır. Onu da bildirim ki,
dünya praktikasında müvafiq proqramlar həyata
keçirilərkən fərdi məlumatların ictimailəşdirilməsinə
yol verilmir. Məsələn, dünyada məşhur olan DAAD, Edmund
S.Muskie, Chevening və digər müvafiq proqramların icra
mexanizminə nəzər salarkən bir daha görürük ki, müraciət
edənlərin qarşısında yalnız bir əsas tələb qoyulur: hər
bir iddiaçı proqramın seçim meyarlarına cavab
verməlidir. Əks təqdirdə, namizədə heç bir əlavə izahat
verilmir. Sadəcə, əvvəldən elan edilir ki, yalnız
proqrama qəbul edilənlərin siyahısı açıqlanacaq.
Proqrama layiq olmayanlara isə heç bir əlavə məlumat
verilməyəcək. Digər tərəfdən, proqrama müraciət edib
müsbət nəticə əldə edə bilməyənlərə ayrı-ayrılıqda
xüsusi izahat verilməsi müraciətlərin sayının çox
olmasına görə praktiki baxımdan da mümkün deyil.
- Namizədlər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil
almaq üçün daha çox hansı ölkənin ali məktəblərini
seçməyə üstünlük verirlər?
- Dövlət Proqramı çərçivəsində hansı ölkənin ali
məktəblərində təhsil almağı tələbələr yalnız özləri
seçirlər. Seçimlərə müdaxilə olunması və ya tələbələrin
istiqamətləndirilməsi heç bir halda mümkün deyil. Çünki
tələbələr xarici ölkələrin ali məktəblərinə qəbul
olunduqdan sonra Dövlət Proqramına müraciət edirlər.
Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiya
tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin
ali təhsil müəssisələrində "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində artıq 94 tələbəyə müsbət
rəy verilib. Onlar təhsillərini Böyük Britaniya (45
nəfər), ABŞ (7 nəfər), Türkiyə (10 nəfər), Kanada (9
nəfər), İsveçrə (8 nəfər), Avstraliya (3 nəfər), Belçika
(1 nəfər), Niderland (3 nəfər), Litva (2 nəfər), Fransa
(1 nəfər), Avstriya (1 nəfər), İsveç (1 nəfər), İspaniya
(1 nəfər) və Almaniyada (2 nəfər) bakalavriat (34
nəfər), magistratura (49 nəfər), rezidentura (8 nəfər)
və doktorantura (3 nəfər) səviyyələrində davam
etdirəcəklər.
Bəzi hallarda tələbələrin hansı ölkənin ali məktəblərini
seçməsi məsələsi ətrafında yersiz və qərəzli münasibət
nümayiş etdirilir. 2013-2014-cü tədris ili üçün Dövlət
Proqramına sənəd qəbulu başa çatmadan və bütün
namizədlərin müraciətləri dəyərləndirilmədən hansısa
ölkənin universitetlərinə təqaüdlərin verilməməsi kimi
əsassız fikirlərin səsləndirilməsi yalnız bu Proqramın
həyata keçirilməsi prosesinə ləkə vurmaq cəhdi kimi
qiymətləndirilə bilər. Bəzən mətbuata təqdim olunmuş
məlumatları təhrif edərək ictimaiyyəti yanıltmaq
cəhdləri isə təhsilin inkişafına töhfə vermək niyyətində
olduqlarını iddia edənlər üçün heç də təqdirəlayiq addım
deyil.
- Dövlət Proqramına sənəd qəbulu nə vaxt başa çatır və
neçə nəfər qeydiyyatdan keçib?
- Təhsil Nazirliyi Azərbaycan Prezidenti yanında Təhsil
üzrə Komissiyanın 15 may 2013-cü il tarixli 48 saylı
sərəncamına uyğun olaraq Dövlət Proqramı çərçivəsində
2013-2014-cü tədris ili üçün mayın 22-dən sənəd qəbulunu
həyata keçirir. Elektron qeydiyyat avqustun 15-dək davam
edəcək. Qeyd edim ki, avqustun 2-nə qədər 828 nəfər
elektron ərizə dolduraraq Dövlət Proqramına qeydiyyatdan
keçib. Sənədləri qaydasında olmadığı üçün qəbul
olunmayan 80 nəfər sənədlərini qaydaya saldıqdan sonra
avqustun 15-dək yenidən Təhsil Nazirliyinə müraciət edə
bilər. Artıq 374 namizədlə müsahibə aparılıb və onlardan
93-ü müsbət rəy ala bilməyib. Sənədləri qəbul olunmuş
namizədlərlə müsahibələr davam etməkdədir. |