Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də
Oğuz rayonuna səfəri çərçivəsində 2 nömrəli körpələr
evi-uşaq bağçasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi
açılışını bildirən lenti kəsdi.
Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına
cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli
qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin
yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi
formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin
başlıca prinsiplərindəndir. Heydər Əliyev Fondu da həmin
istiqamətdə vacib layihələr həyata keçirir. Bu
istiqamətdə müvafiq dövlət proqramlarının qəbul edilməsi
və həyata keçirilməsi davamlı xarakter daşıyır. Bakıda
və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə
mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı
şəkildə yenidən qurulur. Respublikamızın bütün
bölgələrində olduğu kimi, Oğuz şəhərində də yeni inşa
olunan uşaq bağçası bu sahədə aparılan islahatların
növbəti əyani nümunəsidir.
Dövlətimizin başçısına məlumat verildi ki, burada
genişmiqyaslı tikinti-abadlıq işləri aparılmış,
uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi
şərait yaradılmışdır. Binanın foyesi və otaqlarında
ümummilli lider Heydər Əliyevin, Prezident İlham
Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın uşaqlara qayğısını əks etdirən fotolara
geniş yer verilmişdir. Körpələr evi-uşaq bağçasının
ərazisində əyləncə qurğuları quraşdırılıb və müxtəlif
guşələr yaradılmışdır. Müasirliyi ilə seçilən yeni uşaq
bağçasının binası sürətlə inkişaf edən Oğuz şəhərinə
əlavə yaraşıq verir.
Azərbaycan
Prezidentinə məlumat verildi ki, körpələr evi-uşaq
bağçasının binasının inşasına 2012-ci ildə
başlanılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 1510
kvadratmetrdir. Körpələr evi-uşaq bağçasında 26 nəfərin
daimi işlə təmin olunması nəzərdə tutulmuşdur. Burada
uşaqların mənalı istirahəti, onların dünyagörüşünün və
hazırlıq səviyyələrinin artırılması üçün hər cür şərait
yaradılmışdır. Uşaqların istirahət otaqlarında müxtəlif
nağıl və cizgi filmlərinin əsas səhnələrinin böyük
fotoları yer almışdır.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında
yaradılan şəraitdən razılığını bildirdi.
AzərTAc |