Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ)
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB)
təşkilatçılığı ilə "Azərbaycanın 10 il dinamik inkişafı"
mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransı institutun məzunu,
RAGB-ın əlaqələndiricisi Natiq Əliyev açaraq
Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlərdən
danışmışdır.
MDBƏİ-nin Postsovet Tədqiqatı Mərkəzinin direktoru,
tarix elmləri doktoru Stanislav Çernyavski müəllifi
olduğu "Azərbaycan: 10 il (2003-2013)" adlı kitabını
təqdim edərək demişdir: "Azərbaycan öyrənilmək üçün hər
zaman maraqlı ölkədir. Bu ölkə Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə dəyişməyə başladı. Müasir
mərhələdə isə biz bütün sahələrdə uğurlu inkişafın
şahidi oluruq. Azərbaycanın inkişafının və
çiçəklənməsinin sirri dövlət başçısı İlham Əliyevin
bütün sahələrdə həyata keçirdiyi sistemli siyasətdir".
Daha sonra konfransda Moskva və Rusiyanın digər
regionlarından olan azərbaycanlı gənclər çıxış edərək
doğma Vətənin uğurlarından və dinamik inkişafından qürur
duyduqlarını dilə gətirmişlər.
Tədbirin sonunda Azərbaycanın son dövrlərdəki
yüksəlişini əks etdirən videoçarx nümayiş olunmuşdur. |