Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 oktyabr tarixli Sərəncamı
ilə təsdiq edilmişdir
1. Məzmun
Son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində
ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi
rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma
enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr
sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və
genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi
həyatın yenidən qurulması və davamlı inkişafı üçün
şərait yaratmışdır.
Ölkə qarşısında duran növbəti strateji vəzifə
sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və
qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə
davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin
həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların
və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında
yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi
həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün
prioritet istiqamət ölkə iqtisadiyyatının dünya
iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə
yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir
bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir.
İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə
uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən
daha effektli faydalanması prosesində ən mühüm
şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca
vəzifəsini təşkil edir.
Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun
olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi
məqsədi ilə təhsil sisteminin institusional əsasları,
infrastrukturu və insan resursları inkişaf
etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin
rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha
yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil
insanlara texnologiyaları çevik mənimsəmək, əmək
bazarında layiqli yer tutmaq və ömür boyu təhsil
prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə
münasibətdə düzgün mövqe seçmək imkanı verir.
Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin
rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların
iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil
prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin
etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın
cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait
yaradır, onu biliyi və etik davranışı sayəsində örnək
ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa
çevirir.
Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm
addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası
təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində
Azərbaycan Respublikası Prezidentinin sərəncamları
əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həmin
məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın
məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində
əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil
müəssisələrində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə
genişlənmişdir.
Qeyd olunanlarla yanaşı, sürətlə modernləşən Azərbaycan
Respublikasında təhsil sisteminin insan kapitalının
inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni
addımların atılmasına və ümumi təhsilin keyfiyyət
göstəricilərinin Avropa standartlarına
uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin
keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə
sisteminin yenidən qurulması, bu sahədə insan
resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin
nüfuzunun artırılması zəruridir.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası" (bundan sonra - Strategiya)
Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və
əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı
mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə,
qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik
təhsil sisteminin yaradılması üçün beş strateji
istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.
Birinci strateji istiqamət səriştəyə əsaslanan
şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına
yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk
peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün
pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi
əhatə edir.
İkinci strateji istiqamət təhsil sahəsində insan
resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu
istiqamət innovativ təlim metodlarını tətbiq edən,
təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən
səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir
və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi,
təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə
yeni sistemlərin qurulmasını, təhsilalanların
istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə
xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim
metodologiyasının yaradılmasını ehtiva edir.
Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə
cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin
yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil
sistemində tənzimləmə və idarəetmənin qabaqcıl
beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil
müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə
modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə
olunması üzrə yeni məlumat və hesabat sistemlərinin
yaradılması kimi hədəfləri əhatə edir.
Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və
ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun
yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil
müəssisələrində informasiya-kommunikasiya
texnologiyaları əsaslı təlim metodologiyasına uyğun
infrastrukturun yaradılması, təhsil müəssisələri
şəbəkəsinin rasionallaşdırılması, distant təhsil,
istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün
təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və
təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən
regional universal mərkəzlərin, müasir təminatlı
peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması,
kampusların yaradılması kimi tədbirləri ehtiva edir.
Beşinci strateji istiqamət Azərbaycan Respublikasında
iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil
sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun
təhsil sisteminin maliyyələşdirilməsi modelinin
qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif
mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə
mexanizminin təkmilləşdirilməsini, təhsil
müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi,
ödənişli təhsil xidmətlərinin göstərilməsinin
dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun
yaradılmasını nəzərdə tutur.
2. Təhsil sahəsində beynəlxalq təcrübə və meyillər
Təhsilin sosial-iqtisadi rolu. Yüksək təhsil səviyyəsinə
malik peşəkar kadrlar ölkənin intellektual potensialının
əsasıdır. Müasir dövrdə ölkələrin uğurlu və davamlı
iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü
inkişafı hesabına əldə edilmişdir. Bütün bunlar təhsilin
dövlət xərclərində prioritetliyini getdikcə
artırmaqdadır. Dövlətin təhsil xərcləri cəmiyyət üçün
yüksək iqtisadi gəlirliyə malikdir.
Müasir dövrdə təhsilin iqtisadi həyatda rolu əhəmiyyətli
dərəcədə artmışdır. Hazırda təhsil iqtisadiyyatda tələb
olunan bilik və bacarıqların aşılanması ilə bərabər,
vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına
hərtərəfli hazırlığı kimi vəzifələri yerinə
yetirməlidir. İnsanın ömür boyu təhsil almaq tələbatının
ödənilməsi isə təhsilin iqtisadi həyatda rolunu
yüksəldən amillərdən ən mühümüdür.
Eyni zamanda, sürətli texnoloji tərəqqi bilik və
bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə
yeni və daha münasib ixtisasa yiyələnməyə və səriştənin
inkişafına tələbatı artırır.
Təhsilin keyfiyyəti və əhatəliliyi.
Orta gəlirli ölkələr arasında rəqabətin güclənməsi,
sürətli texnoloji irəliləyiş nəticəsində ixtisas
profillərinin tez-tez dəyişməsi təhsilin keyfiyyətinə
tələbi daha da artırmışdır. Digər tərəfdən, yalnız
təhsilə cəlb etmə səviyyəsinin artırılması və təhsil
infrastrukturunun genişləndirilməsi insanların bilik və
bacarıqlarının yüksəlməsinə tam təminat vermir. Təhsil
infrastrukturu zəruri amil olsa da, bilik və bacarıqlar
təhsil müəssisələrinin sayı və təhsilin müddəti ilə
deyil, öyrənmə prosesinin keyfiyyəti ilə əldə olunur.
Son dövrlərdə bir sıra ölkələr tərəfindən təhsilin
inkişafı məqsədi ilə təhsil infrastrukturuna, həmin
infrastrukturun yeni avadanlıqlarla təchizatına xeyli
vəsait xərclənsə də, həmin ölkələrdə təhsilin
nəticələrində müsbət irəliləyiş əldə edilməmişdir. Ümumi
təhsil pilləsini bitirməsinə baxmayaraq, hesab, oxu və
yazı vərdişlərinə malik olmayan çoxlu sayda insanlar
vardır. Həmin səbəblərdən təhsilin keyfiyyətinin
təminatı başlıca strateji prioritetə çevrilməlidir.
Təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni
tələblər təhsil sistemi anlayışına baxışı da
yeniləmişdir. Müasir təhsil sistemi formal (dövlət
təhsil sənədinin verilməsi ilə başa çatan) təhsil
forması ilə yanaşı informal (özünütəhsil yolu ilə
biliklərə yiyələnmə) və qeyri-formal (müxtəlif
kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən
və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət
olunmayan) təhsil formalarını da nəzərdə tutmuşdur.
Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə
edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən
inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər
təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer
tutur.
Bir çox qabaqcıl ölkələrdə təhsil müddətinin tədricən
artırılması istiqamətində addımlar atılır. Kanada,
Fransa, Hollandiya və Çexiyada ümumi təhsilin müddəti 14
il, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni
Zelandiyada 13 il, ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa
və bir sıra digər ölkələrdə isə 12 il təşkil edir. Ümumi
təhsil müddəti az sayda ölkədə on bir il təşkil edir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına
görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə
təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili
Məhsulun 3-6 faiz artımına gətirib çıxarır.
Təhsilin məzmunu.
Beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca
meyillərdən biri təhsil kurikulumlarının ölkənin
sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə
sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumlar
iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və
bacarıqları, səriştəni aşılayan məzmuna malik olmalıdır.
İqtisadi uğurlar əldə etmiş ölkələrdə biliklərə
əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi
siyasətin prioriteti olduğundan, kurikulumlarda
innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif
sosial fəaliyyətə təşviq olunması və onların tədris
bacarıqlarının inkişafı xüsusi vurğulanır.
Son 30-40 il ərzindəki elmi-texnoloji tərəqqi,
innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik
və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter
daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir.
Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik
biliklərlə yanaşı, praktik bilik və bacarıqların,
səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş
bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və
səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin
qazandığı bilik və bacarıqların konkret fəaliyyətin
nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan
təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət
göstərir.
Kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi
yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir ki, bu
da müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb
edir. Burada ümumi təhsil pilləsində şəxsiyyətin
hərtərəfli formalaşdırılması prioritet olduğu halda, ali
təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas
götürülür. Ali təhsil kurikulumunun daimi inkişafı əmək
bazarı subyektlərinin tələblərinin sistematik
öyrənilməsini vacib edir. Bu proses əmək bazarında iş
təklif edən, istər dövlət, istərsə də qeyri-dövlət
sektorunda fəaliyyət göstərən bütün subyektləri ali
təhsil prosesində başlıca maraqlı tərəfə çevirmişdir.
Müəllim və tədris metodikaları.
Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı,
nailiyyətlərinin monitorinqi prosesində həlledici rol
oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi
formalaşmasına müəllimin təsiri müəllimin akademik
bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq
səviyyəsindən xeyli asılıdır. Müəllimin bu keyfiyyətləri
ilə təhsilalanların nailiyyətləri arasında sıx
korrelyasiya mövcuddur.
Bilik və bacarıqlarını davamlı artıran müəllimlər
təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər.
Peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı
sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində
idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə
infrastrukturun zəif olması müəllim amilinə təsir edən
amillər sırasındadır. Bu baxımdan təhsil islahatı uğurla
aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün
stimulların yaradılmasına və müəllim hazırlığının
təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş
ölkələrin təcrübəsi göstərir ki,
informasiya-kommunikasiya texnologiyalarına əsaslanan,
yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi
xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv
təlim metodları daha yüksək nəticələr verir. Həmin
məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının
yaradılması və müəllimlərin səriştəsinin artırılması
təhsil siyasətində mühüm yer tutur.
İdarəetmə.
Təhsil sahəsində idarəetmə islahatlarının başlıca
istiqamətlərini təhsil prosesinin iştirakçıları arasında
münasibətlər sisteminin, eləcə də tənzimləmə
orqanlarının funksiyaları, səlahiyyətləri və
cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil
müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin
nəticələrinə görə cavabdehliyinin artırılması,
fəaliyyətin monitorinqi və qiymətləndirilməsi, təhsilin
keyfiyyətini ölçən göstəricilər sisteminin
təkmilləşdirilməsi, təhsilin maliyyələşdirilməsinin onun
keyfiyyətinə yönəldilməsi, adambaşına maliyyələşdirmə
mexanizminin tətbiqi və bu zəmində stimullaşdırıcı
mexanizmlərin gücləndirilməsi, habelə maliyyələşmə
mənbələrinin yetərliyinin təmin edilməsi təşkil edir.
İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki,
təhsildə idarəetmənin ictimailəşməsi prosesi
sürətlənməkdədir. Təhsil strategiyasının uğurla həyata
keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı
yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin
edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk
növbədə, bütün növ təhsil müəssisələrinin
müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə
və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb
etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü
menecmentin və digər müasir idarəetmə texnologiyalarının
prosesə tətbiqini tələb edir.
Qloballaşma prosesləri müxtəlif dövlətlərin təhsil
sistemlərinin inteqrasiyasını şərtləndirir. Hədəflər
kimi Avropa Şurası tərəfindən tövsiyə edilmiş
kompetensiyalar qrupu əsas götürülür. Artan tələbə -
müəllim mübadiləsi nəzərə alınaraq, təhsil
standartlarının unifikasiyası məqsədi daşıyan Bolonya
prosesi sürətlənir. Ali təhsildə özəl sektorun rolu
tədricən güclənir, dövlət maliyyələşdirilməsi özəl
sektorun maliyyəsi ilə əvəzlənir. Dövlət
maliyyələşdirməsinin həcmi Almaniya, Avstriya və
İtaliyada 90 faiz olduğu halda ABŞ, Avstraliya, Yaponiya
və Kanadada cəmi 50-70 faiz təşkil edir.
3. Azərbaycan Respublikasında təhsilin vəziyyəti
Son illər ərzində Azərbaycan Respublikasında təhsilin
inkişafı istiqamətində mühüm nailiyyətlər əldə
edilmişdir. Həyata keçirilən dövlət proqramları
çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin
infrastrukturu əhəmiyyətli şəkildə yenilənmişdir. Ölkədə
təhsilin müasir tələblərə cavab verən normativ hüquqi
bazası yaradılmışdır. Ali təhsildə Bolonya
Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin
tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və
elmi-metodiki təminatı, təhsil infrastrukturunun
yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması,
ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı,
məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir
tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət
proqramları qəbul edilmiş, layihələr həyata
keçirilmişdir.
Aparılan dövlət siyasətinə uyğun olaraq təhsilə ayrılan
dövlət xərcləri yalnız son beş ildə 1,3 dəfə artmışdır.
Bununla yanaşı, Azərbaycanda insan kapitalının inkişafı
üzrə yeni uzunmüddətli çağırışlar təhsil sahəsinin
maliyyələşdirilməsində mühüm tədbirlərin həyata
keçirilməsini zəruri edir.
Təhsilin keyfiyyəti və əhatəliliyi.
Birləşmiş Millətlər Təşkilatının 2010-cu il üzrə İnsan
İnkişafı Hesabatına əsasən, 2005-ci illə müqayisədə
Azərbaycan 34 pillə irəliləyərək 169 ölkə arasında
101-ci yerdən 67-ci yerə yüksəlmiş, "orta insan
inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna
daxil olmuşdur. Azərbaycan iqtisadi inkişaf tempini
sürətləndirərək yoxsulluğun azaldılması və orta ömür
uzunluğu göstəricisinin artması baxımından böyük
nailiyyətlər əldə etmişdir.
Bununla yanaşı, aparıcı beynəlxalq təşkilatların
statistik təhlilləri Azərbaycan təhsilinin beynəlxalq
rəqabətə davamlılıq göstəricilərinin və Azərbaycan
Respublikasının ərazisində yerləşən ali təhsil
müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin
zəruri olduğunu göstərir.
Ümumi təhsil müəssisələrinin şagird və məzunlarının
keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual
məsələlərdəndir.
Ali və ümumi təhsil üzrə dərsliklərin elmi və metodiki
baxımdan təkmilləşdirilməsinə ehtiyac vardır.
Ali təhsil müəssisələri məzunlarının tərkibi
iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır.
Azərbaycanın ali təhsil müəssisələri tələbələrinin
yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə
təhsil alır. 25-34 yaş arasında olan ali təhsilli
mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənmişdir.
Özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı
problemi yaranmışdır. Ən böyük kadr çatışmazlığı xidmət
sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə
olunur.
Hər 100000 nəfərə düşən ali məktəb tələbələrinin sayına
görə Azərbaycan Respublikası üzrə göstəricilər
əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və
regionlar arasında xüsusən ali təhsilə çıxış imkanları
genişləndirilməlidir.
Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin
infrastrukturunun inkişafı sahəsində işlər görülmüş,
özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla
əməkdaşlıq əlaqələri qurulmuşdur. Qeyd olunanlara
baxmayaraq, bu sahədə həlli vacib olan ciddi problemlər
hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili
müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın
tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil
müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk
peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə
həmin pillədə təhsilalanların cəmi 25-27 min nəfər
təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın
aşağı olduğunu göstərir.
Məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi də aşağıdır.
Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi
şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz
təşkil edir. Son illərdə Bakı şəhərində yeni
məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı
təmiri istiqamətində atılan addımlar nəticəsində
məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə
çatsa da, bu sahədə həllini gözləyən problemlər
qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin 75 faizində
məktəbəqədər təhsil müəssisəsi yoxdur.
Təhsilin məzmunu.
Ümumi təhsilin dövlət standartları və proqramları
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq təsdiq edilmişdir. Həmin istiqamətdə yeni
fənn kurikulumları və dərsliklər ümumi təhsilin I-VI
siniflərində tətbiq edilir, VII-XI siniflərində isə
həmin məqsədlə işlər davam etdirilir. Məktəbəqədər
təhsil üzrə yeni kurikulumun tətbiqinin
sürətləndirilməsi zəruridir.
İlk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları
müasir tələblərə cavab vermir. Müəllim hazırlığı üzrə
yeni kurikulumlar tətbiq edilsə də, ümumilikdə ali
təhsil müəssisələrinin kurikulumları əmək bazarında işçi
səriştəsinə olan tələblərlə uyğun gəlmir. Ali təhsil
pilləsində kurikulumların inkişafı iqtisadiyyatın
inkişaf dinamikasından geri qalır.
Müəllim və tədris metodikaları.
Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə
rəqabətli olmayan əmək haqqı sistemi və maddi
stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə
müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir.
Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik,
bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə
uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı
mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə
müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır.
Son illərdə müəllimlərin əlavə təhsili sahəsində
modul-kredit sisteminə əsaslanan, rəqabət mühiti
yaradan, stimullaşdırma və karyera inkişafını nəzərə
alan yeni modelin tətbiqinə başlanmış, fəal interaktiv
təlim texnologiyaları təcrübədən keçirilmişdir. Bununla
yanaşı, əksər müəllimlərin tədris prosesində tətbiq
etdiyi metodlar müasir tələblərdən geri qalır. Bir çox
hallarda təhsilalanlara əldə etdiyi bilikləri tətbiq
etmə və müstəqil yaradıcı düşünmə qabiliyyətləri
aşılanmır.
İdarəetmə.
Təhsilin idarə olunmasında başlıca problemlərdən biri
təhsildə tənzimləmə, idarəetmə və nəzarət
funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil
sistemini idarə edən orqanların səlahiyyətlərinin,
funksiyalarının və məsuliyyətinin dəqiq müəyyənləşməsi,
idarəetmə prosesində şəffaflığın və maraqlı tərəflərin
iştirakının təmin edilməsi zəruridir.
Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.
Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən
təhsil müəssisələri istisna olmaqla, dövlət təhsil
müəssisələri maliyyə müstəqilliyinə malik deyildir.
Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi
tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır.
Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi
təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə
yönəlməmişdir.
Təhsilin effektiv idarə olunması məqsədi ilə informasiya
sistemi yaradılsa da, onun inkişafına ehtiyac duyulur.
Təhsilin yüksək keyfiyyətini təmin etmək üçün təhsil
sahəsində monitorinq, keyfiyyət və fəaliyyət
göstəriciləri sistemi inkişaf etdirilməlidir.
Təhsil və kadr hazırlığı prosesinə, həmçinin təhsilin
məzmununun təkmilləşdirilməsinə işəgötürənlərin cəlb
olunması çox aşağı səviyyədədir. İşəgötürənlər kadr
hazırlığı prosesində iştirak etmək, hazırlanan kadra
dair şərtlər irəli sürmək imkanına malik olmalı və buna
müvafiq olaraq cavabdehliyini dərk etməlidir.
Təhsilin maliyyələşdirilməsi mexanizmi
təkmilləşdirilməli və təhsil sistemində rəqabət
mühitinin inkişafını dəstəkləməlidir. Bunun üçün
təhsilin bütün pillələrində adambaşına maliyyələşdirmə
prinsipinin tətbiqi, səriştəyə və fəaliyyətin
nəticələrinə əsaslanan əməyin ödənişi sisteminin
yaradılması, maliyyələşdirmənin tədrisin keyfiyyət
nəticələrinə görə müəyyən edilməsi məqsədəuyğundur.
İnfrastruktur.
Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil
təyinatlı yeni binalar inşa edilmiş, ümumi təhsil
müəssisələrinin binaları əsaslı təmir olunmuşdur.
Təhsildə informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi genişlənmiş, bütövlükdə təhsilin infrastrukturu
müasirləşmişdir. Bununla yanaşı, təhlillər göstərir ki,
tədris prosesində müasir texnologiyalar məhdud miqyasda
tətbiq edilir, bəzi hallarda isə yaradılan sistemlərdən
az istifadə olunur.
Azərbaycan Respublikasında ümumi təhsilin V-XI sinifləri
üzrə şagird-kompyuter nisbəti 2012-ci ildə 20:1 təşkil
etmiş, təhsil müəssisələrinin yalnız 37 faizi internet
bağlantısı ilə təmin olunmuşdur. Təhsil müəssisələrində
internetə çıxış imkanları genişləndirilməklə, təhsildə
informasiya-kommunikasiya texnologiyalarının səmərəli
tətbiqi inkişaf etdirilməlidir.
Qlobal iqtisadi inkişafın tələblərinə uyğun şəkildə
beynəlxalq təcrübədən istifadə təhsil prosesində müasir
informasiya texnologiyalarının sürətli tətbiqini zəruri
edir. Bu sahədə mövcud problemlərdən biri Azərbaycan
dilində müvafiq tətbiqi kontentin olmamasıdır.
Ümumi təhsil müəssisələri şəbəkəsinin
rasionallaşdırılması, regionlarda təhsilin bütün
pillələri üzrə, o cümlədən ali təhsil pilləsini əhatə
edən yeni təhsil ocaqlarının yaradılması və inklüziv
təhsilin tətbiqi kimi tədbirlərin həyata keçirilməsi
Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına
xidmət edəcəkdir.
4. Təhsil sisteminin başlıca vəzifələri
Təhsil sisteminin başlıca vəzifələri aşağıdakılardır:
- ölkənin modernləşməsi üçün zəruri olan insan
kapitalını inkişaf etdirmək və bununla Azərbaycan
Respublikasının beynəlxalq rəqabət qabiliyyətini
yüksəltmək;
- məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və
xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına
hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan,
müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət
yetişdirmək;
- milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və
inkişaf etdirən, geniş dünyagörüşünə malik olan,
təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran,
nəzəri və praktiki biliklərə yiyələnən, müasir
təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;
- sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin
mənimsənilməsini və əlavə təhsili təmin etmək,
təhsilalanları ictimai həyata və səmərəli əmək
fəaliyyətinə hazırlamaq.
5. Strategiyanın məqsədi
Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə,
ən yeni texnologiyalara əsaslanan infrastruktura malik,
keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya
ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini
yaratmaqdır. Azərbaycanın təhsil sistemi iqtisadi
cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil
sistemlərinin standartlarına uyğun olmalıdır.
Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr
hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil
infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və
Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən
qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan
iqtisadiyyatın bərqərar olmasını, informasiya
cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını
təmin edəcəkdir.
6. Strateji istiqamətlər
1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun
yaradılması.
2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan
innovativ təlim metodları və texnologiyaları vasitəsilə
təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən
yüksək nüfuzlu təhsilverənin formalaşdırılması.
3. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli
tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai
xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan
təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması.
4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili
təmin edən təhsil infrastrukturunun yaradılması.
5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə
olunmaqla yeni maliyyələşdirmə mexanizminin
yaradılması.
7. Strateji hədəflər və tədbirlər
1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun
yaradılması.
1.1. Uşaqların erkən yaş dövründə inkişafının səmərəli
təhsil modelinə əsaslanan standart və kurikulumlarının
hazırlanması:
1.1.1. məktəbəqədər yaşlı uşaqların fiziki və əqli
inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq
qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və
bacarıqları, davranış qaydalarını aşılayan təhsil
standartlarının və yeni kurikulumların hazırlanması;
1.1.2. uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji
fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin
sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi
üçün "Səriştəli valideynlər" proqramının hazırlanması;
1.2. səriştə əsaslı ümumi təhsil standartları və
kurikulumlarının hazırlanması:
1.2.1. 12 illik ümumi təhsilə keçidin təmin olunması
üçün mövcud təhsil standart və kurikulumlarının
yenilənməsi, tam orta təhsil pilləsində təlimin
istiqamətlər üzrə bölünməsi;
1.2.2. kurikuluma əsaslanan yeni dərsliklərin
yaradılması, şagird və müəllimlərin müvafiq dərslik
seçiminin təmin olunması;
1.2.3. istedadlı uşaqlar üçün xüsusi inkişaf
proqramlarının hazırlanması;
1.2.4. xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf
və inklüziv təlim proqramlarının hazırlanması;
1.3. cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk
peşə-ixtisas və orta ixtisas təhsili standartları və
kurikulumlarının hazırlanması;
1.4. ali təhsil müəssisələrinin
təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə
dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis
hazırlığını təmin edən ali təhsil standartlarının
tətbiqi:
1.4.1. cəmiyyətin və iqtisadiyyatın tələbatlarına uyğun
olaraq hər bir ixtisas üzrə müasir standartların
hazırlanması;
1.4.2. qabaqcıl beynəlxalq təcrübə əsasında pedaqoji,
mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığı üzrə
müasir kurikulumların hazırlanması;
1.4.3. ali təhsil müəssisələrinə təhsilin məzmununun
tətbiqi müstəqilliyinin verilməsi;
1.4.4. ali təhsilin səviyyələri arasında əlaqələrin və
varisliyin gücləndirilməsi, doktorantura səviyyəsi üçün
elmi tədqiqatlar sahəsində yüksək hazırlığı və
elmi-pedaqoji fəaliyyət üzrə mükəmməl səriştəyə
yiyələnməni təmin edən müasir standartların
hazırlanması.
2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan
innovativ təlim metodları və texnologiyaları vasitəsilə
təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən
yüksək nüfuzlu təhsilverənin formalaşdırılması.
2.1. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim
yüksəlməsini təmin edən yeni sistemin yaradılması:
2.1.1. təhsilverənlər üçün təhsilin bütün pillələrində
təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına
yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan
innovativ təlim metodologiyasının və müvafiq resursların
hazırlanmasının təmin edilməsi;
2.1.2. təhsilverənlərin əlavə təhsili üzrə strukturların
yaradılmasının stimullaşdırılması;
2.1.3. müəllimlərin təhsil müəssisəsi səviyyəsində,
tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması
üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi;
2.1.4. pedaqoji heyət üçün yeni modul-kredit və
rəqabətəsaslı təlimlər sisteminin yaradılması;
2.2. təfəkkürün və şəxsiyyətin inkişafına yönəlmiş,
təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan
innovativ təlim, qiymətləndirmə metodologiyası və
resurslarının inkişafı:
2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya
texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun
metodiki vəsaitlərin, didaktik materialların və təlim
vasitələrinin hazırlanmasını stimullaşdıran yeni
mexanizmlərin yaradılması;
2.2.2. təhsilalanların nailiyyətlərinin
qiymətləndirilməsinin qabaqcıl beynəlxalq təcrübəyə
uyğunlaşdırılması;
2.3. müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət
siyasətinin inkişafı:
2.3.1. səriştə və nəticə əsaslı diferensiallaşdırılmış,
əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin
yaradılması;
2.3.2. müəllimin karyera inkişafı və fəaliyyətinin
stimullaşdırılması üzrə yeni sistemin yaradılması;
2.3.3. müəllim hazırlığı sistemində internatura
modelinin tətbiq edilməsi;
2.4. şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları
baxımından istedadın erkən yaşdan aşkar olunması,
inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması:
2.4.1. istedadın aşkar edilməsi üzrə qabaqcıl beynəlxalq
təcrübəyə uyğun diaqnostik metodikaların, psixometrik
vasitələrin hazırlanması və bütün təhsil müəssisələrində
tətbiqinin təmin edilməsi;
2.4.2. hər bir xüsusi istedadlı təhsilalan üçün fərdi
təhsil və inkişaf proqramlarının müəyyənləşdirilməsi,
onların fərdi plan əsasında tədris prosesi və
kurikulumdankənar məşğuliyyətinin təşkili
mexanizmlərinin yaradılması;
2.5. xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və
təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv
təlim metodologiyasının yaradılması:
2.5.1. xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və
sosial adaptasiyası üçün imkanların təmin edilməsi
məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq
edilməsi;
2.5.2. məktəbəqədər və ümumi təhsil müəssisələri
təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə
təhsilinin təmin edilməsi.
3. Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli
tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai
xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan
idarəetmə sisteminin formalaşdırılması.
3.1. Təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil
sektorunun idarə edilməsinin qabaqcıl beynəlxalq təcrübə
əsasında yenidən qurulması:
3.1.1. tənzimləmə və idarəetmə funksiyalarını həyata
keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət
dairəsinin beynəlxalq təcrübəyə uyğun yenidən
müəyyənləşdirilməsi;
3.1.2. təhsil pillələri və səviyyələrinin beynəlxalq
təcrübəyə uyğunlaşdırılması:
3.1.2.1. məktəbə hazırlıq təhsilinin (1 il)
icbariliyinin təmin olunması;
3.1.2.2. erkən yaşlı uşaqların məktəbəqədər təhsillə
əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması;
3.1.2.3. 10 illik icbari ümumi orta təhsil və 2 illik
tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin
etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması;
3.1.2.4. tam orta təhsil səviyyəsində təhsil
müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi;
3.1.2.5. təhsil müəssisələrinin infrastrukturuna dair
norma, standart və qaydaların təkmilləşdirilməsi;
3.1.3. beynəlxalq təcrübə əsasında təhsil
müəssisələrinin akkreditasiyası sisteminin yaradılması;
3.1.4. təhsil sahəsində dövlət-biznes partnyorluğu
sisteminin yaradılması;
3.1.5. təhsil sistemində dövlət sifarişinin
formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi,
iqtisadi və sosial inkişafının real tələbatına
əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr
hazırlığının təmin edilməsi;
3.1.6. ali və orta ixtisas təhsili müəssisələrinə qəbul
və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət
və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə
qəbul planının ləğv edilməsi və dövlət sifarişinin
yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi;
3.2. təhsil müəssisələrində nəticəyönlü və şəffaf
idarəetmə modelinin yaradılması:
3.2.1. təhsil müəssisələrinə idarəetmə, akademik,
maliyyə və təşkilati muxtariyyət verilməsi;
3.2.2. təhsil müəssisələrində strateji idarəetmənin
tətbiqi mexanizmlərinin yaradılması;
3.2.3. maraqlı tərəflərin nümayəndələrinin iştirakı
təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai
xarakterdə (Valideyn-Müəllim Assosiasiyası, İdarəedici
Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin
edilməsi;
3.3. təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin
yaradılması:
3.3.1. qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin
pillələri və səviyyələri üzrə keyfiyyət standartları və
göstəricilərinin hazırlanması;
3.3.2. ömür boyu təhsil üzrə Milli Kvalifikasiya
Çərçivəsinin yaradılması və tətbiqi;
3.3.3. beynəlxalq təhsil proqramlarının tanınması və
təhsil müəssisələrində dövlət təhsil proqramları ilə
yanaşı ödənişli əsaslarla tətbiqi;
3.3.4. təhsil müəssisələrinin reytinq sisteminin
yaradılması;
3.3.5. qabaqcıl beynəlxalq təcrübə əsasında məktəbəqədər
və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin
müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma)
sisteminin yaradılması;
3.3.6. keyfiyyətin yaxşılaşdırılması üçün stimullaşdırma
mexanizmlərinin, təhsil sistemində innovativ fəaliyyəti
stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi;
3.3.7. təhsil proqramları, tədris resursları, təlim
metodikaları, təhsilverənlər, təhsil müəssisələri
arasında sağlam rəqabətin stimullaşdırılması, rəqabət
elementlərinin müəyyənləşdirilməsi və tətbiq edilməsi;
3.4. təhsilin idarə olunmasının məlumat sistemləri və
yeni hesabatvermə modelinin yaradılması:
3.4.1. bütün təhsil pillələri üzrə Təhsilin İdarə
olunmasının Məlumat Sistemləri və "Tələbə-məzun" sistemi
əsasında hesabatvermə, təhlil və proqnozlaşdırma
sisteminin yaradılması və mütəmadi yenilənməsinin təmin
edilməsi;
3.4.2. təhsil müəssisələrində məlumat bazalarının,
məzun-koordinasiya-informasiya sistemlərinin
yaradılması, onların mütəmadi yeniləndirilməsi və
idarəetmə prosesində istifadəsinin təmin edilməsi;
3.4.3. əmək bazarının mütəmadi öyrənilməsi sisteminin
yaradılması;
3.5. qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, təhsil
pillələrinin bütün səviyyələrini əhatə edən yeni
qiymətləndirmə mexanizmlərinin hazırlanması:
3.5.1. təhsil müəssisələrində keyfiyyətin monitorinqi
(xarici və daxili) və qiymətləndirmə mexanizmlərinin
yaradılması;
3.5.2. ümumi təhsilin səviyyələri nəzərə alınmaqla,
şagird nailiyyətlərinin monitorinqi və
qiymətləndirilməsi üzrə sistemin təkmilləşdirilməsi;
3.5.3. ümumi təhsil müəssisələri şagirdlərinin biliyin
qiymətləndirilməsi üzrə beynəlxalq proqramlarda
iştirakının təmin olunması.
4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili
təmin edən təhsil infrastrukturunun yaradılması.
4.1. Təhsil müəssisələrində informasiya-kommunikasiya
texnologiyaları əsaslı təlim metodologiyasının
tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir
təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil
səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə
yüklənmiş kompyuter-planşetlə təmin olunması;
4.2. təhsil müəssisələri şəbəkəsinin
rasionallaşdırılması;
4.3. distant təhsil, istedadlı və xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların
təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət
xidmətləri göstərən regional universal mərkəzlərin
yaradılması;
4.4. müasir təminatlı peşə-tədris mərkəzlərinin və
komplekslərinin yaradılması;
4.5. məktəbəqədər təhsil müəssisələrinin yaradılması,
onların fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin
hazırlanması;
4.6. kampusların yaradılmasının təşviqi;
4.7. ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün
kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal
təhsil resurslarından istifadə imkanlarının
genişləndirilməsi;
4.8. təhsillə bağlı media və internet resurslarının
inkişafının təmin edilməsi.
5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə
olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.
5.1. Təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb
edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi
Daxili Məhsula nisbətinin mərhələlərlə 5-6 faizə
çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və
müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin
yaradılması;
5.2. təhsil müəssisələrini bir təhsilalana düşən xərc
əsasında maliyyələşdirmə mexanizminə keçid;
5.3. dövlət və bələdiyyə təhsil müəssisələrində
özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli
təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi;
5.4. büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan
Təhsilin İnkişafı Fondunun yaradılması;
5.5. təhsil tədqiqatlarının yeni maliyyələşmə
mexanizminin tətbiqi;
5.6. mülkiyyət formasından asılı olmayaraq müvafiq
təhsil qurumları cəlb edilməklə təhsilverənlərin əlavə
təhsilinin dövlət sifarişi əsasında adambaşına
maliyyələşdirilməsi;
5.7. təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə
əsaslanan investisiya xərcləri sisteminin yaradılması;
5.8. ali təhsil müəssisələrində dövlət büdcəsi
vəsaitindən istifadə olunmayaraq məqsədli kapital
fondlarının yaradılmasının stimullaşdırılması;
5.9. aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün
bərabər təhsil imkanlarının yaradılması məqsədi ilə
maddi dəstək sisteminin yaradılması;
5.10. müəllimlərin maddi motivasiyasının
yaxşılaşdırılması, onların illik əmək haqqının
adambaşına düşən Ümumi Daxili Məhsula nisbətinin
mərhələlərlə, səriştə və nəticə əsasında
diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması;
5.11. tam orta təhsildə bir şagirdə düşən illik
xərclərin adambaşına düşən Ümumi Daxili Məhsula
nisbətinin mərhələlərlə 2 dəfəyədək artırılması;
5.12. müasir, informasiya-kommunikasiya
texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o
cümlədən elektron təhsilin yaradılmasına əlavə
vəsaitlərin ayrılması;
5.13. təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri
həyata keçirməklə, regionlar arasında təhsilin
keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda
yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin
təmin olunması;
5.14. təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün
maliyyə mexanizmlərinin, o cümlədən tələbə kreditləri
sisteminin genişləndirilməsi;
5.15. məktəbəqədər və ümumi təhsil müəssisələrində
uşaqlara pulsuz əsasda müvafiq xidmətlərin (dərs və ya
təlim vəsaitləri və s.) göstərilməsi.
8. Strategiyanın həyata keçirilməsi
Strategiyanın uğurlu həyata keçirilməsinin əsas şərtləri
onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün
yaradılması, ictimai dəstək qazanması və reallaşmasını
təmin edən effektiv icra mexanizminin
formalaşdırılmasıdır.
Strategiyanın məqsədi və məzmunu kütləvi informasiya
vasitələri və digər üsullarla əhaliyə, təhsil
müəssisələrinin pedaqoji heyətinə və digər hədəf
qruplarına çatdırılır.
Strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planı
beynəlxalq ekspertlər cəlb olunmaqla hazırlanır və
təhsil sisteminin hazırlığı nəzərə alınaraq,
islahatların məqsədini və strateji istiqamətləri,
seçilmiş prioritetləri, onların reallaşdırılması üçün
qəbul olunmalı dövlət proqramlarını, icraya məsul və
tərəfdaş qurumları, ara və yekun hədəfləri və icra
dövrünü müəyyən edir.
Strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planı
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq
olunur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikasının Prezidentinə Strategiyanın icrasının
gedişi barədə hər il üzrə hesabat təqdim edir. |