Qəbələ rayonunda yeni məktəb binaları inşa edilir.
Rayonun təhsil şöbəsindən AzərTAc-a bildirmişlər ki, bu
günlərdə Qəbələ şəhərində 360, Yengicə kəndində 80 və
Zirik kəndində 220 şagird yerlik yeni məktəb binalarının
tikintisinə başlanılmışdır. Hazırda hər üç binada hörgü
işləri görülür və təhsil ocaqlarının gələn il istifadəyə
verilməsi nəzərdə tutulmuşdur.
Rayonda yeni məktəblərin inşası ilə yanaşı, bütün təhsil
ocaqlarında tədrisin keyfiyyətinin artırılması üçün
maddi-texniki bazanın gücləndirilməsi və kadr
çatışmazlığı probleminin aradan qaldırılması
istiqamətində ardıcıl işlər görülür.
Bu günədək rayonun bütün ümumtəhsil ocaqları kompüterlə
təmin olunmuş, 40 məktəbdə kompüter kabineti
yaradılmışdır. Bundan əlavə, son bir ildə Təhsil
Nazirliyi tərəfindən Qəbələ məktəblərinə 20 gənc müəllim
göndərilmiş və onlar ixtisaslarına uyğun işlə təmin
olunmuşlar. Hazırda rayonun məktəblərində çalışan
pedaqoji işçilərin 77 faizi ali təhsillidir.
Müəllimlərin 71 faizini qadınlar təşkil edir.
Qeyd edək ki, ötən 10 il ərzində Qəbələdə 25 yeni məktəb
binası tikilmiş, 4 məktəb əsaslı təmir olunmuşdur.
Təhsil ocaqlarından 9-u Heydər Əliyev Fondunun
"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi
çərçivəsində tikilmiş, biri isə əsaslı təmir edilmişdir.
|