Təhsil Nazirliyinin sisteminə daxil olan qurumlarla işin
təşkilinin yaxşılaşdırılması, fövqəladə, cinayət və
təhsil müəssisələrinin normal iş ahənginin pozulması
ilə nəticələnən hadisələr haqqında məlumatların
verilməsi, həmçinin qurumlararası fəaliyyətin
əlaqələndirilməsi və zəruri hallarda təxirəsalınmaz
tədbirlərin görülməsini təmin etmək məqsədi ilə "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi haqqında
Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyinin struktur qurumlarının və
strukturuna daxil olmayan tabeliyindəki qurumların
rəhbərləri aşağıda göstərilən xüsusi hallar haqqında
dərhal telefonla, sonradan isə yazılı formada Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə məlumat verilməsini
təmin etsinlər:
- təbii fəlakət, yanğın, digər fövqəladə hadisələr;
- təhsil işçiləri tərəfindən cinayət hadisələrinin
törədilməsi, o cümlədən korrupsiya hüquq pozuntularına
yol verilməsi və ya təhsil müəssisəsində (onun
ərazisində) törədilmiş cinayət hadisələri;
- hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində
əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi, təhsil
müəssisəsinə aid sənədlərin tələb olunması və ya
götürülməsi;
- elektrik, istilik, su və qaz təchizatının
dayandırılması və digər hallar nəticəsində normal
fəaliyyətin pozulması;
- şagird və tələbələrin kütləvi zəhərlənməsi, epidemiya
xarakteri alan xəstəliklər;
- təhsil müəssisəsinin ərazisində təhsilalanların və
təhsil işçilərinin xəsarət alması;
- təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına
cəhdlər;
- inzibati binaya, əsas vəsaitlərə, kitabxana fonduna
ziyan dəyməsi, dövlət nümunəli və sair əhəmiyyətli
sənədlərin, möhür və ştampların itirilməsi və ya
oğurlanması;
- təhsil müəssisəsinin normal fəaliyyətinin pozulmasına
səbəb olmuş hər hansı digər hadisələr.
2. Xüsusi hallar barədə məlumatlar Nazirliyin
İnformasiya şöbəsinə (həftənin iş günləri 9:00-dan
18:00-dək Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti -
146 telefon nömrəsinə, qeyri-iş vaxtları isə (051)
7601270 və ya (050) 3613298 telefon nömrələrinə)
verilsin.
3. Məlumatda hadisənin baş vermə (törədilmə) yeri, vaxtı,
nəticələri, əgər məlumdursa səbəbləri, həmçinin həyata
keçirilən təxirəsalınmaz tədbirlər qeyd edilsin.
4. İnformasiya şöbəsinə (Elnur Əliyevə) tapşırılsın ki:
4.1.daxil olmuş məlumatları qeydiyyata almaqla dərhal
Nazirliyin rəhbərliyinə məruzə edilməsini təmin etsin;
4.2. qeyri-iş saatı daxil olan məlumatların növbəti iş
günündə qeydə alınması təmin olunsun;
4.3. əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və Nazirliyin rəsmi internet səhifəsində
yerləşdirilməsini təmin etsin;
4.4. əmrin Təhsil Nazirliyinin bütün struktur
qurumlarına və strukturuna daxil olmayan tabeliyindəki
qurumlara çatdırılmasını təmin etsin;
4.5. xüsusi hallar barədə məlumatların mütəmadi olaraq
ümumiləşdirilməsini aparsın.
5. Xüsusi hallar barədə məlumatın verilməsinə görə
şəxsən məsuliyyət daşıdıqları Təhsil Nazirliyinin
struktur qurumlarının və strukturuna daxil olmayan
tabeliyindəki qurumların rəhbərlərinin nəzərinə
çatdırılsın.
6. Əmrin icrasına nəzarət Azərbaycan Respublikası təhsil
nazirinin müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
17 dekabr 2013-cü il |