Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

Xaçmaz rayonunun Palıdlı kəndində yeni məktəb binası istifadəyə verilib

 

Dekabrın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xaçmaz rayonunun Palıdlı kəndində inşa edilmiş orta məktəb binası istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndələrinin, rayon ictimaiyyətinin təmsilçilərinin və kənd sakinlərinin iştirak etdikləri açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilmişdir.

Heydər Əliyev Fondunun nümayəndəsi Elmir Bağırov iştirakçılara Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırmış, dövlətimizin təhsilə göstərdiyi qayğıdan söhbət açmışdır. Bildirmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda və onun hüdudlarından kənarda indiyədək 350-dən artıq məktəb binası inşa edilib istifadəyə verilmişdir. O, Heydər Əliyev Fondunun şagirdlərə verdiyi bu gözəl töhfədən yararlanaraq yaxşı oxumağı, Vətənə layiqli vətəndaş kimi yetişməyi tövsiyə etmişdir.

Mərasimdə digər çıxış edənlər də əlamətdar hadisə münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik etmiş, məktəb binasının istifadəyə verilməsini Azərbaycan dövlətinin təhsilin inkişafına göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirmişlər. Natiqlər bu sevinci onlara bəxş edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Qeyd olunmuşdur ki, son illər ölkənin hər bir guşəsində olduğu kimi, Xaçmaz rayonunda da məktəb tikintisi geniş vüsət almışdır. Son 10 ildə rayonda 32 yeni məktəb binası istifadəyə verilmişdir. Hazırda daha 5 məktəb binasının tikinti işləri aparılır.

Binanın açılışını bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar. İkimərtəbəli təhsil ocağında kompüter otağı, fənn kabinetləri, kimya, fizika və biologiya laboratoriyaları, emalatxana, tikiş və dərzi otaqları, bufet, akt zalı, idman zalı, kitabxana yaradılmış, məktəb ən müasir avadanlıqla təmin olunmuşdur. Binanı istilik və elektrik enerjisi ilə təmin etmək üçün burada qazanxana və transformator yarımstansiyası qurulmuşdur.

Binada su, kanalizasiya sistemləri qurulmuş, həyətində futbol meydançası yaradılmışdır. Buradakı bütün tədris avadanlığı da məktəbə Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunmuşdur.

Yeni məktəbdə Palıdlı kəndi ilə yanaşı, ətrafda yerləşən daha 5 kəndin şagirdləri də təhsil alacaqlar. Həmin yaşayış məntəqələrindən şagirdlərin məktəbə rahat gəlmələrini təmin etmək məqsədi ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbə mikroavtobus verilmişdir.

Məktəbin açılışından sonra tədbir iştirakçıları Palıdlı kəndində yerli sakinlər üçün tikilmiş 26 yeni yaşayış evinə də baxış keçirmişlər.

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov