Təhsil Nazirliyinin və "Çağ" Öyrətim İşlətmələri
Şirkətinin təşkilatçılığı ilə yanvarın 11-də Mingəçevir
Özəl Türk Liseyində "Ana dilimizi sevək, sevdirək"
müsabiqəsinin zona üzrə yekun tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir Azərbaycanın Dövlət
himninin və Türkiyənin İstiqlal marşının oxunması ilə
başlanmışdır. Mingəçevir, Yevlax və Bərdədən olan
şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edənlər
bildirmişlər ki, dil hər bir millətin maddi və mənəvi
irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir.
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilimizi
sevək, sevdirək" müsabiqəsini keçirməkdə məqsəd ana
dilimizi gələcək nəsillərə çatdırmaqdır. Natiqlər bu cür
tədbirlərin şagirdlər arasında vətənpərvərlik ruhunun
yüksəlməsinə xidmət etdiyini, bu müsabiqənin təkcə bölgə
üçün deyil, respublikamız üçün mühüm əhəmiyyət
daşıdığını vurğulamışlar.
Daha sonra səhnədə müsabiqənin mahnı və şeir
nominasiyalarının finalçıları çıxış etmişlər. Yarışda
məktəblilərin ifasında Vətənə, anaya aid şeirlər və
mahnılar səsləndirilmişdir. Qaliblərə diplom və
hədiyyələr verilmişdir.
Zona mərhələsinin qalibləri respublika müsabiqəsinin
finalında iştirak edəcəklər. |