Bakıdakı
2 nömrəli uşaq evinin sakini Gülara Seyidova ilə söhbət
Uşaq evinin yetirməsi Seyidova Gülara Fərhad qızı ilə
boya-başa çatdığı "ev"in kitabxanasında görüşdük.
Əvvəlcə qəti olaraq müsahibə vermək istəmədi:
- Heç nə yazmayın barəmdə, xahiş edirəm - dedi.
Sonra razılaşdı. Söhbətimiz boyu bu qızda elə bir
doğmalıq, elə bir alicənablıq gördüm ki, Gülaranın
mülayim, təmkinli səsi hər gün yadıma düşür...
Gülara ilə söhbətimiz oxucularımız üçün də maraqlı olar:
- Qızım, hansı ildənsən?
- 1990-cı ilin iyul ayının 19-danam.
- Harada doğulmusan?
- Deyilənə görə, Ağsuda. Amma kəndin adını bilmirəm.
- Burada olduğun illərdə kimsə, nə vaxtsa yanına gəlib?
- Heç vaxt, heç kim! Bundan sonra gəlsələr nə mənası
var? Artıq öz ayaqlarımın üstündə dura bilirəm.
İşləyirəm, özümü müdafiə edirəm. Kimsəsiz də deyiləm.
Azərbaycan dövləti kimi, Sevda anam kimi himayədarlarım
var.
- Müəllimlərindən soruşmamısan səni buraya kim gətirib?
- Eşitmişəm ki, mənim üç yaşım olanda elə indiki
adım-soyadımla ata tərəfimdən "Uşaq evi"nə
gətirilmişəm...
- Bilmirsən, bacın-qardaşın da varmı?
- Bilmirəm. Ailəmiz haqqında heç bir məlumatım yoxdur.
Buraya tək verilmişəm.
- İstərsən ki, nə vaxtsa bacını, qardaşını tapasan?
- Əgər onlar da hansısa uşaq evindən tapılsa, mənə daha
böyük bir dərd olar. Özümün problemlərim azmış kimi, bir
də onları düşünsəm...
- Mən o mənada demədim. Yəni evinizdən gəlib səni
tapsalar...
- Bilirsiniz, mən əvvəlcə "Gənclik"dəki uşaq nevroloji
dispanserində olmuşam. Dispanserə hansı səbəbdən
aparıldığımı bilmirəm. Oradan bu uşaq evinə verilmişəm.
Əziyyətimi də çəkənlər çəkiblər. Üzləri ağ olsun.
Şükürlər olsun Allahıma ki, bu gün heç bir
xəstəliyim-filan da yoxdur. Vallah adicə soyuqlayanda,
ya qripə yoluxanda bizə elə qayğıkeşliklə, elə yüksək
səviyyədə baxıblar ki... Yəni ehtiyac, diqqətsizlik,
biganəlik nədir, biz burada hiss etməmişik, bilməmişik,
görməmişik.
Artıq böyümüşəm. Ona görə də bu gün əsl valideynlərimlə
qarşılaşsam, onları nədəsə ittiham etmərəm. Sadəcə
qınayaram ki, axı, insan öz balasından, ürəyinin bir
parçasından necə imtina edə bilər?
- Günlərin birində xəstə, əlsiz-ayaqsız, köməksiz bir
qadın yanına gəlib sənə desə ki, bax, Gülara, mən sənin
doğma ananam, amma öz gələcəyin, yaxşılığın, təminatın
naminə zamanında mən səni uşaq evinə verməyə məcbur
oldum. Qəbul edərsənmi onu?
Dərindən ah çəkir:
- Ürək ki, var, daşdan deyil axı, bir parça ətdir də...
yumşaq bir əzələ kütləsidi...qəbul edərəm...
Axırıncı iki kəlməni az qala pıçıltı ilə deyir. Ani bir
sükutdan sonra isə yenə söhbətinə davam edir:
- Mən Allahın yaxşı bəndəsiyəm ki, hər zaman başımın
üstündə Allahım və dövlətim olub. Sevda xanım da sanki
həqiqətən bizim anamızdır. Özünün bir qızı, bir oğlu
var, ancaq o, buradakı uşaqların hamısını öz doğma
balalarından seçmir.
- Orta məktəbi nə zaman bitirmisən?
- Mən doqquzuncu sinifdən çıxıb texniki kollecə getdim,
dizayn fakültəsində oxudum. Ağlıma belə gəlməzdi ki,
kolleci bitirdikdən iki-üç ay sonra məni üzvü olduğum
Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatında
təlimatçı vəzifəsinə işə dəvət edəcəklər. İndi də elə
orada təlimatçı işləyirəm.
- Keçən dəfə gələndə uşaqlar mənə dedilər ki, burada
hamımızın ad günlərini keçirirlər.
- Doğru deyiblər. "Uşaq evi"ndə bu, bir ənənə halını
alıb. Ad günləri mənim üçün elə bir önəm daşımasa da,
Sevda anam əvvəllər olduğu kimi indi də mənim ad
günlərimi qeyd edir. Əslində 18 yaşımız tamam olandan
sonra biz bu evimizlə vidalaşmalıyıq. Amma gedəcək bir
yerim, üz tutacaq bir kimsəm olmadığından Sevda anam
məni heç hara buraxmadı.
- Gülara, sənin buradakı yaşıdlarının taleyi 18 yaşları
tamam olduqdan sonra necə oldu?
- Valideyni, qohum-əqrəbası olanları gəlib apardılar.
Bir də ki, doğmalarının adama 18 yaşından sonra sahib
çıxması elə də bir hünər deyil. Hünər odur ki, bir isti
nəfəsə, bir təbəssümə, bir sığala, bir şirin sözə, bir
doğma baxışa ehtiyacımız olanda, bir rezin əmziyə
aldanıb kiriyəndə bizə yiyə duraydı doğmalarımız, bizdən
imtina etməyəydilər!
- Qızım, bəs qohum-əqrəbası olmayan uşaqlar 18 yaşdan
sonra haraya gedirlər?
- Oğlanlar təbii ki, əsgər gedirlər. Ali məktəbə qəbul
olunan oğlan və qızlarımız da oxuduqları təhsil
ocaqlarının yataqxanalarında məskunlaşırlar. Qalanları
da müstəqil həyata atılır, kimə nə tale yazılıbsa, o
həyatı yaşayırlar. Alın yazısına inansam da, insan özü
də öz həyatını normal səviyyədə qurmağa cəhd etməlidir.
Bütün söhbətimiz boyunca Gülara dəfələrlə kövrəlsə də
təmkinini saxlamağı, qəhərini udmağı bacarır.
- Otaq şəraitin necədir? Burada sənin üçün çətin deyil
ki?
- Xeyr, elə əvvəlki yerimdə, uşaqlarla birlikdəyəm. Mənə
belə çox xoşdur. Hazırda burada olan uşaqlardan ən
böyüyu mən olsam da, hamısı doğmalarımdır,
özümünkülərdir. Üzüm-gözüm elə öyrəşib ki, işə gedəndə
də bu böyük ailəm üçün darıxıram. Burada həqiqətən
hamını-uşaqları da, işçi kollektivini də çox istəyirəm.
Kollecdə oxuyanda dərsdən qayıdıb otağa girən kimi
balacalar sevinclə qışqırışırdılar: "Gülü gəldi, Gülü
gəldi".
İndi havalar soyuqdur da...hərdən uşaqlardan kimsə
xəstələnəndə tərbiyəçilərlə bahəm mən də onların
keşiyini çəkirəm.
- Bu "ev"də neçə bacı-qardaşsınız?
- Təxminən 150 nəfər. Hamısını bircə-bircə adıynan,
soyadıynan, hətta xasiyyətiynən əzbərdən tanıyıram.
İşdən çıxıb buraya qayıdanda doğrudan çox sevinirəm. Elə
bilirəm dünya mənimdir. Deyirəm ay Allah, mən bunları nə
qədər sevirəm?! İnanın ki, haçansa mənim geniş
imkanlarım olarsa, əlimdə olan son qəpiyimi də bu
uşaqların yolunda sərf edərəm.
- Gülara, burada böyüyən qız uşaqlarının yemək
hazırlamaq, ev işləri görmək vərdişi necə formalaşır?
Onların bu barədə təsəvvürləri, daha dəqiqi, bacarıqları
olurmu?
- Əlbəttə! Əvvəla müxtəlif dərnəklərdə uşaqlara toxumaq,
tikmək, rəqs etmək, mahnı oxumaq və s. öyrədilir. Sonra
da hansısa bir tədbir, ad günləri, bayramlar olanda biz
qızlar da hərəmiz bir işin qulpundan yapışırıq. Süfrənin
düzəldilməsində, salatların, yeməklərin hazırlanmasında
biz də kömək edir, əlimizdən gələni əsirgəmirik. Mən
özüm müxtəlif növ salatlar hazırlamağı bacarıram və
ehtiyac olanda bu işi məmnuniyyətlə yerinə yetirirəm.
- Hansı yeməyi daha çox xoşlayırsan?
-Yemək mənim üçün önəm daşımır. Allahın verdiyindən nə
olsa yeyirəm və bunu bizə nəsib etdiyi üçün Allahıma
şükür edirəm.
- Nə cür geyimlərə üstünlük verirsən?
- Klassik üslubda olan ciddi geyimləri xoşlayıram.
- Kitab oxumaqla aran necədir?
- Kitab oxumaq daha çox sevdiyim məşğuliyyətdir.
Kollecdə oxuyanda bizə kompüter proqramlarını da
öyrədiblər...sağ olsunlar.
- Gənc Azərbaycan qızı olaraq, xarakterində hansı
xüsusiyyətlər var?
- Özüm barədə nə desəm, təvazökarlıqdan kənar görünər.
Sadə olmağı çox dəyərləndirirəm. Heç bir dəbdəbəli əşya,
bahalı geyim, daş-qaş gözümdə deyil. Kosmetikadan,
makiyajdan istifadə etmirəm. Allah məni necə yaradıbsa,
belə də qəbulumdur. Ağlım kəsəndən də, qoymamışam
hörüklərimə qayçı vurulsun.
- Hansı dilləri bilirsən?
- Təbii ki, öz ana dilimizi lazımi səviyyədə bilirəm.
Rus və ingilis dillərindən isə məlumatlıyam.
- Özünü hansı sənətdə təsəvvür edirsən?
- Ancaq və ancaq müəllim. Bağça müəllimi, ibtidai sinif
müəllimi. Nə olur-olsun, təki balaca uşaqların
əhatəsində olum. Onların başına sığal çəkim, onlara
savad verim, həyat dərsi öyrədim.
Kolleci bitirdikdən sonra sənədlərimi TQDK-ya təqdim
etmişdim, ancaq ali məktəbə qəbul ola bilmədim. İndi
hazırlaşıram, növbəti qəbulda yenə özümü sınayacağam.
- Zəhmətin itməz inşallah, qəbul olarsan.
- Amin.
- Dedin ki, müəllim peşəsini çox sevirəm. Sənə kim
sevdirib bu sənəti?
- Əslində mən gözümü açıb müəllimi həyatımda iki
ampluada görmüşəm. Həm ana kimi, həm də dərs öyrədən
kimi. Uşaq evlərində, uşaq bağçalarında işləyənlər
həqiqətən iki vəzifə daşıyırlar, həm ana, həm də müəllim
vəzifələrini... Burada bizə elə öyüd-nəsihət veriblər
ki, bəlkə də heç bəzi ailələrdə o cür öyüd-nəsihətlərə
ehtiyac duymurlar.
Mən özüm məhz ona görə müəllim olmaq istəyirəm ki, uşaq
evində işləyim, buradakı uşaqların qayğısına qalım,
onlara ehtiyacı olan nəvazişi göstərim. Mənim üçün ən
müqəddəs, ən dəyərli vəzifə müəllim işləməkdir. Burada
bizim zəhmətimizi çəkən Məxmər xanım, Aynurə xanım var.
Könül müəllim isə elə bilirəm əsl anamdır.
Hərdən düşünürəm ki, Allah qismət eləsə, ali təhsil ala
bilsəm, yenə də bu uşaq evindən, buradakı doğmalarımdan
ayrıla bilmərəm. Ona görə də gələcəklə bağlı ən ümdə
arzum ali təhsil alıb elə bu uşaq evində çalışmaqdır.
- Gülara, bu dünyada xoşbəxtliyin neçə rəngi, neçə növü
varsa, mən sənə onların hamısından arzulayıram. Yeni
ilin bu ilk ayında bəs sənin ürəyindən hansı arzular
keçir?
- Mən ali təhsil almağa çox böyük önəm verirəm.
Təhsilsiz, elmsiz inanın ki, dünya başıma dar gələr...
Gecə-gündüz özümə dua edirəm ki, heç bir maneə mənim
qarşımı kəsməsin, Allah qapılarımı açsın ki, bu il ali
məktəbə daxil ola bilim, yəni ən böyük arzuma çatım.
- Gülara, gözlədiyin hansısa hədiyyə varmı?
- Ürəyimdən keçən hədiyyələr olur. Ancaq ən böyük
hədiyyəni uca Allahımdan gözləyirəm.
- Azərbaycan qadını, Azərbaycan anası savadlı olmalıdır
ki, onun böyütdüyü, tərbiyə verdiyi uşaqlar
respublikamızı hər yerdə layiqincə təmsil edə bilsinlər.
- Təhsil almaq sahəsində dövlətimizin atdığı addımlar
göz qabağındadır. Yeni Azərbaycan Partiyasının sıravi
bir üzvü kimi partiyanın xətti ilə mən də müəyyən
tədbirlərə qatılır, Prezidentimizə hər an dəstək durmağa
çalışıram. Uşaq müəssisələrinin, qocalar evlərinin
sakinlərinə, qaçqın və məcburi köçkün uşaqlarına diqqət
və qayğı göstərdikləri üçün hörmətli Prezidentimiz cənab
İlham Əliyevə və ölkəmizin birinci xanımı Mehriban
Əliyevaya dərin minnətdarlığımı bildirirəm.
Söhbəti yazdı:
Ellada UMUDLU,
"Azərbaycan müəllimi |