"Azərbaycan
müəllimi" qəzeti redaksiyasına
Hörmətli qələm dostlarımız!
Mətbuat ailəmizin ən qocaman üzvlərindən biri
"Azərbaycan müəllimi" qəzeti 80 yaşının
qovuşacağındadır. Bu münasibətlə sizləri və yaradıcı
kollektivinizin şəxsində bütün pedaqoji ictimaiyyəti
təbrik edirik.
"Azərbaycan müəllimi" sahə qəzetidir. Belə desək, ilk
növbədə çoxsaylı təhsil işçilərimizin tribunasıdır.
Lakin bu tipologiyadan olan digər kütləvi informasiya
vasitələrindən əsaslı fərqi cəmiyyətdə daha geniş
yayılmasında və onlara nümunə olmasındadır. Başqa cür
fikirləşmək də məntiqi olmazdı. Axı, "Azərbaycan
müəllimi"nin istinadgahı olduğu peşə sahibləri
cəmiyyətimizin həm də ən hörmətli üzvləri sayılırlar.
Digər peşə sahibləri harada çalışmalarından, yaşından,
mövqeyindən asılı olmayaraq, daim müəllim sözünə mənəvi
ehtiyac duyurlar. 80 yaşlı yubilyar on illər ərzində bu
missiyanın ləyaqətli daşıyıcısı imicini qazanıb.
Milli mətbuatımızın 138 illik tarixində yüzə doğru yol
gedən qəzet və jurnallarımızı barmaqla saymaq mümkündür.
"Azərbaycan müəllimi" də onların cərgəsindədir. Qəzet 80
ildə düşünən beyinlərin, zəka sahiblərinin, xalqın
hörmət bəslədiyi insanların tribunası olub. Keçdiyi
şərəfli yolda Azərbaycan müəlliminin fikir və
duyğularının ifadəçisinə çevrilib. Yalnız uğurlardan
yazmaqla, təhsilimizin inkişafından bəhs etməklə
kifayətlənməyib. Problemlərdən, bunların həlli
yollarından söhbət açıb. Fikrimizcə, "Azərbaycan
müəllimi"nin uzun illər nəşr oluna bilməsinin bir səbəbi
də oxucu məhəbbətini qazanması, ölkənin çoxminli təhsil
işçilərinin stolüstü nəşrinə çevrilməsidir. Çünki
xalqımız müəllimləri çox sevir, onların ehtiramını
həmişə yüksək tutur.
Cəmiyyətimizin öndə gedən təbəqəsi sayılan
ziyalılarımız, müəllimlərimiz də ilk nömrələrindən
başlayaraq onları ölkənin təkcə təhsil həyatı ilə deyil,
həm də ictimai-siyasi gündəminin ən mühüm hadisələri ilə
tanış edən, təhsilimizin bütün səviyyələrində gedən
proseslərin salnaməsini yaradan, həmişə öz fəaliyyətində
mətbuatın təməl prinsiplərini rəhbər tutan "Azərbaycan
müəllimi" qəzetini çox sevirlər.
Hər hansı nəşrin cəmiyyətdə müsbət imic, rəğbət
qazanmasında, şübhəsiz, onun yaradıcı kollektivinin
mühüm rolu vardır. Bu baxımdan, möhtərəm Prezidentimiz
İlham Əliyevin "Azərbaycan müəllimi"nin 70 illik
yubileyində redaksiya kollektivinə ünvanladığı təbrik
məktubunda qeyd olunduğu kimi, qəzet təhsil sahəsi üzrə
ixtisaslaşmış jurnalistlərin formalaşmasında aparıcı rol
oynamış, burada bütün dövrlərdə yüksək peşəkarlığa və
əxlaqi-mənəvi keyfiyyətlərə malik, ürəkləri Vətən, xalq
sevgisi ilə dolu olan insanlar çalışmışlar. İndi də
"Azərbaycan müəllimi"nin yaradıcı kollektivi kütləvi
informasiya vasitələri bolluğunda qəzetin müsbət
ənənələrini yaşatmaq, onu müasir oxucularının
tələblərinə cavab verən məzmun və formada nəşr etmək,
ölkəmizdə təhsil sahəsində həyata keçirilən
islahatlara, aparılan nəhəng quruculuq işlərinə mətbu
söz vasitəsi ilə dəstək vermək, eyni zamanda bu gün də
aktuallığını saxlayan maarifləndirmə işi aparmaq üçün
bütün səylərini ortaya qoyur.
Qəzet ilk illərdə formalaşan ənənələrinə uyğun olaraq
indi də səhifələrində ölkəmizin tanınmış təhsil, elm,
mədəniyyət adamlarının, ictimai-siyasi xadimlərin
yazılarına geniş yer verir. Pedaqoji ictimaiyyəti daha
çox maraqlandıran məsələləri peşəkarcasına işıqlandırır.
80 yaşdan həm də mətbu nəşrin salnaməsi boylanır. Onun
səhifələrinə nəzər salanda göz önündə akademik Mehdi
Mehdizadə, görkəmli alimlər Bəşir Əhmədov, Zahid
Qaralov, Yəhya Kərimov, xalq müəllimləri Zahid Şöyübov,
Zərbəli Səmədov... kimi pedaqoqlar bir daha xatırlanır.
Bu gün inamla demək olar ki, qəzet müasir
jurnalistikanın bütün zəruri tələblərinə cavab verir, öz
fəaliyyətində obyektivlik, dəqiqlik, operativlik
prinsiplərinə əsaslanır. Qəzet məzmun zənginliyi, mövzu
rəngarəngliyi və dizayn baxımından da diqqəti cəlb edir.
"Azərbaycan müəllimi"nin hazırda yüksək tirajla nəşr
edilən mətbu orqanlarından biri olmasını da ona böyük
ictimai marağın nəticəsi kimi dəyərləndirmək mümkündür.
Əziz dostlar, Sizləri bir daha "Azərbaycan müəllimi"nin
80 yaşı münasibəti ilə təbrik edir, yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri |