Biləsuvar Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda
bildirilir ki, fevralın 24-də Heydər Əliyev Mərkəzində
Azərbaycan xalqının ümummilli liderinin irsinin daha
dərindən öyrənilməsi məqsədi ilə rayonun yuxarı sinif
şagirdləri üçün "Heydər Əliyev müstəqil Azərbaycanın
memarı və qurucusudur" mövzusunda əlavə dərslər keçilib.
Dərslərdə məktəblilər əvvəlcə ümummilli liderin həyat və
fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən sənəd və
eksponatlarla tanış olublar. Sonra rayon icra
hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərovanın
"Heydər Əliyev müstəqil Azərbaycanın memarı və
qurucusudur" adlı mühazirəsi dinlənilib.
Mühazirədə ulu öndərin həyat yoluna nəzər salınıb,
görkəmli dövlət xadiminin liderlik məharətindən
danışılıb.
Qeyd edilib ki, Heydər Əliyev ölkə həyatının bütün
sahələrində quruculuğun, davamlı inkişaf və islahatların
banisidir. İqtisadiyyatın yenidən qurulması, aqrar
sahənin dirçəlməsi, çevik və balanslaşdırılmış xarici
siyasət kursu, hüquqi və demokratik dövlət quruculuğu
ulu öndərin adı ilə bağlıdır. Bu gün ümummilli liderin
şah əsəri olan müstəqil Azərbaycan Respublikası
Prezident İlham Əliyevin liderliyi ilə dünyada böyük
nüfuz qazanıb.
Eyni zamanda Biləsuvar şəhərindəki 4 nömrəli tam orta
məktəbin tarix müəllimi Şəfəq Hüseynova ümummilli lider
Heydər Əliyevin həyat və fəaliyyəti, onun 1993-cü ildə
xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə
qayıtmasından sonrakı misilsiz xidmətləri barədə məlumat
verib və şagirdlərin suallarını cavablandırıb.
Əlavə dərslərin Heydər Əliyev Mərkəzində tədris ilinin
sonunadək keçilməsi və rayonun bütün məktəblərini əhatə
etməsi nəzərdə tutulub.
Keçilən dərslərə ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümü günündə yekun vurulacaq, fəal
müəllim və şagirdlər mükafatlandırılacaq.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
|