Aprelin
23-də "ADA" Universitetində Niderland Krallığının
işgüzar nümayəndə heyəti ilə görüş olmuşdur.
AzərTAc xəbər verir ki, görüş "ADA" Universiteti və
"Maastrixt Menecment" Məktəbinin birgə əməkdaşlığı
çərçivəsində keçirilmişdir.
Qonaqları salamlayan xarici işlər nazirinin müavini,
"ADA" Universitetinin rektoru Hafiz Paşayev xalqlarımız
və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş
əlaqələrdən, siyasi, iqtisadi və mədəni sahələrdə
səmərəli əməkdaşlıqdan danışmışdır.
Hafiz Paşayev bu cür görüşlərin iki ölkə arasında
diplomatik, mədəni, o cümlədən təhsil sahəsində
münasibətlərin gücləndirilməsi baxımından böyük
əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə
olduğunu bildirən Hafiz Paşayev "ADA" Universiteti ilə
bir çox ölkələrin ali təhsil müəssisələri arasında
əməkdaşlığın genişləndiyini qeyd etmişdir.
Avropa Şurası Parlament Assambleyasının sabiq
prezidenti, nümayəndə heyətinin rəhbəri Rene Van der
Linden iki ölkə arasında sosial-iqtisadi, təhsil
sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin
vacibliyini vurğulamışdır.
Daha sonra çıxış edən Niderland Krallığının ölkəmizdəki
səfiri Robert Jan Qabrielsen işgüzar görüşlərin iki ölkə
arasında münasibətlərin inkişafında əhəmiyyətli rol
oynadığını söyləmişdir.
Tədbirdə "ADA" Universitetinin və "Maastrixt Menecment"
Məktəbinin tarixi, strukturu, hədəfləri haqqında məlumat
verilmişdir.
Görüşdə "ADA" Universitetinin strategiya və inkişaf üzrə
prorektoru Emin Hüseynov nümayəndə heyətinə Azərbaycanda
uğurla həyata keçirilən sosial-iqtisadi siyasət
nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar,
əlverişli biznes və investisiya mühiti, həyata keçirilən
irimiqyaslı regional layihələr haqqında məlumat
vermişdir.
Qeyd edilmişdir ki, uğurla davam etdirilən
sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və
dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin
edilmiş, əlverişli biznes və investisiya mühiti
yaradılmışdır. Qazanılmış sosial-iqtisadi nailiyyətlər
nüfuzlu beynəlxalq reytinq agentliklərinin
hesabatlarında da öz əksini tapmışdır. Bütün bunlar
Azərbaycanın iqtisadi uğurlarına verilən yüksək
qiymətin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun
göstəricisidir.
Səfər çərçivəsində Niderland Krallığının nümayəndə
heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcəkdir.
Aprelin 24-də "ADA" Universitetində Niderlandın
Azərbaycandakı səfirliyi tərəfindən Kral Günü
münasibətilə qəbul təşkil edilmişdir.
Bundan əlavə, nümayəndə heyəti MsM məzunları və cari
"ADA" Universiteti-MsM MBA iştirakçıları ilə də
görüşəcəkdir.
"ADA" Universiteti Niderlandın "Maastrixt Menecment"
Məktəbi ilə birgə Ekzekyutiv MBA proqramını həyata
keçirir. |