1. Ümumi müddəalar
1.1. "Azərbaycan Respublikası Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində və
peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və
işə qəbulu Qaydaları" (bundan sonra - Qaydalar) "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununa,
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5
sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş
"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planı"na, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə
ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və
ümumi təhsil müəssisələrində işə başlamış gənc
mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı
tədbirlərin müəyyən edilməsi haqqında" 14 aprel 2010-cu
il tarixli 67 nömrəli, "Təhsil müəssisələrinin pedaqoji
işçilərinin dərs yükü normalarının müəyyən edilməsi
haqqında" 24.11.2010-cu il tarixli 215 nömrəli, "Mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr
üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və
"Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi
haqqında" 24.11.2011-ci il tarixli 191 nömrəli
qərarlarına uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar təhsil sisteminə daxil olan ümumi
təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta
məktəblərində, ümumtəhsil internat məktəblərində və
istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar,
liseylərdə) və peşə liseylərində (bundan sonra -
müəssisə) müəllimlərə tələbatın müəyyənləşdirilməsini,
müəllimlərin, digər pedaqoji işçilərin daimi və ya
müddətli əmək müqaviləsi ilə işə qəbulunu və
yerdəyişməsini tənzimləyir, bu sahədə təhsili idarəetmə
orqanları, müəssisə rəhbərlərinin səlahiyyət və
vəzifələrini müəyyən edir.
1.3. Müəssisələrdə daimi işləyən müəllimlərin bir
rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi
və ixtisaslı müəllim kadrlarının işə qəbulu Təhsil
Nazirliyi tərəfindən elektron texnologiyalar tətbiq
olunmaqla və şəffaflıq təmin edilməklə mərkəzləşdirilmiş
qaydada müsabiqə yolu ilə həyata keçirilir.
1.4. Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün
Təhsil Nazirliyində müsabiqə komissiyası və apelyasiya
komissiyası yaradılır.
1.5. Müəssisələrdə digər pedaqoji kadrların (müəllim
köməkçiləri, tərbiyəçilər, defektoloqlar, loqopedlər,
istehsalat təlimi ustaları, praktik psixoloqlar,
sosioloq-pedaqoqlar, məktəb uşaq birliyi təşkilatı
rəhbərləri, bilavasitə pedaqoji proseslə məşğul olan
mühəndis-texniki, tədris-köməkçi işçilər, kitabxana
müdiri və kitabxanaçılar) işə qəbulu tabelik üzrə
təhsili idarəetmə orqanının razılığı əsasında
müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.
1.6. Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki
hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Rayon Dövlət İdarəsi və
tabelik üzrə təhsili idarəetmə orqanı ilə
razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata
keçirilir.
1.7. Təhsil sisteminə daxil olan xüsusi tipli ümumi
təhsil müəssisələrinə (xüsusi məktəblər və xüsusi
internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar
üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr,
cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə)
müəllimlərin və digər pedaqoji işçilərin işə qəbulu
tabelik üzrə təhsili idarəetmə orqanının razılığı
əsasında müəssisələrin rəhbərləri tərəfindən həyata
keçirilir.
1.8. Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə
əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan
şəxslər pedaqoji işdə çalışa bilməzlər. Həmin
kateqoriyadan olan şəxslər müəllimlərin işə qəbulu üzrə
müsabiqəyə buraxılmırlar.
1.9. Qeyri-pedaqoji təhsilli, həmçinin xaricdə təhsil
alaraq təhsil sənədinin tanınmasına dair şəhadətnamə
almayan şəxslərin müəllim vəzifəsinə işə qəbuluna icazə
verilmir.
1.10. İxtisası üzrə ən azı 10 il müəllimlik fəaliyyəti
göstərmiş və sonradan 3 ildən az müddətə işdən ayrılmış
şəxslərin yenidən işə qəbulu Təhsil Nazirliyinə müraciət
əsasında həyata keçirilir. Müraciət etmiş hər bir şəxslə
müsahibə aparılır və nəticələrə əsasən müvafiq qərar
qəbul edilir. Belə müraciətlərə müəllimlərin işə qəbulu
üzrə mərkəzləşdirilmiş müsabiqənin keçirildiyi dövr
istisna olmaqla, dərs ili ərzində baxılır.
1.11. Müəllimlərin yalnız fakültativ, fərdi və qrup,
dərsdənkənar məşğələlər, eləcə də dərnək məşğələləri
üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir.
1.12. İnzibati və cinayət məsuliyyətinə cəlb edilməsi
ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin
pedaqoji işə qaytarılması məsələsinə mövcud
qanunvericilik və bu Qaydalar əsasında baxılır.
1.13. İşə qəbul olunan və işdən azad edilən müəllimlər
haqqında məlumatlar ən geçi 15 gün müddətində
müəssisələrin və idarəetmə orqanlarının "Milli Təhsil
Məlumat Bazası"na daxil edilir.
2. Müəssisələrdə müəllimlərə tələbatın
müəyyənləşdirilməsi
2.1. Müəssisələrdə işləyən müəllimlər arasında dərs
bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü
normalarının müəyyən edilməsi haqqında" 24.11.2010-cu il
tarixli 215 nömrəli Qərarına uyğun aparılmaqla vakant
yerlər müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir.
2.2. Dərs bölgüsü aparılarkən müəssisələrdə işləyən
müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 12 saat
(bu zaman həftəlik dərs yükü 3 (üç) stavkadan çox
olmamalıdır) müəyyənləşdirilir. 12 saatdan az dərs
vakant olarsa, həmin saatlar ilk növbədə müəssisənin
müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd
gözlənilməklə bölüşdürülür. Müəssisədə hər hansı
ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris
planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü
6-11 saat olduğu halda digər müəssisələrdən əvəzçiliklə
müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün
olmadıqda həmin dərs saatları vakant hesab edilir və
müsabiqəyə çıxarılması üçün təqdim edilir.
2.3. Çalışmanın son yaş həddinə çatmış müəllimlərin dərs
yükü onlarla bağlanmış müqavilə müddətində vakant
yerlərin müəyyənləşdirilməsi zamanı nəzərə alınmır.
2.4. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil
müəssisələrinə sosial məzuniyyət yerinə müəllimlərin işə
qəbulu Nazirliyin, digər müəssisələrə isə təhsili
idarəetmə orqanlarının razılığı ilə ən çoxu 3 il
müddətinə əmək müqaviləsi bağlanılır və əmrlə
rəsmiləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərə
hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik
dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə
olan müəllimin yerinə müddətli əmək müqaviləsi ilə işə
götürülən işçilərə həmin dərs yükü verilir və tarifləşmə
cədvəlində qeyd edilir. Müddətli əmək müqaviləsi
bağlanmış işçi ilə əmək müqaviləsi sosial məzuniyyətdə
olan müəllim işə qayıtdığı gündən ləğv edilir.
2.5. Ümumi təhsil müəssisələrinin ibtidai siniflərində
müəllimlərin iki sinif komplektində dərs aparmasına yol
verilmir. Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin
təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki
sinif komplektində dərs aparmasına təhsili idarəetmə
orqanı tərəfindən razılıq verilir.
2.6. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi,
texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif
müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai
sinif müəllimlərinin yazılı razılığı əsasında həmin
dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə
verilir.
İbtidai siniflərdə xarici dil və informatika fənləri
ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr
olmadığı halda, informatika fənninin ibtidai sinif
müəllimi tərəfindən tədrisinə icazə verilir.
2.7. Müəllimlərin yeni tədris ili üçün dərs yükü
müəssisə rəhbəri tərəfindən müəllimlər əmək
məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu
barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris
ili ərzində, bir qayda olaraq, sabit saxlanılır.
2.8. Yerli təhsili idarəetmə orqanları və müvafiq təhsil
müəssisələrinin rəhbərləri hər il may ayının 15-dək yeni
tədris ili üçün vakant yerlər barədə məlumatı
müəyyənləşdirilmiş forma üzrə Təhsil Nazirliyinə təqdim
edir (kağız və elektron variantda).
2.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14
aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun
olaraq kənd rayonlarında yerləşən ümumi təhsil
müəssisələrinə gənc mütəxəssislərin işə cəlb olunmasının
stimullaşdırılması məqsədi ilə müvafiq həvəsləndirmə
tədbirlərinin tətbiq olunduğu nəzərə alınaraq həmin
vakant yerlərin qarşısında xüsusi (H-1)1
və (H-2)2 işarələr yazılaraq məlumata
daxil edilir. Kənd məktəblərinə işə qəbul üçün nəzərdə
tutulmuş həvəsləndirmə tədbirləri ali və orta ixtisas
təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş
və yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunur.
Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerləri
müəyyənləşdirərkən həmin vakant yerə ixtisaslı müəllim
kadrlarına ciddi ehtiyac olması, tələbatın əvvəlki
illərdən yaranması və təmin olunmaması, vakant dərs
yükünün əvəzçilik və saathesabı qaydada aparılmasının
qeyri-mümkünlüyü kimi tələblər gözlənilməli və rayon
mərkəzindən olan məsafə dəqiq göstərilməlidir.
2.10. Dərs bölgüsü hər il sentyabrın 20-dək əmrlə
rəsmiləşdirilir. Tarifləşmə cədvəli tabelik üzrə
idarəetmə orqanlarının təsdiqinə təqdim olunanadək
müəssisə üzrə kadr məsələlərinin tənzimlənməsi təmin
olunmalı və vakant dərs saatları cədvəldə
göstərilməlidir.
3. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin
keçirilməsi
3.1. Müəssisələrdə daimi işləyən müəllimlərin bir rayon
(şəhər) daxilində yerdəyişməsi yerdəyişmə həyata
keçiriləcək müəssisənin direktorunun rəyi nəzərə
alınmaqla, tabelik üzrə təhsili idarəetmə orqanı
tərəfindən həyata keçirilir. Qərar qəbul olunduqdan
sonra müəllimin yerdəyişməsi müvafiq müəssisə rəhbərləri
tərəfindən əmrlə rəsmiləşdirilir.
3.2. Müəssisələrdə daimi işləyən müəllimlərin bir
rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi
mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə yolu
ilə (elektron ərizədəki göstəricilərin
qiymətləndirilməsi və müsahibə) proqram təminatı tətbiq
olunmaqla həyata keçirilir.
3.3. Həvəsləndirmə tədbirləri tətbiq olunan kənd
məktəblərində işləyən gənc mütəxəssislər nəzərdə
tutulmuş müddət başa çatanadək iş yerini dəyişmək üçün
müraciət edə bilməzlər. Xüsusi hallarda (səhhəti, ailə
vəziyyəti və s.) məsələyə fərdi qaydada Təhsil Nazirliyi
tərəfindən baxılır.
3.4. Müəllimlərin yerdəyişməsini həyata keçirmək üçün
Təhsil Nazirliyinin rəsmi İnternet saytının (www.edu.gov.az)
"Müəllimlərin işə qəbulu" səhifəsində bu Qaydalar,
"Vakant yerlər barədə məlumat", "Elektron ərizə",
"Yerdəyişmə üçün vakant yerlərin seçilməsi və elektron
ərizənin doldurulmasına dair təlimat", "Müsahibə
proqramı" və "Şəxsi səhifə" yerləşdirilir.
3.5. İş yerini dəyişmək istəyən müəllimlər Təhsil
Nazirliyinin İnternet saytında (www.edu.gov.az)
"Müəllimlərin işə qəbulu" səhifəsinə daxil olub elektron
ərizə doldurmalıdırlar. Elektron ərizələrin qəbulu vaxtı
hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və
elan edilir.
3.6. Yerdəyişmə üçün elektron ərizə verən müəllim
ixtisası üzrə ən çoxu 8 (səkkiz) vakant yer seçə bilər.
Qarşısında (H-1) və (H-2) işarəsi olan vakant yerlər
kənd məktəblərində həvəsləndirmə tədbirlərinin tətbiqi
nəzərdə tutulan yerlərdir. Yerləşdirmə seçim ardıcıllığı
gözlənilməklə aparılır.
3.7. "Müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak
edən namizədlərin elektron ərizələri əsasında təhsil və
nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları"
əsasında müsabiqənin birinci mərhələsində elektron
proqram təminatı vasitəsilə hər bir namizədin
qiymətləndirməsi aparılır.
3.8. Elektron ərizələrin qəbulu başa çatdıqdan 3 (üç)
təqvim günü sonra yerdəyişmə aparılır. Ərizəsi
təsdiqlənmiş namizədlər üçün yerdəyişmənin nəticəsi və
müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumatlar
onların "Şəxsi səhifə"sində yerləşdirilir.
3.9. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin
ikinci mərhələsində Təhsil Nazirliyi tərəfindən müvafiq
ixtisaslar üzrə müsahibələr keçirilir. Bu məqsədlə
müsahibə komissiyaları yaradılır. Komissiyaların
tərkibinə yerdəyişmə həyata keçiriləcək müəssisənin
direktoru da daxil edilir.
3.10. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin II
mərhələsinə buraxılmış namizədlər "Şəxsi səhifə"də qeyd
olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti,
diplom(lar) və ona əlavə(lər) (xaricdə təhsil alanlar
diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair
şəhadətnamə), şəxsiyyət vəsiqəsi, əmək kitabçasının
surətini və elektron ərizəsində göstərilən məlumatları
təsdiq edən digər sənədlərin əslini və ya notarial
qaydasında təsdiq olunmuş surətini) müsabiqə
komissiyasına təqdim edirlər.
3.11. Yerdəyişməyə namizədlər müsahibənin başlanmasına 1
(bir) saat qalmış qeydiyyatdan keçməlidirlər. Bunun üçün
şəxsiyyət vəsiqəsinin əsli təqdim edilir. Şəxsiyyəti
təsdiq edən sənəd təqdim olunmadıqda, namizəd müsahibəyə
buraxılmır.
3.12. Müsahibə mərhələsindən əvvəl namizədin elektron
ərizəsində qeyd olunmuş məlumatların düzgünlüyü
sənədlərin əsli ilə yoxlanılır. Elektron ərizədəki
məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq
halları aşkarlandıqda, həmin namizəd müsahibəyə
buraxılmır.
3.13. Müsahibə zamanı yerdəyişmə üçün namizədin peşə
kompetensiyaları, pedaqoji fəaliyyəti dövründə əldə
etdiyi nailiyyətləri və peşəkar inkişafı beş ballıq
şkala üzrə qiymətləndirilir.
3.14. Hər hansı ixtisas üzrə bir vakant yerə yerdəyişmə
üçün iki və daha artıq namizəd olduqda, müsabiqə
komissiyası təhsil və peşəkarlıq səviyyəsini, digər
zəruri halları (hərbçi ailəsi, azyaşlı övladları olması,
xəstə ailə üzvünə qulluq, ailə qurmaqla əlaqədar yaşayış
yerini dəyişmə və s.) araşdırmaqla müvafiq qərar qəbul
edir. Müsabiqənin I və II mərhələləri üzrə
qiymətləndirmənin nəticələri nəzərə alınmaqla
namizədlərin yekun qiymətləndirilməsi, nəticələr barədə
məlumat hər bir namizədin "Şəxsi səhifə"sinə göndərilir.
3.15. Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini
dəyişən müəllimlərin siyahısı Nazirliyin İnternet
saytında yerləşdirilir, müvafiq siyahılar müşayiətedici
məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına,
Nazirliyin birbaşa tabeliyində olan müəssisələrə
göndərilir.
3.16. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin
rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır
və əmrlə rəsmiləşdirilir.
3.17. Hər hansı bir səbəbdən göstərilən vaxtda
müsahibədə iştirak etməyənlər üçün təkrar müsahibə
keçirilmir.
3.18. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin
nəticələri ilə bağlı apelyasiya şikayətlərinə müsabiqə
başa çatdıqdan sonra bir həftə ərzində baxılır.
3.19. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə başa
çatdıqdan sonra qalan, eləcə də yerdəyişmə ilə əlaqədar
yeni yaranan vakant yerlər müəllimlərin işə qəbulu üzrə
müsabiqəyə çıxarılır.
3.20. Müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilən
müddətdə yerdəyişmə üzrə müraciətlərə baxılmır. İşə
qəbul üzrə müsabiqə başa çatdıqdan sonra və yerdəyişmə
üzrə növbəti müsabiqəyədək olan müraciətlərə fərdi
qaydada baxılır.
4. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsi
4.1. Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə
müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç
mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki
göstəricilərin qiymətləndirilməsi, test imtahanı və
müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla
həyata keçirilir.
4.2. Ali və orta ixtisas təhsili müəssisələrini
pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli
təhsil sənədi (diplom) almış, hazırda işləməyən,
müvəqqəti əmək müqaviləsi ilə işləyən müəllimlər
müəssisələrə işə qəbul üzrə müsabiqədə iştirak edə
bilərlər.
4.3. Müəllimlərin işə qəbulunu həyata keçirmək üçün
Təhsil Nazirliyinin rəsmi İnternet saytının (www.edu.gov.az)
"Müəllimlərin işə qəbulu" səhifəsində bu Qaydalar,
Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu qaydalarının
tətbiqini tənzimləyən sənədlər toplusu ("Vakant yerlər
barədə məlumat", "Elektron ərizə", "İşə qəbul üçün
vakant yerlərin seçilməsi və elektron ərizənin
doldurulmasına dair təlimat", "Test suallarının
cavablandırılmasına dair təlimat", "Boş qalan yerlərə
əlavə yerləşdirmə üçün müraciətə dair təlimat") və
"Şəxsi səhifə" yerləşdirilir.
4.4. Müsabiqədə iştirak etmək üçün Təhsil
Nazirliyinin rəsmi İnternet saytında (www.edu.gov.az)
"Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil
olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin
qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən
müəyyənləşdirilir və elan edilir.
4.5. Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu
qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusuna
daxil olan "Namizədlər tərəfindən vakant yerlərin
seçilməsi və elektron ərizənin doldurulmasına dair
təlimat"a uyğun olaraq müsabiqədə iştirak üçün elektron
ərizə doldurulur. Qarşısında (H-1) və (H-2) işarəsi
olan vakant yerlər kənd məktəblərində həvəsləndirmə
tədbirlərinin tətbiqi nəzərdə tutulan yerlərdir.
4.6. Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 (səkkiz)
vakant yer seçə bilər.
İmtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə
yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə
aparılır.
4.7. Elektron ərizələrin qəbulu başa çatdıqdan 5 (beş)
təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər üçün
müsabiqəyə buraxılma, test imtahanının keçirilmə vaxtı
və yeri barədə məlumatlar onların "Şəxsi səhifə"sində
yerləşdirilir.
4.8. Müsabiqənin birinci mərhələsində hər bir namizədin
qiymətləndirməsi "Müəllimlərin işə qəbulu üzrə
müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri
əsasında təhsil və nailiyyət göstəricilərinin
qiymətləndirilməsi meyarları" əsasında elektron proqram
təminatı vasitəsilə aparılır.
4.9. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci
mərhələsində test imtahanının keçirilməsi üçün Təhsil
Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə işçi
qrupları yaradılır və "Test bankı" hazırlanır.
4.10. Müsabiqə iştirakçıları imtahanın başlanmasına
1 (bir) saat qalmış qeydiyyatdan keçməlidirlər. Bunun
üçün şəxsiyyət vəsiqəsinin əsli təqdim edilir.
Şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadıqda, namizəd
imtahana buraxılmır.
4.11. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda
iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
4.12. İmtahanda iştirak edən hər bir namizədə fərdi
olaraq kompüterdə uyğun ixtisaslar üzrə ümumtəhsil
məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test,
metodika və təlim strategiyalarına aid 5 test, məntiq və
ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual
təqdim edilir. Sualların cavablandırılmasına 60 dəqiqə
vaxt ayrılır.
4.13. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir və
verilmiş vaxt ərzində icra olunduqdan dərhal sonra
düzgün cavabların sayına uyğun topladığı bal kompüterin
ekranında göstərilir.
4.14. Test tapşırıqlarının 80 və daha yüksək faizinə,
yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər
keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə
tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün
test tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna
düzgün cavab keçid balı hesab olunur.
4.15. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri
üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla
namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin
sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə
ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə
elektron proqram təminatı vasitəsilə dərhal imtahandan
sonra həyata keçirilir və nəticələr barədə məlumat hər
bir namizədin "Şəxsi səhifə"sinə göndərilir.
4.16. Müsabiqənin I və II mərhələləri üzrə
qiymətləndirmənin yekununa uyğun topladığı ümumi bal və
III mərhələsində iştirak barədə məlumat hər bir
namizədin "Şəxsi səhifə"sinə göndərilir.
4.17. Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər
"Şəxsi səhifə"də qeyd olunan tarixdə şəxsi işini
(elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər)
(xaricdə təhsil alanlar diplomla yanaşı təhsil
sənədlərinin tanınmasına dair şəhadətnamə), şəxsiyyət
vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası
(əgər varsa) və elektron ərizəsində göstərilən
məlumatları təsdiq edən digər sənədlərin əsli və ya
notarial qaydasında təsdiq olunmuş surəti) müsabiqə
komissiyasına təqdim etməlidirlər.
4.18. Müsahibə mərhələsindən əvvəl namizədin elektron
ərizəsində qeyd olunmuş məlumatların düzgünlüyü
sənədlərin əsli ilə yoxlanılır. Elektron ərizədəki
məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq
halları aşkarlandıqda, o cümlədən təhsil sənədi dövlət
nümunəli olmadıqda və ya hazırda müəllim işlədiyi məlum
edildikdə həmin namizəd müsabiqədən kənarlaşdırılır.
4.19. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha
artıq sayda eyni bal toplamış namizəd olduqda, müsabiqə
komissiyası təhsil səviyyəsi və seçdiyi vakant yerin
yaşayış yerinə yaxın olmasını araşdırmaqla müvafiq qərar
qəbul edir.
4.20. İşə qəbul üzrə müsabiqənin nəticələrinə görə hər
bir ixtisas üzrə boş qalan yerlər barədə məlumatlar
"Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində
"Şəxsi səhifə" daxilində yerləşdirilir. Bütün ixtisaslar
üzrə müsahibə mərhələsi başa çatdıqdan sonra,
müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq
seçdiyi vakant yerə işə qəbul oluna bilməyən namizədlər
Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş müddətdə
"Şəxsi səhifə"sindən boş qalan yerlər haqqında məlumatla
tanış olub uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer
seçərək əlavə yerləşdirmədə iştirak edirlər.
4.21. Əlavə yerləşdirmə üçün boş qalan yerlərin seçimi
bitdikdən sonra müsabiqədə ən çox bal toplayandan
başlayaraq yerləşdirmə elektron proqram təminatı
vasitəsilə həyata keçirilir və nəticələr namizədlərin
"Şəxsi səhifə"sinə göndərilir. İşə qəbul olunanlar
müsahibə qaydalarına uyğun olaraq sənədlərini təqdim
etməklə müsahibədən keçirilir. Müsahibə mərhələsindən
əvvəl namizədin elektron ərizəsində qeyd olunmuş
məlumatlar sənədlərin əsli ilə tutuşdurularaq
təsdiqlənir. Müsahibə zamanı nitq qabiliyyəti və
tibbi-psixoloji durum barədə "uyğundur" və ya "uyğun
deyil" qeydlər edilir, ümumi dünyagörüşü, peşə
kompetensiyaları və şəxsi keyfiyyətlər isə beş ballıq
şkala üzrə qiymətləndirilir.
4.22. Müsabiqənin yekun nəticələrinə əsasən işə qəbul
edilən müəllimlər müəyyənləşdirildikdən sonra onların
siyahısı Nazirliyin İnternet saytında yerləşdirilir,
müvafiq siyahılar göndərişlə aidiyyəti üzrə təhsili
idarəetmə orqanlarına, Nazirliyin birbaşa tabeliyində
olan müəssisələrə göndərilir.
4.23. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin
rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır,
işə qəbul əmrlə rəsmiləşdirilir.
4.24. Yerli təhsili idarəetmə orqanları müsabiqə
nəticəsində vakant yerlərə, o cümlədən həvəsləndirmə
tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunanların
pedaqoji fəaliyyətə başlamaları barədə məlumatı
sentyabrın 30-dək Təhsil Nazirliyinə təqdim
etməlidirlər.
4.25. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya
şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan
sonra bir həftə ərzində baxılır.
4.26. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa
çatdıqdan sonra, hər bir ixtisas üzrə keçid balını
toplayıb, lakin işə qəbul olunmayanların siyahısı
müsabiqə komissiyası tərəfindən təsdiq olunur. Tədris
ili ərzində yaranan vakant yerlər barədə məlumatlar
Təhsil Nazirliyində mütəmadi olaraq toplanılır, təhlil
edilir və keçid balını toplamış müsabiqə iştirakçılarına
elan edilir. Elanda göstərilən müddətdə elektron seçim
etmiş müsabiqə iştirakçıları üçün əlavə yerləşdirmə
qaydalarına uyğun işə qəbul aparılır.
4.27. Müsabiqə başa çatdıqdan sonra vakant qalan, eləcə
də dərs ili ərzində yaranan vakant yerlərə daimi işçi
qəbul olunanadək, saathesabı və ya əvəzçilik qaydasında
əmək müqaviləsi bağlanılmaqla, digər təhsil
müəssisələrindən ixtisaslı müəllimlərin işə qəbuluna
icazə verilir.
4.28. Ümumtəhsil məktəblərinin tədris planında "İctimai
fənlər" bölməsində nəzərdə tutulan fənlərin tədris
edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin
saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək
müqaviləsi ilə işə qəbulu qadağandır.
5. Qaydaların pozulmasına görə məsuliyyət
Müəllimlərin işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət
edilməsi və kadrlarla iş sahəsində yol verilən
nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil
müəssisələrinin rəhbərləri, habelə müsabiqə
komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq
məsuliyyət daşıyırlar.
Ətraflı məlumat
üçün:
www.edu.gov.az
______________________________________________
1. Rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən kənd
məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində
bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc
mütəxəssislərə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq
olunur:
2. Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən
kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il
müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən
gənc mütəxəssislərə yuxarıda göstərilən həvəsləndirmə
tədbirləri ilə yanaşı hər ay əməkhaqqına 70 (yetmiş)
manat əlavə olunur. |