Mayın 13-də Təhsil Nazirliyində SABAH qruplarına
tələbələrin qeydiyyatının başlanılması və
www.sabah.edu.az saytının təqdimatı ilə bağlı
mətbuat konfransı keçirilib.
Konfransda Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini
Yaqub Piriyev, QHT və KİV-lə iş sektorunun müdiri
Cəsarət Valehov, Tələbələrə dəstək və mübadilə
proqramları sektorunun müdiri Sülhəddin Gözəlov iştirak
edib.
Mətbuat konfransında SABAH qruplarının təhsilin
keyfiyyətinin daha da artırılması, tələbələr arasında
sağlam rəqabətin formalaşması və müasir tələblər
səviyyəsində kadrların hazırlanması zərurətindən
yaradıldığı vurğulanıb. Bildirilib ki, bu gündən
etibarən SABAH qruplarında təhsil almaq istəyən
tələbələrin qeydiyyatına başlanılır və bu proses iyunun
12-dək davam edəcək. SABAH qrupları 33 ali təhsil
müəssisəsindən 8-nin bazasında yaradılacaq və 52 ixtisas
olmaqla 5 ixtisas qrupunu, ümumilikdə isə 20 minə yaxın
tələbəni əhatə edəcək.
Birinci semestrdə 61 baldan yuxarı göstəricisi olan
tələbələrin iştirak edəcəyi qəbul prosesi 3 mərhələdən
ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçən
tələbə daha sonra - ikinci mərhələdə 25 məntiq və 25
xarici dil olmaqla 50 sualı cavablandıracaq. Üçüncü
mərhələdə isə tələbələr üçün şifahi müsahibə də təşkil
ediləcək.
Növbəti tədris ilindən 1300 tələbə II kursdan etibarən
SABAH qruplarında təhsil alacaq. SABAH qruplarında
təhsil almaq üçün dövlət ali təhsil müəssisələrinin
tələbələri ilə yanaşı özəl ali məktəblərin tələbələri də
müraciət edə biləcək.
Tədbirdə yeni yaradılmış
www.sabah.edu.az saytı media nümayəndələrinə
təqdim olunub, saytda SABAH qruplarına tələbələrin
qəbulu qaydaları, seçim şərtləri və digər bu kimi
məsələlərlə bağlı ətraflı məlumat verildiyi vurğulanıb.
Qeyd edilib ki, SABAH qruplarında təhsil almaq istəyən
tələbələrin onlayn qeydiyyatı məhz bu sayt vasitəsilə
aparılır. Mətbuat konfransında "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində 2014-2015-ci tədris ili
üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil
almaq istəyən gənclər üçün sənəd qəbulunun başlanılması
barədə də məlumat verilib. Bildirilib ki, xarici
ölkələrdə təhsil almaq üçün sənəd qəbulu mayın 20-dən
avqustun 8-dək elektron qaydada aparılacaq. Müsabiqədə
iştirak üçün müraciətlər şəxsən Təhsil Nazirliyinə
gələrək və ya sənədləri poçt vasitəsilə nazirliyə
göndərərək deyil, məhz elanın tələblərinə uyğun olaraq
elektron qaydada qəbul ediləcəkdir. Dövlət Proqramı
təqaüdçüləri bakalavr pilləsi üzrə 29, magistratura,
doktorantura və rezidentura pillələri üzrə 35 yaşınadək
olan Azərbaycan vətəndaşları sırasından seçilir.
Mətbuat konfransında media nümayəndələrinin çoxsaylı
sualları cavablandırılıb.
www.edu.gov.az |