Böyük
Britaniyanın təhsil sahəsində ixtisaslaşmış "Economist
Intelligence Unit" analitik kompaniyası "Pearson"
şirkətinin sifarişi əsasında dünyanın və Avropanın ən
yaxşı təhsil sistemlərinin reytinq cədvəlini tərtib
edib. Dünyanın 39 ölkəsində təhsilin vəziyyətini təhlil
edən tədqiqatçıların gəldiyi rəyə görə, Cənubi Koreya
dünyanın ən yaxşı təhsil sisteminə malikdir.
"Uçitelskaya qazeta"nın məlumatına görə, Rusiya 20 ən
yaxşı təhsil sistemləri siyahısındadır. Reytinq
cədvəlində ilk 20 yeri aşağıdakı ölkələr tutub:
1.Cənubi Koreya, 2.Yaponiya, 3.Sinqapur, 4.Honkonq,
5.Finlandiya, 6.Böyük Britaniya, 7.Kanada, 8.Hollandiya,
9.İrlandiya, 10.Polşa, 11.Danimarka, 12.Almaniya,
13.Rusiya, 14.ABŞ, 15.Avstraliya, 16.Yeni Zelandiya,
17.İsrail, 18.Belçika, 19.Çexiya, 20.İsveçrə. Siyahıdan
göründüyü kimi, Cənubi Koreya, Yaponiya, Sinqapur və
Honkonq dünyada aparıcı mövqeyə malikdir. Rusiya təhsil
sistemi Avropada 8-ci, dünya üzrə isə ABŞ-ı qabaqlayaraq
13-cü sıradadır.
Tədqiqatlar göstərib ki, Avropada ən yaxşı təhsili
Finlandiya, bütün dünyada isə Cənubi Koreya verir.
Bundan əvvəl isə Finlandiya bütün dünyada ən yaxşı
təhsil sisteminə malik olmaqla birinci olub. Hazırda isə
Avropada birinci olan Finlandiyanın dünya miqyasında
mövqeyi zəifləyib. Ekspertlər qeyd ediblər ki, bir çox
Skandinaviya ölkələri öz mövqelərini itirir, təhsilin
səviyyəsi bu ölkələrdə ildən-ilə aşağı düşür. Cədvəldə
Finlandiyadan sonra Böyük Britaniya və Hollandiyanın
adı çəkilir. Böyük Britaniya beynəlxalq tələbə
mübadilə proqramları və son beynəlxalq testlərdə
qazandığı uğurlu nəticələr sayəsində rəqabət apardığı
ABŞ, Almaniya və Fransa kimi ölkələri geridə qoyub.
Avropanın təhsil səviyyəsi çox aşağı olan ölkəsi
Yunanıstandır. İqtisadi cəhətdən inkişaf etməkdə olan
ölkələr qrupunda Braziliya, Meksika və İndoneziyanın
adları çəkilir.
ABŞ builki reytinqdə 14-cü yeri tutub. Beləliklə,
təhsil səviyyəsinə görə bu ölkə Rusiyadan sonra 14-cü
yerdə qərarlaşıb. Almaniya reytinq cədvəlində 12-ci,
Danimarka 11-ci yerdə, Polşa isə Rusiyanı qabaqlayaraq
ilk 10-luqda qərarlaşa bilib. Siyahıda 20-ci yerdə
İsveçrə gəlir.
Dünya reytinqinə Asiya ölkələri başçılıq edir. Cənubi
Koreya Asiya ölkələri arasında birinci yerə çıxıb.
Analitiklər qeyd edirlər ki, əgər valideynlər uşaqlarına
ən yaxşı təhsil vermək istəyirlərsə, onları məhz Asiyaya
göndərməlidir. İkinci yeri Yaponiya, sonrakı 2 yeri
Sinqapur və Honkonq tutur. Beləliklə də təhsil
sisteminin keyfiyyətinə və təhsil səviyyəsinə görə
reytinq cədvəlində ilk dörd mövqe Asiya ölkələrinə
məxsusdur.
Ekspertlər qeyd edirlər ki, bir sıra Asiya ölkələrindən
valideynlər öz uşaqlarını oxumağa Avropa və ABŞ-a
göndərsə də, dünyanın ən yaxşı təhsil sistemləri məhz
Asiya regionundadır.
Reytinq cədvəli hazırlanarkən bir sıra beynəlxalq
testlərdən və ölkələrin təhsil sahəsinə aid
məlumatlardan istifadə olunub. Tərtibçilər qeyd ediblər
ki, bütün dünyada təhsilin inkişafına bütövlükdə 5
trilyon dollardan artıq vəsait xərclənir. Reytinq tərtib
olunarkən TIMS, PIRLS, PISA beynəlxalq qiymətləndirmə
proqramlarının nəticələri, eləcə də dövlətlərin özlərinə
aid statistik məlumatlar (məsələn, universitetlərə qəbul
olunanların sayı) əsas götürülüb. "Pearson" şirkətinin
təhsil eksperti Maykl Barberin sözlərinə görə, məktəb
və müəllim statusunun yüksək olduğu, inkişaf etmiş
təhsil mədəniyyətinə malik ölkələr reytinqdə ilk
sıraları tuturlar.
Qeyd edək ki, "Economist Intelligence Unit" (EIU)-un
əsas məqsədi təhsil sahəsində nailiyyətlərə dair məlumat
bankı yaratmaqdır. Ən uğurlu təhsil sistemlərini öyrənən
tədqiqatçılar belə qənaətə gəliblər ki, təhsilə ayrılan
vəsaitlər çox mühümdür, lakin oxumaq üçün imkanların
yaradılması mədəniyyəti ondan qiymətlidir. Asiya
regionu ölkələrinin reytinqdə əksini tapmış fenomenal
uğuru məhz sonuncu faktorla bağlıdır.
Tərtibçilər qeyd ediblər ki, Asiya regionunda
"müəllimlər, tələbələr və onların valideynləri təhsil
sahəsində bütün məsuliyyətləri öz öhdələrinə
götürüblər". "Pearson" şirkətinin rəhbəri Con Fallon
qeyd edib ki, reytinq inkişafda olan təhsil, tədris və
iqtisadi artım arasında möhkəm əlaqə olduğunu göstərir.
Onun sözlərinə görə, bütün dünyada təhsil sistemləri
bir-birindən daha çox öyrənə bilərdi. "Pearson"
şirkətinin nümayəndəsi Maykl Barberin sözlərinə görə,
reytinq cədvəli milli təhsil sistemlərinin nə dərəcədə
yaxşı işləməsi barədə biliklərimizi zənginləşdirir.
Con Fallon inkişafda olan təhsil və vərdişlərin iqtisadi
əhəmiyyətinə diqqət yetirib. Asiya regionu ölkələrinin
uğuru da məhz daha çox şagirdlərinin yüksək vərdiş
qabiliyyətləri ilə bağlıdır. Onun sözlərinə görə,
rəqəmsal texnologiyaların təhsil sahəsinə tətbiqi uğurlu
nəticələr verir, lakin bu, heç bir halda rəqəmsal
texnologiyanın müəllimləri əvəz etməsi kimi başa
düşülməməlidir. O qeyd edib ki, rəhbərlik etdiyi
şirkət 50 ölkənin təhsil sahəsinə aid məlumat bankı
yaradıb.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |