Təxminən 15 illik bir dövrü əhatə edən təhsil
islahatının gələcək inkişaf istiqamətləri - səriştəyə
əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun
yaradılması, təhsil sahəsində insan resurslarının
müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh,
şəffaf və səmərəli idarəetmə mexanizmlərinin, təhsil
infrastrukturunun yaradılması və təhsil sisteminin yeni
maliyyələşdirilmə modelinin qurulması "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda öz əksini tapmışdır. Bu istiqamətlərin
reallaşdırılması ümumtəhsil məktəblərində yeni fənn
kurikulumlarının uğurlu tətbiqinə zəmin yaradır.
"Ümumi təhsil pilləsinin dövlət standartları və
proqramları (kurikulumları)" əsasında hazırlanmış
"Fənlər üzrə təhsil proqramları (kurikulumları)"
2008-2009-cu tədris ilində I siniflərdə tətbiq olunmağa
başlamış və hazırda I-VI siniflərdə davam etdirilir.
Dünya təhsil sistemində "məktəb kurikulumu" anlayışı
mövcuddur ki, onun məzmununa fənn kurikulumlarının
tətbiqi mexanizmi və məktəbin idarə olunması ilə bağlı
sənədlərin hazırlanması daxildir. Respublikamızda fənn
kurikulumlarının tətbiqi ilə bağlı dövlət tərəfindən
qəbul olunmuş vahid standartların reallaşdırılması üçün
müəllimlərə metodik kömək göstərmək baxımından fənlər
üzrə məktəb kurikulumunun (FMK) hazırlanması daha
məqsədəuyğun hesab edilmişdir. Fənn üzrə məktəb
kurikulumu müəllimin təlim fəaliyyətini
istiqamətləndirən sənəd olub təşkilati tədbirlər və
yaradıcı innovasiyalar sistemidir. "Ümumi təhsil
pilləsinin dövlət standartları və proqramları
(kurikulumları)" ölkədəki bütün məktəblər, müəllimlər və
şagirdlər üçün eynidir. Aparılan tədqiqatlar bunu deməyə
əsas verir ki, məktəbdəki şəraitdən (məktəbin
maddi-tədris bazası, şagirdlərin inkişaf səviyyəsi,
məktəbi əhatə edən icma və s.) və müəllimlərin
peşəkarlıq səviyyəsindən asılı olaraq yeni
kurikulumların tətbiqinin səmərəliliyi müxtəlif olur.
Hər bölgə, hər məktəb, hər sinif, hər təhsilalanın
özünəməxsus xüsusiyyətlərə malik olması hər məktəbin
FMK-nın hazırlanmasını zəruri edir.
FMK "Ümumi təhsil pilləsinin dövlət standartları və
proqramları (kurikulumları)" və "Fənlər üzrə təhsil
proqramları (kurikulumları)" əsasında hazırlanır.
FMK tədris etdiyi fənn üzrə fəaliyyətini
planlaşdırmaqda, məzmunun tədrisi ilə bağlı vaxtı
(saatı) müəyyən etməkdə, sinfin səviyyəsinə, yaşadığı
mühitə uyğun fərqli metod və üsullardan istifadə
etməkdə, tədrislə bağlı müxtəlif xarakterli tədbirlər
hazırlamaqda müəllimlərə sərbəstlik verir. Müəllimlər
mövcud fənn kurikulumunu məktəbin şəraitinə və
xüsusiyyətlərinə uyğunlaşdırır, onu təhsil alanlar üçün
daha münasib və mənalı şəkildə tətbiq etməyi
planlaşdırır. FMK məktəb səviyyəsində təlim prosesinin
planlaşdırılması (dərs cədvəli, dərslərin
planlaşdırılması) və təşkilinə, müəllimlərin
peşəkarlığının inkişafına və dəstəklənməsinə, təlim
prosesinin təkmilləşdirilməsinə, müəllimlər arasında
təcrübə mübadiləsinin aparılmasına və valideynlərlə
əlaqənin gücləndirilməsinə imkan yaradır.
FMK məktəbdə bütün fənn müəllimlərinin təmsil olunduğu
fənn metodbirləşmələri tərəfindən hazırlanır.
Metodbirləşmə üzvləri məktəbdə kurikulumun tətbiqi ilə
bağlı olan sənədləri hazırlayır, lazım gəldikdə əlaqədar
şəxslərə və təşkilatlara sorğu göndərir, cavabları
müzakirə edir, planlaşdırma və ədəbiyyat seçimi
məsələlərində müəllimin hər hansı yeni təklifini
əvvəlcə direktorun yanında, sonra yerli kurikulum
şurasının iclasında müzakirəyə təqdim edir. Fənn
kurikulumlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün
müəllimlər onu daim müzakirə etməli, fikir (münasibət)
bildirməlidir. Rayon səviyyəsində istifadə olunan
öyrətmə materialları, şagirdlərin iş materialları,
qiymətləndirmə vasitələri müəllimlər arasında yayılmalı
və müzakirə edilməlidir. Hər müəllim kurikuluma dair
tövsiyələri fərdiləşdirərək şagirdlərə gözlənilən təlim
nəticələrinə nail olmaqda kömək etməlidir.
2013-cü ildə Təhsil Problemləri İnstitutunun Kurikulum
Mərkəzində FMK-nın hazırlanması ilə bağlı tədqiqat
aparılmışdır. Tədqiqat nəticəsində FMK-nın məzmununda
aşağıdakı məsələlərin öz əksini tapması məqsədəuyğun
hesab edilmişdir.
Müəllim illik fəaliyyətini planlaşdırarkən Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş
tədris planı, "Ümumi təhsil pilləsinin dövlət
standartları və proqramları (kurikulumları)", Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş
Qiymətləndirmə Konsepsiyası, Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dərslik və
müəllim üçün vəsaitə istinad edir. Tədris planında
fənlərə ayrılan saatların miqdarına əsasən bölgü
aparır, illik fəaliyyət planını tərtib edir. İllik
planlaşdırma tərtib edərkən məktəbin şəraitini və
şagirdlərin inkişaf səviyyəsini nəzərə almaqla tədris
vahidlərini məzmun standartlarına əsasən müəyyən edir.
Bu zaman tədris vahidlərinin ardıcıllıq prinsiplərini
(sadədən mürəkkəbə, xronoloji, məntiqi) əsas götürür.
Hər tədris vahidinin əhəmiyyətliliyi və mürəkkəbliyi
baxımından vaxt müəyyən edilir. İllik planlaşdırma
cədvəlinin xanalarında reallaşacaq məzmun standartları,
təlim məqsədləri, tədris vahidi, mövzu, inteqrasiya,
layihə-dərslər, resurs, qiymətləndirmə növləri, saat,
tarix göstərilir. İllik planlaşdırma hazırlanarkən hər
bir xananın 2 hissəyə ayrılması və birinci xanada Təhsil
Nazirliyi tərəfindən verilmiş nümunə, ikinci xanada isə
müəllimin özünün təklif etdiyi nümunələr yazılır. Belə
bir planlaşdırma müəllimə fəaliyyətini sərbəst təşkil
etməyə şərait yaratmış olur. İllik planlaşdırma əsasında
təlim prosesinin təşkili ilə bağlı cari planlaşdırma
hazırlanır. Hər bir konkret mövzunun tədrisi üçün təlim
forması və üsullar seçilərkən onun səmərəliliyi, eləcə
də məzmun standartları ilə əlaqəliliyi, şagirdlərin
idraki bacarıqlarının və bilik səviyyələrinin zəif və
güclü tərəfləri nəzərə alınır.
FMK-da həmçinin məktəbdaxili qiymətləndirmənin növlərinə
(diaqnostik, formativ, summativ) dair materialların,
onların üsul və vasitələri, qiymətləndirmə standartları,
test tapşırıqları nümunələri və onların tərtibi
prinsipləri də verilir.
Sinifdə fənnin səmərəli təlimi üçün müxtəlif
resursların, əyani və texniki vasitələrin olması dərsin
maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa
imkan yaradır. FMK-da təlimin məzmununa, həm də yaşadığı
şəraitə uyğun resurslar göstərilir.
Təhsilverənlərin ixtisasları üzrə dövrün tələbatına
uyğun elmi-nəzəri biliklərə, uşaqlarla həssas
ünsiyyətqurma və iş bacarığına, pedaqoji etika və
mədəniyyətə, tədqiqatçılıq, özünütəhsil və idarəçilik
bacarıqlarına, yaradıcılıq və sağlam rəqabət tələb edən
layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak
etmək qabiliyyətinə, öz fəaliyyətini təqdim etmək və
qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına
malik olmaları müasir müəllimə verilən tələblərdəndir.
Müəllimin özünütəhsili işini düzgün təşkil etmək üçün
onun elmi-metodik ədəbiyyatlarla tanış olması, müxtəlif
öyrədici kurslarda iştirak etməsi vacibdir. Bu
məqsədlə tədris ili ərzində oxunacaq ədəbiyyat
siyahıları və iştirak edilməsi nəzərdə tutulan təlim
kursları FMK-da qeyd edilir.
Fənn kurikulumu ilə bağlı istiqamətverici tövsiyələr
daimi olaraq dəyişir və tələblərə uyğun olaraq
zənginləşir. Kurikulumla bağlı dərs planlarının
hazırlanması, strategiyalar və qiymətləndirmə ilə bağlı
məktəb və rayon səviyyəsində öyrədici seminarların,
müəllimlər arasında təcrübə mübadiləsi məqsədilə
dərslərin müşahidə edilməsi və "dəyirmi masa"larda
müzakirəsinin təşkili kurikulumun uğurla tətbiqinə
dəstəkdir. FMK-da öyrədici seminarlar, "dəyirmi
masa"lar, dərs dinləmələrlə bağlı məsələlər də öz
əksini tapır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris
planında dərsdənkənar tədbirlərə saat ayrılmışdır ki,
bu, şəxsiyyətin məqsədyönlü formalaşmasına, müəllim və
şagirdlərin qarşılıqlı əlaqədə olmasına, şagirdlərin
sosial və mənəvi, estetik zövqlərinin inkişafına müsbət
təsir göstərir. Bu baxımdan keçiriləcək tədbirlərin,
layihələrin mövzuları FMK-da göstərilir.
Təhsilin keyfiyyətini yüksəltmək üçün məktəbi əhatə edən
icma və övladları məktəbdə təhsil alan valideynlərlə
əlaqənin yaradılması əsas amillərdəndir. FMK-da
valideynlərlə maarifləndirici tədbirlərin -
seminarların, "dəyirmi masa"ların təşkil edilməsi,
VMA-larla birgə işlərin aparılmasına dair məsələlər də
öz əksini tapır.
İlkin araşdırmalar göstərir ki, bu məzmunda FMK-nın
hazırlanması:
- "Ümumtəhsil pilləsinin dövlət standartları və
proqramlarının (kurikulumlarının)" və "Fənlər üzrə
təhsil proqramları (kurikulumları)" sənədlərindən
bəhrələnməklə müəllimin təlimin təşkili ilə bağlı öz
fəaliyyətinə yaradıcı yanaşmasına;
- planını sərbəst şəkildə tərtib etməyə;
- illik və cari planlaşdırma zamanı standartların
düzgün seçilməsinə;
- standartlara əsasən mövzuların müəyyən edilməsinə;
- mövzuların tədrisinə ayrılan saatların, təlimin
təşkili ilə bağlı forma və üsulların, inteqrasiya
imkanlarının, müvafiq resursların, qiymətləndirmə vasitə
və üsullarının sinfin səviyyəsinə uyğun müəyyən
edilməsinə;
- təhsilalanların layihələrdə iştirakına;
- müəllimlərin peşəkarlıq səviyyələrini inkişaf
etdirmələrinə;
- müəllimlər arasında təcrübə mübadiləsinin
aparılmasına;
- şagirdlərin şəxsiyyət kimi formalaşması üçün
dərsdənkənar tədbirlərin keçirilməsinə;
- valideynlərlə maarifləndirmə işlərinin sistemli
şəkildə aparılmasına zəmin yaradacaqdır.
Yeni fənn kurikulumlarının prinsiplərinin müəllimlər
tərəfindən daha dərindən mənimsənilməsi və təlim
prosesinin keyfiyyətinin artırılması baxımından
FMK-nın hazırlanması mühüm əhəmiyyətə malikdir.
Bibixanım İBADOVA,
Təhsil Problemləri İnstitutunun şöbə müdiri, pedaqogika
üzrə fəlsəfə doktoru, dosent |