Mayın
16-da Təhsil Nazirliyinin əməkdaşlarının və media
nümayəndələrinin Gəncə şəhərinə səfəri təşkil olundu.
Səfərin məqsədi Gəncə şəhərinin təhsil ictimaiyyəti ilə
görüşlər keçirmək, Təhsil Nazirliyinin həyata keçirdiyi
yeni layihələri barədə ətraflı məlumatlar verməkdən
ibarət idi. Səfər çərçivəsində Gəncə Dövlət
Universitetində Təhsil Nazirliyi əməkdaşları və media
nümayəndələrinin bölgədə fəaliyyət göstərən 3 ali təhsil
müəssisəsində professor, müəllim və fəal tələbə heyəti
ilə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin
rektoru Yusif Yusibov qonaqları salamlayaraq tədbirin
əhəmiyyəti barədə iştirakçılara məlumat verdi, son illər
təhsil sahəsində həyata keçirilən islahatlardan danışdı.
Ali təhsil ocağında SABAH qruplarının təqdimatı
keçirildi. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin
aparat rəhbərinin müavini Yaqub Piriyev SABAH qrupları
haqqında danışdı. Qeyd edildi ki, bu qrupların
yaradılması təklifi müəllimlərin sonuncu qurultayında
təhsil naziri Mikayıl Cabbarov tərəfindən səsləndirilib.
Adıçəkilən qruplarla bağlı qısa müddətdə xeyli işlər
görüldüyünü nəzərə çatdıran Y.Piriyev bildirdi ki,
Azərbaycan iqtisadiyyatı bu gün inkişaf edir, ona görə
də ölkəmizə güclü kadr potensialı lazımdır.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin sektor müdiri
Sülhəddin Gözəlov SABAH qruplarının slaydlar vasitəsilə
təqdimatını etdi. Bildirildi ki, 8 baza-universitetdə
yaranacaq bu qruplarda tələbələr 53 ixtisas qrupunda
təmsil olunacaq. Bu ixtisaslara ölkə üçün prioritet
ixtisaslar - sənaye, təhsil və digərləri daxildir. İlk
olaraq növbəti tədris ilində 1000-dən çox tələbə II
kursdan SABAH qruplarında təhsil ala biləcək.
Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və
yeməklə təmin olunacaq. SABAH qrupunun tələbələri üçün
həm tədris fərqli olacaq, həm də əlavə imkanlar
yaradılacaq. Bundan başqa, təqdimatda SABAH qruplarının
əhəmiyyəti, məqsədi, üstünlükləri açıqlandı.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov
tədbirdə çıxış edərək SABAH qruplarının yaranma
fəlsəfəsi barədə məlumat verdi. Qeyd edildi ki, SABAH
qrupları ölkənin bütün ali təhsil müəssisələrini əhatə
edəcək. Gəncədə təhsil alan tələbələr də bu prosesdən
kənarda qalmayacaq.
Sonda tələbələrin və müəllim-professor heyətinin
çoxsaylı sualları cavablandırıldı.
Səfər çərçivəsində növbəti görüş Gəncə şəhər 25 nömrəli
orta məktəbdə baş tutdu. Burada şagirdlər üçün Gəncə
Dövlət Universitetində və Azərbaycan Texnologiya
Universitetində tədris olunan ixtisaslarla bağlı
təqdimat keçirildi. Təhsil Nazirliyinin təşəbbüsü ilə
reallaşan "İxtisas seçimi uğurlu karyeranın
başlanğıcıdır" layihəsi çərçivəsində təşkil olunan
təqdimat yuxarı sinif şagirdləri tərəfindən maraqla
qarşılandı.
Bundan başqa, KİV nümayəndələri Azərbaycan Dövlət Aqrar
Universitetində keçirilən məzun yarmarkasında da
oldular. Burada işəgötürənlərlə tələbələr arasında
təcrübə mübadiləsi izləndi.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |