Ənənəvi olaraq hər dərs ilində keçirilən və əhatə
dairəsinin genişliyinə, davametmə müddətinin uzunluğuna,
prestiji və əhəmiyyətinə görə digər bilik yarışlarından
fərqlənən məktəblilərin fənn olimpiadalarının ötən şənbə
yekun tədbiri oldu: qaliblərə mükafatlar təqdim olundu.
Təhsil Nazirliyində düzənlənən mərasimdə olimpiadaların
yekunları ilə bağlı maraqlı faktlar səsləndirildi,
qaliblərə təbriklər ünvanlandı. Qeyd olundu ki, builki
fənn olimpiadalarının rayon (şəhər) mərhələsi üzrə I
turunda 36908 məktəbli iştirak edib. Onlardan 6374-ü
ikinci turda mübarizə aparmaq şansı qazanıb. II turun
nəticələrinə əsasən 849 şagird final-respublika
mərhələsinə qatılıb.
Respublika mərhələsinin nəticələrinə əsasən 189 nəfər
qalib hesab olunub. Onlardan 108-i mükafatçı I-III
yerlər sırasındadır.
Bildirildi ki, bilik və biliyə əsaslanan təcrübə insanın
həyatı boyu qazanacağı ən böyük sərvətidir. Biliyə
aparan ağır, keşməkeşli, enişli-yoxuşlu yolu zəhmətkeş,
əzmkar, iradəsi möhkəm olanlar, zəhmətə qatlaşmağı
bacaranlar qət edə bilir. Qazanılan qələbə onu
qazananların yaddaşında hər zaman ən xoş xatirə kimi
qalacaq və onları daha böyük qələbələrə sövq edəcəkdir.
Diqqətə çatdırıldı ki, bu möhtəşəm bilik yarışması
respublikanın bütün bölgələrini əhatə edib. Hətta
Balakən rayonu kimi ucqar bölgələrimizdən 5 nəfər
olimpiada qalibi olub. Olimpiadalar mütəşəkkil, şəffaf
keçirilib, qiymətləndirmə ədalətli aparılıb.
Bəs bu barədə olimpiada qalibləri nə fikirdədirlər?
Onlar bu bilik yarışmasının qalibi olacaqlarını
gözləyirmişlərmi? Ona necə hazırlaşıblar? Olimpiadaların
təşkili və keçirilməsi onları qane edibmi? Bu
suallarımıza aydınlıq gətirmək üçün mükafatlandırma
mərasimdə qaliblərin bir neçəsi ilə həmsöhbət olub,
olimpiada təəssüratları ilə maraqlandıq. Aşağıda onların
cavablarını təqdim edirik.
Sevinc
İlqar qızı Əzizli, Şəki şəhər 8 nömrəli tam orta
məktəbin XI sinif şagirdi, Azərbaycan dili və ədəbiyyat
fənni üzrə I yer:
- Bəli, qələbəmi gözləyirdim. Artıq 3 il idi ki, bundan
ötrü çalışır və sonda bir nəticə olacağına inanırdım.
Olimpiadanın əvvəlki mərhələlərində iştirak edib II yerə
çıxırdım. Lakin finalda qələbə qazana bilmirdim.
Nəhayət, bu il "tilsim" qırıldı, I yerə layiq görüldüm.
Olimpiada tapşırığı mənə çox asan gəldi və hamısını
cavablandıra bildim.
Məktəblilərin fənn olimpiadalarının təşkilinin
məsuliyyətli və çətin bir iş olduğu hamıya aydındır. Bu
uğurlardan biz şagirdlərə nə qədər pay düşürsə, bizi
hazırlaşdıran müəllimlərimizə, olimpiadanı təşkil edib
keçirən Təhsil Nazirliyinə, onun bilavasitə bu işlə
məşğul olan əməkdaşlarına da bir o qədər pay düşür. Mən
bizim qələbəmizdə payı olan hər kəsə minnətdarlıq
edirəm.
Olimpiadanın təşkili səviyyəsindən çox razı qaldım.
Xüsusən də biliyimizin qiymətləndirilməsindən. Olimpiada
bilik yarışı, rəqabət olduğundan burada obyektiv
qiymətləndirmə əsas şərtdir. Sonrakı bütün
söz-söhbətlər, narazılıqlar da məhz qiymətləndirmə
düzgün aparılmadıqda, kiməsə üzgörənlik, güzəşt
edildikdə, kiminsə haqqı tapdalandıqda meydana çıxır. Bu
baxımdan builki fənn olimpiadalarını ən nümunəvi,
obyektiv bilik yarışmalarından hesab etmək olar.
Mən olimpiada qaliblərini təbrik edir, onlara gələcək
təhsillərində uğurlar arzulayıram. Mən gələcək təhsilim,
karyeramla bağlı artıq öz seçimimi etmişəm. Orta məktəbi
bitirdikdən sonra Qafqaz Universitetinə daxil olub III
qrup ixtisaslarından birinə yiyələnəcəyəm.
Gülnarə
Kamaləddin qızı Ağayeva, Sumqayıt şəhər 23 nömrəli tam
orta məktəbin XI sinif şagirdi, Azərbaycan tarixi fənni
üzrə III yer:
- Olimpiada qalibi olmaq hər bir şagirdin arzusudur.
Lakin qələbəni arzulamaq azdır, ona çatmaq üçün gərək
həm də gərgin çalışasan. Mən də dərs ilinin əvvəlindən
olimpiadaya yaxşı hazırlaşmışdım. Ona görə də qalib
olacağımı gözləyirdim. Gözləntim doğru çıxdı. III yeri
tutdum. Suallar çox çətin deyildi. Məncə, proqramları
mənimsəyən hər bir şagird bu suallara cavab verə
bilərdi.
Nəticəm məni qane edir. Düzdür, daha yaxşı da ola
bilərdi.
Lakin III yer də pis deyil. Builki olimpiadalar çox
yaxşı təşkil olunmuşdu. Ən əsası bütün səviyyələrdə,
mərhələlərdə obyektivlik ciddi hiss olunurdu. Əsil bilik
yarışı mühiti hökm sürürdü. Əvvəlcə bir qədər
həyəcanlanmışdım. Amma sonra özümü topladım və tezliklə
həyəcanım keçdi.
Olimpiadada bizə 5 sual təqdim olunmuşdu. Suallar
proqrama uyğun idi. Onların hamısını cavablandırdım.
Görünür, cavablarım o qədər də dolğun olmayıb. Keçən il
də fənn olimpiadalarında iştirak etmişdim. Ancaq onda II
tura qədər irəliləyə bildim. Finala düşmədim. Builki
nəticəmi həm də olimpiadaların daha mütəşəkkil, şəffaf
keçirilməsi, nəticələrin obyektiv, ədalətlə
qiymətləndirilməsi ilə izah edərdim. Bütün bunlara görə
başda Təhsil Nazirliyinin rəhbərliyi olmaqla bu işdə
zəhmət payı olan hər kəsə minnətdarlığımı bildirirəm.
Nigar
Elvaris qızı Əliyeva, Sumqayıt şəhər 7 nömrəli tam orta
məktəbin XI sinif şagirdi, Azərbaycan dili və ədəbiyyat
fənni üzrə I yer:
- 2014-cü il mart ayında keçirilən Respublika fənn
olimpiadalarının nəticələri mənə 11 illik məktəb
həyatımın ən ülvi, ən xoş anlarını yaşatdı. İnandım ki,
insan zəhmətilə hər şeyə nail ola bilər. Əlbəttə, bunun
üçün, ilk öncə münbit şərait olmalıdır.
Azərbaycan dili və ədəbiyyat fənnini sevirəm. Mənim
fikrimcə, hansı peşədə çalışmasından asılı olmayaraq hər
kəs dilini, ədəbiyyatını sevməli və yaxşı bilməlidir.
Çünki dil və ədəbiyyat hər bir xalqın sərvəti,
mənəviyyat çeşməsidir.
Hörmətli Prezidentimiz İlham Əliyevin təhsilə verdiyi
önəm biz gənclərin üzərinə böyük məsuliyyət qoyur.
Mən ikinci dəfədir ki, respublika fənn olimpiadasına
vəsiqə qazanmışdım. Lakin qalib olmağım ilk dəfədir. Bu
tək mənə yox, mənim təhsil aldığım məktəbə verilən bir
qiymətdir. Yüksək elmi təfəkkürə malik olan 11-ci sinif
şagirdləri arasında 1-ci yeri qazanmaq o qədər də asan
deyil. Bunun üçün, ilk öncə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə, olimpiada müddətində
şagirdlərin obyektiv qiymətləndirilməsinə şəxsən nəzarət
edən təhsil naziri Mikayıl Cabbarova, o cümlədən
münsiflər heyətinin üzvlərinə səmimi qəlbdən
minnətdarlığımı bildirirəm.
Namiq
Natiq oğlu Məmmədov, Bakıdakı 54 nömrəli tam orta
məktəbin XI sinif şagirdi, Azərbaycan tarixi fənni üzrə
I yer:
- Dərs əlaçısıyam. Azərbaycan tarixi fənnindən keçirilən
respublika olimpiadasında birinci yerə layiq görülməyim
məni çox sevindirdi. Mən bu olimpiadada yaxşı nəticə
qazanacağıma ümid bəsləyirdim, ancaq birinci yer mənim
üçün bir qədər gözlənilməz oldu. Olimpiada şəffaf
şəkildə keçirildi. Suallar həm bilik, həm də yaradıcılıq
qabiliyyəti tələb edirdi. Sualları cavablandırarkən çox
da çətinlik çəkmədim. Bunun üçün tarix fənnini bir elm
kimi mənə sevdirən və öyrədən əziz müəllimim Zeynal
Qasımova öz dərin minnətdarlığımı bildirirəm.
Yerı gəlmişkən deyim ki, mən fənn olimpiadalarında 4
ildir ki, iştirak edirəm. Həmişə Bakı şəhəri üzrə I yeri
tutmuşam və finala çıxmışam. X sinifdə, yəni ötən il
tarix fənni üzrə finalda 4-cü yerə layiq görülmüşəm.
Bundan əlavə, 2012-ci ilin may ayında Heydər Əliyev
adına Müasir Təhsil Kompleksində keçirilən və ulu öndər
Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr
olunan bilik yarışmasında "Surət" nominasiyası üzrə III
yeri tutmuşam.
Dərs əlaçısı olduğum üçün qızıl medala namizədliyim
irəli sürülüb.
Orta məktəbi başa vurduqdan sonra III ixtisas qrupu üzrə
ali məktəblərə qəbul imtahanında iştirak etmək
fikrindəyəm. Məqsədim hüquqşünas olmaqdır.
Ayşən
Habil qızı Məmmədli, Mingəçevir şəhər 20 nömrəli tam
orta məktəbin X sinif şagirdi, Azərbaycan tarixi fənni
üzrə II yer:
- Birinci sinifdən ən böyük arzum universitetə daxil
olmaq, ali təhsil almaqdır. Ona görə də o vaxtdan bəri
bütün fənləri yaxşı oxumağa çalışıram. Tarixlə isə
xüsusi maraqlanıram. Düzdür, iqtisadçı olmağı qarşıma
məqsəd qoymuşam. Amma fikirləşirəm ki, hər kəs öz
vətəninin, xalqının tarixini, keçmişini də yaxşı
bilməlidir.
Məktəbdə, rayonda keçirilən bilik yarışlarında daim
iştirak edirəm. Belə yarışlar adamda öz gücünə inam
yaradır. Respublika fənn olimpiadalarına da ikinci
dəfədir qatılıram. Ötən il tarixdən olimpiadada gücümü
sınamışdım, amma qalib gələ bilməmişdim. Bu il də qalib
olmağımı gözləmirdim. Düzdür, özümə arxayın idim. Amma
belə mötəbər yarışlardan təkcə özünəarxayınlıq hər şeyi
həll etmir. Sualların asan-çətinliyi, münsiflərin qərarı
çox vaxt daha həlledici olur. Builki olimpiadanın
sualları da mənə görə, çox çətin deyildi, hətta deyərdim
ki, gözləmədiyimdən də artıq dərəcədə asan idi. Bir də,
oxuyan üçün hər şey elə asan olur. Əminəm ki, münsiflər
heyəti də işləri çox obyektiv qiymətləndiriblər.
Ümumiyyətlə, bu il fənn olimpiadaları əvvəlki
illərdəkindən daha yaxşı təşkil olunmuşdu. Bunu bütün
mərhələlərdə hiss etmək mümkün idi. Finalda əsl
istedadlara özünü göstərmək üçün yaxşı meydan verilmişdi
və mən də özümü göstərdim. Nəticəmdən razıyam.
Biz gənclər dövlətimizin qayğısını daim hiss edirik.
Buna görə möhtərəm Prezident İlham Əliyevə dərin
minnətdarlığımı bildirirəm. Gələcəkdə heç vaxt
yadımdan çıxmayacaq builki uğurumu doğma vətənimə kiçik
şagird töhfəsi sayıram.
Dürdanə
İlham qızı Mirzəyeva, Bakıdakı 250 nömrəli tam orta
məktəbin XI sinif şagirdi, biologiya fənni üzrə II yer:
Birinci sinifdən indiyə kimi daima dərs əlaçısı
olmuşam.Bununla yanaşı mən 2012-ci ildə Bakı şəhəri 33
nömrəli musiqi məktəbini fortepiano ixtisası üzrə əla
qiymətlərlə başa vurmuşam.
Təhsil aldığım 11 ildə mənim bir çox naliyyətlərim olub.
Belə ki, 2010-cu ildə Rusiya səfirliyinin təşkil etdiyi
Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə həsr
edilmiş olimpiadada rus dili və ədəbiyyatı fənindən
respublika birincisi oldum. 2012-ci ildə Azərbaycan
Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş
bilik yarışında birinci yerə layiq görülmüşəm. Təhsil
Nazirliyinin keçirdiyi respublika fənn olimpiadalarında
üç il ardıcıl olaraq biologiya fənni üzrə iştirak
etmişəm. 2012-ci ildə 9-cu sinifdə Bakı birincisi olaraq,
respublika turunda III yerə layiq görülmüşəm. 2013-cü
ildə 10-cu sinifdə Bakı birincisi olaraq respublika
turunda III yerə çıxmışam. Nəhayət, bu il 11-ci
sinifdə respublika turunda II yerə layiq görüldüm və
biologiya fənni üzrə dünya olimpiadasına seçim turunda
iştirak etdim.
Ümumiyyətlə, belə yarışların təşkili biz şagirdlərdə
fənləri daha dərindən mənimsəməyə stimul yaradır.
Əvvəlki illərdən fərqli olaraq bu il keçirilən
olimpiadaların yüksək səviyyədə təşkili, şəffaflığı
təhsil nazirimiz cənab Mikayıl Cabbarovun gördüyü
işlərin göstəricisidir.Mən inanıram ki, dövlət başçımız
cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqəti
sayəsində yaxın gələcəkdə müasir Azərbaycan təhsili
dünyanın ən öndə gedən təhsil sistemi olacaq.
Hər bir şagirdin öz arzusu olduğu kimi, mənim də
arzularım var. Bunlardan birincisi yüksək balla
Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmaqdır.
Mən hələ uşaqlıqdan insanlara kömək etmək, onların
sağlamlığı keşiyində durmaq arzusunda olmuşam.
Nərgiz
Davud qızı Tahirli, Qəbələ rayonu Nohurqışlaq kənd tam
orta məktəbinin XI sinif şagirdi, kimya fənni üzrə II
yer:
- Olimpiadada qalib gələcəyimə əmin idim. Çünki keçən il
də iştirak etmiş və 4-cü yeri tutmuşdum. Təbii ki, bu il
də uğur gözləyirdim. Suallar asan olsa da bir sual orta
məktəbdə keçmədiyimiz mövzuya aid idi. Ona görə də mənə
çətin gəldi. 4 sualımı tam cavablandırdım. Nəticəmdən
razıyam.
Olimpiadanın təşkilindən mən də razı qaldım. Kimya üzrə
yarışların keçirildiyi Kimya və biologiya təmayüllü
liseydə finalçılara yaxşı şərait yaradılmışdı. Nəzarət
də kifayət qədər yüksək idi. Səmimi mühit mövcud
olduğundan heç bir həyəcan hissi keçirmirdim. Ötən il də
olimpiadada iştirak etdiyim üçün müqayisə apararaq deyə
bilərəm ki, builki yarışma məhz obyektivliyi ilə ötən
ildəkindən xeyli yüksək oldu.
Uğuruma özüm də, məktəbimizin kollektivi də xeyli
sevindi.
Bu sevinci bizə yaşatdığına görə olimpiadanın əsas
təşkilatçısı olan Təhsil Nazirliyinə minnətdarlığımı
bildirirəm. Bizim məktəbdən daha bir şagird - X sinifdə
oxuyan Vüsalə Əzizli də tarix üzrə olimpiada qalibi oldu.
Bu faktın özü, mənim fikrimcə, olimpiadanın necə
obyektiv keçirildiyini sübut edir. Mən məktəbimizin
rəhbərliyinə, müəllimlərimizə də təşəkkür edirəm. Onlar
bizim üzərimizdə çox zəhmət çəkirlər. Yəqin ki, bu
qələbəmi ömür boyu xatırlayacağam. Axı o mənim ilk böyük
qələbəmdir.
Hazırladı: Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |