2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı"na elan edilmiş müsabiqəyə sənəd qəbulu
başlandı.
22.05.2014-cü il, saat 09:00-dan etibarən "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"na elan edilmiş müsabiqəyə sənəd
qəbulu başlanılmış və 08.08.2014-cü il, saat 23:59-dək
davam edəcəkdir.
Ötən illərdən fərqli olaraq, Dövlət Proqramı
çərçivəsində xaricdə təhsil üçün həyata keçiriləcək
müsabiqəyə sənəd qəbulu "Dövlət orqanlarının elektron
xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında Azərbaycan Respublikası Prezidentinin
23.05.2011-ci il tarixli, 429 saylı Fərmanı"na uyğun
olaraq və eyni zamanda Təhsil Nazirliyinin Dövlət
Proqramı çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan
islahatların davamı nəticəsində tam elektron qaydada
həyata keçiriləcəkdir. Nəticədə, sənədlərin təqdim
olunması məqsədilə Təhsil Nazirliyinə gəlməyə və
sənədlərin poçt vasitəsilə göndərilməsinə ehtiyac
qalmayacaqdır.
Əvvəlcədən, 19.02.2014-cü il tarixində 2014-2015-ci
tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil üçün
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil
üzrə Komissiyanın sədrinin 11 nömrəli 10.02.2014-cü il
tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş
ali təhsil müəssisələrinin siyahısı" və "prioritet
ixtisas istiqamətləri" haqda ətraflı məlumat
ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Dövlət Proqramı çərçivəsində xaricdə təhsillə bağlı tez-tez
verilən suallar, müsabiqənin şərtləri, tələb olunan
sənədlər, elektron ərizə və digər məlumatlarla
xaricdetehsil.edu.gov.az internet
səhifəsindən tanış ola bilərsiniz.
Elektron ərizənin doldurulması ilə bağlı təlimatı
aşağıdakı keçiddən əldə etmək mümkündür:
xaricdetehsil.edu.gov.az/uploads/telimat-erize.pdf
Təhsil Nazirliyi bütün namizədlərə müvəffəqiyyətlər
arzulayır! |