Hər birimizin həyatında unudulmayan hadisələrdən biri də
"Son zəng" günüdür. Yaşımızdan, cəmiyyətdə tutduğumuz
mövqeyimizdən asılı olmayaraq üstündən neçə-neçə illər
keçsə də həmin gün bizim yaddaşımızda unudulmaz anları
ilə yadda qalıb. Xüsusilə insan yaşlaşdıqca
kövrəkləşir, ötən illərində qoyduğu uşaqlığını bir daha
yaşamaq istəyir, vaxtilə dərs demiş müəllimlərinin xoş
sözlərini, nəsihətlərini eşitmək, onlarla yenidən
görüşüb həyatda qazandıqları, əldə etdikləri uğurlarını
birlikdə paylaşmaq arzusunda olur. 54 il bundan qabaq
Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbini
bitirmiş məzunlar da yenidən o günləri, məktəb illərini
yada salmaq üçün mayın 31-də "Son zəng" günü vaxtilə
onlara dərs demiş, tanınmış pedaqoq, təcrübəli təhsil
işçisi Həmid Tağıyevin adını daşıyan Sabirabad kənd 2
nömrəli tam orta məktəbində bir araya gələcəklər. Artıq
bununla bağlı istər adıçəkilən məktəbdə, istərsə də
məktəbi 54 il bundan qabaq bitirmiş məzunlar tərəfindən
ciddi hazırlıq işləri görülməkdədir. Tədbirin əsas
təşkilatçılarından biri Nadir Eminovla söhbətimiz zamanı
ağsaqqal "məzun" 54 il əvvələ qayıdaraq bunları qeyd
etdi:
- Biz 1960-cı ildə 12 nəfərlə orta məktəbi bitirdik.
Əksəriyyətimiz ali təhsil alaraq müxtəlif sahələrdə uzun
illər çalışmışıq. Artıq təqaüdə çıxmışıq. 12 nəfərdən
5-i dünyasını dəyişib. İllərlə bir yerdə təhsil
aldığımız yoldaşlarımız təəssüf ki, artıq aramızda
yoxdur. Bu bizi çox kədərləndirir.
Sağ qalan yoldaşlarımızla belə qərara aldıq ki, 70 yaşlı
biz məzunlar bir araya gələk. Arayıb-axtarıb
müəllimlərimizi də tapmışıq. Vaxtilə bizə dərs demiş
Azərbaycan dili və ədəbiyyat müəllimi, uzun illər
məktəbimizin direktoru olmuş Həmid Tağıyevin həyat
yoldaşı 82 yaşlı Sevil Tağıyevanı, kimya müəllimimiz,
hazırda Tovuz rayonunun Əlimərdanlı kəndində yaşayan 81
yaşlı Hümbət Həsənovu da görüşə dəvət etmişik. Onları
aramızda görmək bizə o qədər xoşdur ki...
Bu tədbiri keçirməyimizdə digər məqsədimiz vaxtilə bizim
məktəbdə direktor işləmiş Həmid Tağıyevin əziz
xatirəsini ehtiramla anmaqdır. 1994-cü ildən Cəlilabad
rayonunun Sabirabad kənd 2 nömrəli tam orta məktəbi bu
təcrübəli pedaqoqun adını daşıyır. Bu il həmin məktəbə
Həmid Tağıyevin adının verilməsinin 20 ili tamam olur.
Doğma müəllimlərimizlə, sinif yoldaşlarımızla göruşümüzü
həyəcanla, səbirsizliklə gözləyirəm. Ümid edirəm ki,
müəllimlərimizlə, sinif yoldaşlarımızla təkrar 54 il
sonra bir araya gəlməyimiz, dünyasını dəyişmiş sevimli
pedaqoqlarımızı, direktorumuz Həmid Tağıyevi, sinif
yoldaşlarımızı xatılamağımız, məktəb illəri ilə bağlı
xoş xatirələrimizi, təəssüratlarımızı həmin günü "Son
zəng"i olacaq neçə-neçə yeniyetmə oğul və qızlarımızla
bölüşməyimiz onlar üçün bir örnək, bütövlükdə tədbirdə
iştirak edəcək hər bir kəs üçün maraqlı olacaqdır.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |