İyunun 4-də Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq
Komitəsi çərçivəsində Məşğulluq və sosial məsələlər,
ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət,
informasiya cəmiyyəti və audiovizual siyasət, elm və
texnologiya məsələləri üzrə alt komitənin üçüncü iclası
keçirilib.
Tədbirdə Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Elmlər
Akademiyasının, qarşı tərəfdən isə Avropa Xarici
Fəaliyyət Xidmətinin və Avropa İttifaqının Bakıdakı
nümayəndəliyinin rəsmisi iştirak edib. İclası Azərbaycan
tərəfdən Təhsil Nazirliyinin nümayəndəsi aparıb.
İclasda təhsil, məşğulluq və sosial məsələlər, səhiyyə,
gənclər siyasəti, mədəniyyət, tədqiqat və innovasiyalar,
informasiya cəmiyyəti mövzularında qarşılıqlı
müzakirələr aparılıb. Azərbaycan tərəfi sözügedən
sahələrdə həyata keçirilən islahatlar və əldə olunan
nəticələrlə bağlı məlumat verib, Aİ nümayəndə heyəti isə
bu sahələr üzrə həyata keçirilən siyasət və nəzərdə
tutulmuş dəyişikliklərlə bağlı təqdimatlar edib. İki
tərəf arasında əməkdaşlığın dərinləşdirilməsi və növbəti
islahatların həyata keçirilməsi üçün qarşılıqlı fikir
mübadiləsi aparılıb.
Qeyd edək ki, rotasiya prinsipinə əsasən, alt komitənin
növbəti iclası 2015-ci ildə Brüsseldə keçiriləcək. |