Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Xaricdə təhsil alan tələbələrimiz

"Xaricdə təhsil almaq, ilk növbədə, bir həyat dərsidir"

 

Rubrikamızın budəfəki qonağı ABŞ-ın Boston Universitetində magistr təhsili alan Qəmər Abdullayevadır  

Qəmər Bunyami qızı Abdullayeva  1985-ci ildə Bakı şəhərində anadan olub.  Orta təhsilini  Bakı Avropa Liseyində alıb. Ali təhsilini  Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində davam  etdirib.  Daha sonra Böyük Britaniyanın nüfuzlu təhsil ocaqlarından olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində  (London School of Economics and Political Science) təhsil alıb və magistr dərəcəsinə layiq görülüb.  Əmək fəaliyyətinə Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunda başlayıb.  Daha sonra hüquq şirkətində çalışıb.  Ailəlidir, bir övladı var. Hazırda  "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Boston Universitetinin  hüquq fakültəsində hüquq üzrə magistr təhsili alır.   

Təhsil islahatları xaricdə  yaşayan vətəndaşlarımız tərəfindən də alqışlanır 

Orta məktəb illərində humanitar fənlərə marağım böyük olub.  Azərbaycan dili və ədəbiyyat fənni  üzrə şəhər və respublika fənn olimpiadalarında iştirak etmişəm. Ali məktəbdə təhsilimi başa vurduqdan sonra xaricdə təhsil proqramı ilə maraqlanmağa başladım. Xarici ölkələrin nüfuzlu  universitetində öz ixtisasım üzrə daha dərin biliklər əldə etmək və təcrübə qazanmaq arzusundaydım. Buna görə də "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda iştirak etməyə qərar verdim.   Dövlət Proqramı çərçivəsində  istedadlı tələbələrin seçim prosesini çox müsbət qiymətləndirirəm.  Seçim gedişində şəffaflığın təmin edilməsinin texniki təminatı, müsahibə mərhələsində komissiya üzvlərinin peşəkarlardan ibarət  olması  prosesin obyektivliyinə  dəlalət  edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının rəqabətədavamlı olmasını təmin etmək üçün neft kapitalının insan kapitalına çevrilməsində təhsilə xüsusi önəm verir. Dövlət Proqramı bir çox gənclərə dünyanın nüfuzlu universitetlərində təhsil almalarına şərait yaradıb, onların sırasında mən də varam. Biz gənclər bu diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarıq. 

Hazırda Azərbaycanın təhsil sistemində ciddi islahatlar həyata keçirilir.  Bu  islahatların ölkə təhsilinin keyfiyyət  baxımından yeni səviyyəyə çıxması üçün  zəruri  addım  olduğunu hesab edirəm. Təhsil Nazirliyi bu istiqamətdə  ciddi iş aparır və bu, xaricdə yaşayan vətəndaşlar tərəfindən də müşahidə edilir və alqışlanır.  "Azərbaycan -2020: gələcəyə baxış" İnkişaf  Konsepsiyasının və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın müvafiq müddəalarına əsaslanan uğurlu təhsil siyasəti yürüdülür. 

Boston çox zəngin mədəni həyatı ilə də insanı valeh edir 

Yaşadığım  Boston şəhəri özünəməxsus bir yerdir.  ABŞ-ın digər şəhərlərindən fərqli olaraq, "avropasayağı" şəhərdir. Böyük Britaniyadan gələn immiqrantların yaşayış məskəni olduğu üçün Bostonun aid olduğu bölgənin "Yeni İngiltərə" adlandırılması təsadüfi deyil. Boston çox zəngin mədəni həyatı ilə də insanı valeh edir, muzeylər, qalereyalar və teatrlar şəhər həyatına rəng qatır. Bir çox məşhur teatr tamaşaları və şouları burada nümayiş etdirilir.  Bostonun təbiətinin gözəlliyini xüsusi  vurğulamaq lazımdır. Bu şəhərdə payız fəsli olduqca gözəl keçir və ağaclar əsrarəngiz rəngə boyanır. Minlərlə turist məhz Bostonda payızı  görmək  üçün  buraya  gəlir. Bostonluların britaniyalılara bənzər aksentlə  danışmaları da hamıda maraq oyadır. 

Xaricdə təhsil insanı güclü şəxsiyyət kimi formalaşdırır 

Xaricdə təhsil almaq, ilk növbədə, bir həyat dərsidir.  Ailəsindən və yaxınlarından uzaq olan şəxs özünə  güvənməyə  məcbur olmaqla şəxsi potensialından  maksimum  istifadə edir, xarakterini  güclü şəxsiyyət  kimi formalaşdırır  və  öz  ölkəsinə  qayıtdıqda cəmiyyət üçün daha faydalı və bəhrə verə bilən fərdə çevrilir.

Hazırda Boston Universitetinin Hüquq Məktəbində təhsil alıram. Boston Universiteti Amerikanın qabaqcıl və eyni zamanda, öz ənənələrinə sadiq ən yaxşı universitetlərindən biridir. Universitet müxtəlif sahələrdə əlamətdar hadisələrin müəllifi olan tələbə və müəllimləri ilə seçilir. Məsələn, Boston Universiteti irqçiliklə mübarizədə ölkə tarixində xüsusi yer tutub, Martin Lüter King Boston Universitetində təhsil alıb və çıxışlarının çoxunu burada edib. İlk telefon Boston Universitetinin professoru Alexander Graham Bell tərəfindən icad edilib. Qadınları qəbul edən ilk universitetlərdən biri olub. Hazırda universitetin alimləri tərəfindən aparılan araşdırmalar "Bill və Melinde Gates Fondu" kimi dünya miqyaslı təşkilatlar tərəfindən maliyyələşdirilir. Mən hüquq ixtisası üzrə təhsil alıram. Əsas maraq dairəm cinayət hüququ, xüsusən də maliyyə, iqtisadi və korrupsiya cinayətlərinin araşdırılmasından ibarətdir. 

Dekanlıq, rektorluq imtahan prosesindən kənarda qalır 

Universitetdə sessiya imtahanları ildə iki dəfə keçirilir. İmtahanların təşkili və keçirilməsi ilə bağlı xüsusi şöbə vardır, yəni dekanlıq, rektorluq və s. təsisatlar bu prosesdən kənarda qalır. İmtahanlar yazılı  qaydada keçirilir. Hər bir tələbənin imtahan kodu olur. Tələbənin kodu onun universitet saytındakı onlayn hesabında əks olunur. İmtahan zalına daxil olduqdan sonra tələbələrə imtahan sualları olan kitabçalar paylanılır, bu kitabçaların üzərində hər bir tələbə öz adını yazmamaq şərti ilə  kodunu yazır. İmtahan müddəti 3 və ya 4 saat olur. İmtahanların əksəriyyəti 5 açıq sualdan ibarət olur, amma bəzən imtahan iki hissəli də ola bilər, test və açıq suallar. İmtahan zamanı müəllim zalda olmur, imtahanın gedişatına xüsusi şəxslər nəzarət edir. İmtahanların nəticələri təqribən 2-3 həftə sonra hər bir tələbənin onlayn hesabında göstərilir.  

Dərs deyən müəllimlər fəal şəkildə elmi araşdırmalar aparan şəxslərdir 

Əsası 1839-cu ildə qoyulmuş Boston Universitetində hazırda bakalavr (24 min) və magistr (12 min) proqramları üzrə tələbə təhsil aılr. Xarici ölkələrdən olan tələbələr 17 faiz təşkil edir.  Amerika universitetlərinin digər ölkələrdən fərqi budur ki, buradaki universitetlər sadəcə təhsil mərkəzi deyil, eyni zamanda elmi araşdırma mərkəzləridir və dərs deyən müəllimlər fəal şəkildə elmi araşdırmalar aparan şəxslərdir.

Universitetdə magistr proqramları çox yüksək səviyyədə tədris olunur. Tədrisin istər  tədqiqatçılıq,  istərsə də tətbiqi  tərəflərinə xüsusi diqqət ayrılır. Buna görə də təhsili başa vuran bütün məzunlar prestijli iş tapmaq və ya öz ixtisası üzrə tədqiqatçılıq fəaliyyətlərini davam etdirməkdə eyni imkanlara malikdirlər. Fənlərin bir hissəsi xaricdən dəvət olunmuş müəllimlər  tərəfindən tədris olunur. Tələbələr ali məktəbi bitirdikdən sonra uğurlu praktik fəaliyyət üçün zəruri olan bütün vərdişlərə yiyələnirlər. Ölkənin ən böyük ali təhsil ocaqlarından olan Boston Universiteti elmi-tədqiqatçılıq fəaliyyəti ilə fəal surətdə məşğul olan universitetlərdən biridir. Universitetin Brüsseldə (Belçika), Dubayda  (Birləşmiş Ərəb Əmirlikləri), Londonda (Böyük Britaniya),  Vaşinqton (Kolumbiya ətrafı), Los-Ancelesdə (Kaliforniya ştatı), Sidneydə  (Avstraliya) kampusları var.  Boston Universiteti dünyanın 10 ölkəsindəki universitetlərlə əməkdaşlıq edir. Universitetin məzunlarından 7 nəfəri Nobel mükafatına  layiq görülüb.

Müəllimlərimizdən professor Simons cinayət hüququ üzrə nüfuzlu alimlərdən biri sayılır. Digər bir müəllimimiz olan Jeffrey Kohendir,  əvvəllər prokuror olub və bir çox maliyyə və korrupsiya cinayətlərinin açılmasında xüsusi xidmətlər göstərib.  

Tələbə həyatım maraqlı keçir 

Boston Universitetində dünyanın müxtəlif ölkələrindən olan gənclər təhsil alır. Əcnəbi tələbələrə burada münasibət müsbətdir. Bostonda tələbə həyatım maraqlı keçir. Dərslərdən əlavə demək olar ki, hər həftə hüquq sahəsində müəyyən  nailiyyətlər əldə etmiş şəxslərlə görüşlər təşkil olunur, xüsusən də hakimlərlə  görüşlər  böyük  maraq doğurur.   Həmçinin müxtəlif  hüquq şirkətlərinə, təşkilatlara və məhkəmələrə ziyarətlər  təşkil olunur. Asudə vaxtlarımı  ailəmlə və dostlarımla keçirirəm, burada yaşayan azərbaycanlılarla görüşməyə çalışırıq.   Azərbaycan diasporasının keçirdiyi tədbirlərdə fəal iştirak etməyə çalışıram. Həmvətənlərimizlə bir araya gələrək  əlamətdar tarixləri qeyd edirik.

Amerikada  təhsil almış və hazırda ayrı-ayrı sahələrdə çalışan bir çox gənc azərbaycanlı alimlər vardır. Gənc alimlərin də fəaliyyətinin və təhsilinin işıqlandırılması maraqlı olardı.

Gənclərimizin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almasını yüksək qiymətləndirirəm. Əsas məqsədim təhsilimi  uğurla başa vuraraq vətənə dönmək, ölkəmizdə iqtisadi cinayətlərə dair qanunvericiliyin təkmilləşdirilməsində iştirak etmək və bu sahədə  öz töhfəmi verməkdir.   

Hazırladı: Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov