Tanınmış
Azərbaycan bəstəkarı, qəlboxşayan bəstələri, incə,
lirik mahnıları ilə neçə-neçə nəsillərin musiqi zövqünü
oxşamış, bədii-estetik duyumunun formalaşmasında
yardımçı olmuş Azərbaycan Respublikasının xalq artisti,
professor, "Şöhrət" və "Şərəf" ordenli Ramiz Mirişlinin
bu il 80 yaşı tamam olur. Bu münasibətlə mayın 30-da
Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi
Kollecində Ramiz Mirişli ilə görüş və ona həsr olunmuş
konsert keçirilmişdir. Görüşün mayın 30-na - "Son zəng"
gününə salınması təsadüfi olmayıb, rəmzi məna kəsb
edirdi. Axı Ramiz Mirişli özü də vaxtı ilə bu Musiqi
Kollecinin məzunu olmuşdur. Görüşün həmin gün təyin
olunması həm də tədbirin tələbələrin yaddaşına maraqlı
bir hadisə kimi həkk olunmasında mühüm rol oynamışdır.
Tədbiri Musiqi Kollecinin direktoru, əməkdar incəsənət
xadimi, professor Nazim Kazımov giriş sözü ilə açaraq
keçmiş məzunlarını salamlamış, onu yenidən doğma təhsil
ocağında görmələrindən məmnunluq duyduqlarını
söyləmişdir. Sonra o, Ramiz Mirişlinin həyat yolu və
yaradıcılığı haqqında məlumat verərək tanınmış
bəstəçinin çoxlu sayda lirik mahnının, filmlərə yazılmış
musiqinin, simfonik əsərlərin müəllifi olduğunu
bildirmişdir. Çıxışında Ramiz Mirişlini həm də fəal
ictimai xadim, gözəl pedaqoq kimi səciyyələndirən
N.Kazımov onun bu istiqamətlərdəki fəaliyyətindən də söz
açmış, musiqi kadrlarının hazırlanmasında əvəzsiz
xidmətlər göstərdiyini vurğulamışdır.
N.Kazımov çıxışının sonunda 80 illik yubileyi münasibəti
ilə Ramiz Mirişlini təbrik etmiş, ona möhkəm sağlamlıq
və yeni yaradıcılıq uğurları arzulamışdır.
Səmimi görüş üçün minnətdarlığını bildirən Ramiz Mirişli
görüşün onu təsirləndirdiyini dilə gətirmiş, öz ürək
sözlərini müəllim və tələbələrlə bölüşmüş, kollecdə
oxuduğu illərdən xatirələr danışmışdır.
Sonra səhnə Musiqi Kolleci tələbələrinin ixtiyarına
verilmiş, onlar maraqlı konsert proqramı nümayiş
etdirmişlər.
Nəfəs və zərb alətləri orkestrinin çıxışı ilə başlayan
konsertdə Ramiz Mirişlinin mahnıları ifa olunmuş, eyni
zamanda tar, klarnet, trombon alətlərində müxtəlif
əsərlər səslənmişdir. Konsert Musiqi Kollecinin xalq
çalğı alətləri ansamblının çıxışları ilə başa çatmışdır.
Ansamblın müşayiəti ilə kollecin IV kurs tələbəsi Nuranə
Şıxəliyevanın ifa etdiyi sözləri Fikrət Qocaya, musiqisi
Ramiz Mirişliyə məxsus "Bir xumar baxışla" mahnısı və
digər musiqi nömrələri həm də konsertin ən təsirli
anları kimi yadda qalmışdır.
Sonda yubilyar bəstəkarla xatirə şəkli çəkdirilib.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |