11-13
iyun tarixlərində Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma İnstitutunda "İnnovasiya, təhsilin
keyfiyyəti və inkişaf" mövzusunda III Beynəlxalq elmi
konfrans keçirilir. İyunun 12-də BPKİYİ-nin 75 illik
yubileyinə həsr olunmuş tədbir başlamazdan öncə
iştirakçılar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin
abidəsi önünə əklil və tər çiçəklər düzdülər, akademik
Zərifə xanım Əliyevanın da xatirəsi hörmətlə yad edildi.
Şəhidlər xiyabanını ziyarət edən konfrans iştirakçıları
daha sonra Bakı şəhərindəki akademik Zərifə Əliyeva
adına liseyin fəaliyyəti ilə tanış olmaq məqsədilə bu
təhsil müəssisəsinə gəldilər.
Sonra tədbir BPKİYİ-nin akt zalında keçirilən plenar
iclasla davam etdirildi.
Konfransda BPKİYİ-nun rektoru Asəf Zamanov iştirakçıları
salamlayaraq bu beynəlxalq tədbirdə iştirakı vacib və
zəruri saydıqları üçün bütün nümayəndələrə, xüsusən də
xarici qonaqlara minnətdarlığını bildirdi.
Konfransın rəhbərlik etdiyi institutun 75 illik
yubileyinə təsadüf etdiyini diqqətə çatdıran rektor
BPKİYİ-nin keçdiyi tarixi inkişaf yolu haqqında ətraflı
məlumat verdi.
A.Zamanov "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf"
mövzusuna həsr edilmiş konfransın əhəmiyyətindən söz
açdı. İki il öncə həmin mövzuda keçirilmiş və mövzu ilə
bağlı aktual məsələləri, eləcə də gələcək beynəlxalq
əməkdaşlıq yollarını müzakirə etmiş beynəlxalq tədbirin
bu istiqamətdə müsbət nəticələrindən biri olduğu
vurğulandı. Rektor təhsilin səviyyəsinin ölkənin inkişaf
səviyyəsi ilə bilavasitə bağlı olduğunu qeyd edərək son
illər ölkəmizdə iqtisadi sahədə stabil artım baş
verdiyini, həyatın bütün sahələrində, o cümlədən
təhsildə yüksək inkişafa nail olunmasına hədəflənmiş
irimiqyaslı layihə və proqramların həyata keçirildiyini
diqqətə çatdırdı. Bu baxımdan ölkə Prezidentinin xüsusi
sərəncamı ilə ötən il oktyabrın 24-də təsdiq olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nı xüsusi qeyd edən natiq bu mühüm sənədin
ölkəmizdə təhsilin yeni keyfiyyət səviyyəsinə
qaldırılmasına yönəldiyini bildirdi və onun əsas
strateji istiqamətlərini diqqətə çatdırdı.
Rektor innovasiya, təhsilin keyfiyyəti və inkişafı ilə
bağlı son illər institutlarında görülmüş işlərdən və
əldə olunmuş uğurlardan da söz açıb, III Beynəlxalq
konfransın bu işlərə yeni təkan verəcəyinə əminliyini
bildirdi.
Daha sonra çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr
müavini Şaiq Əsgərov, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin nümayəndəsi Natiq İbrahimov, Binəqədi Rayon
İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva,
Qafqaz Universitetinin rektoru Ahmet Saniç, Belarusun
Azərbaycandakı səfirliyinin nümayəndəsi Dmitriy
Afsyanskiy, Belarus Diplomdansonrakı Təhsil
Akademiyasının rektoru, professor Andrey Monastırnı, BDU-nun
sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət
Əlizadə, Türkiyə Respublikasının Hacettepe
Universitetinin professoru İsmayıl Haqqı, Azərbaycan
Müəllimlər İnstitutunun prorektoru Rahim Əzizov,
Azərbaycan Texniki Universitetinin kafedra müdiri Sübhan
Namazov, gürcüstanlı qonaq Manana Kacaya, Sumqayıt
Dövlət Universitetinin əməkdaşı Ramazan Məmmədov,
Naxçıvan Dövlət Universitetinin nümayəndəsi Rəcəb Ağayev,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının dosenti Sevil Məmmədova və
başqaları BPKİYİ-nin fəaliyyətini, burada həyata
keçirilən tədbirləri, xüsusən xarici ölkələrlə
qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
istiqamətində görülən işləri çox yüksək
dəyərləndirdiklərini bildirdilər. Müasir dünyada elmin,
təhsilin önəmli rolundan bəhs edən natiqlər bu
beynəlxalq tədbirin mühüm əhəmiyyət kəsb etdiyini
vurğulayaraq konfransın işinə uğurlar arzuladılar.
Bir neçə iştirakçıya sertifikat təqdim olunduqdan sonra
konfransın plenar iclası başa çatdı. Proqrama uyğun
olaraq konfrans öz işini iki gün ərzində bölmələrdə
davam etdirir.
Verilən məlumata görə, konfransın proqramına xarici
ölkələrin, eləcə də Azərbaycanın alim və
mütəxəssislərinin 120 məruzəsi daxil edilib.
Hicran ƏKBƏROVA,
foto Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi" |