Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif
Talıbov Gürcüstanın Acarıstan hökuməti sədrinin dəvəti
ilə Batumidə olub. Səfər çərçivəsində Acarıstan Muxtar
Respublikası hökumətinin sədri Arçil Xabadze, Acarıstan
Ali Sovetinin sədri Avtandil Beridze ilə görüş keçirilib.
Rəsmi görüşlərdə qeyd olunub ki, Naxçıvan Muxtar
Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında
əlaqələr hər iki tərəfin səyləri nəticəsində ilbəil
genişlənir. Ticarət-iqtisadi, səhiyyə və təhsil
sahəsində əməkdaşlıq, elm və təhsil müəssisələri
arasındakı əlaqələr böyük potensiala malikdir. Batumi
Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti
arasında imzalanmış memoranduma əsasən qarşılıqlı tələbə
və elmi informasiya mübadiləsi həyata keçirilir.
Səfər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov Şota Rustaveli adına Batumi Dövlət
Universitetinin professor-müəllim heyəti və tələbələri
ilə də görüşüb.
Mərasimi Batumi Dövlət Universitetinin prorektoru İrakli
Baramidze açaraq universitetin fəxri doktoru - Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri ilə keçirilən
görüşdən məmnunluğunu ifadə edib. İrakli Baramidze
Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət
Universiteti arasında qurulan səmərəli elmi əməkdaşlığın,
aparılan qarşılıqlı tələbə və elmi informasiya
mübadiləsinin əhəmiyyətini vurğulayıb, ali təhsil
ocaqları arasındakı əlaqələrin bundan sonra da davam
etdirilməsinin vacibliyini bildirib.
Qeyd olunub ki, Batumi Dövlət Universiteti ilə Naxçıvan
Dövlət Universiteti arasında bağlanmış müqaviləyə uyğun
olaraq, hər iki ali təhsil müəssisəsi 2012-ci ildən sıx
əməkdaşlıq edir. Universitetlərarası tələbə və müəllim
mübadiləsi həyata keçirilir. Hər iki tərəfin elm və
təhsil müəssisələrində keçirilən beynəlxalq elmi
konfranslarda gürcü və azərbaycanlı alimlərin iştirak və
çıxış etmələri humanitar sahədə əlaqələri daha da
genişləndirmişdir. Batumi Dövlət Universitetində
yaradılmış "Acarıstan-Naxçıvan Muxtar Respublikası"
dostluq auditoriyası dərinləşən dostluğun və təhsil
əlaqələrinin gözəl nümunəsidir.
Ali Məclisin Sədri Şota Rustaveli adına Batumi Dövlət
Universitetinin fəxri doktoru adını daşımağın onun üçün
fəxr olduğunu bildirib, Azərbaycan-Gürcüstan təhsil və
elmi əlaqələrinin inkişafına göstərdikləri səylərə görə
universitetin professor-müəllim heyətinə təşəkkür edib.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir
üzvü, professor Saleh Məhərrəmov, Azərbaycanın Acarıstan
Muxtar Respublikasındakı Baş konsulu Hüseyn Nəcəfov və
Acarıstan Muxtar Respublikası Parlamentinin Sədri
Avtandil Beridze çıxış edərək universitetlər arasındakı
əlaqələrin hazırkı səviyyəsi və gələcək
perspektivlərindən bəhs ediblər.
Batumi Dövlət Universitetinin müəllimləri və bu
universitetin mübadilə əsasında Naxçıvan Dövlət
Universitetində təhsil alan tələbələri ali təhsil
ocaqları arasında əməkdaşlığın qurulmasına və inkişafına
göstərdiyi diqqət və qayğıya görə Vasif Talıbova
minnətdarlıq ediblər.
Sonra Ali Məclisin sədri Batumi Dövlət Universitetinin
müəllim və tələbələrinə kompüter dəstləri hədiyyə edib,
onlarla xatirə şəkli çəkdirib.
Görüşdən sonra yerli kütləvi informasiya vasitələrinə
müsahibə verən Ali Məclisin Sədri Vasif Talıbov Naxçıvan
və Acarıstan muxtar respublikaları arasındakı
münasibətlərin, xüsusilə təhsil sahəsindəki əlaqələrin
məmnunluq doğurduğunu bildirib, bu əməkdaşlığın gələcək
perspektivləri barədə verilən sualları cavablandırıb.
Mehriban SULTAN |