Avqustun
20-də Təhsil Nazirliyində 2013-2014-cü dərs ilinin
yekunları və 2014-2015-ci dərs ilində qarşıda duran
vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirədə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri,
rayon və şəhər təhsil şöbələrinin müdirləri və digər
məsul işçilər iştirak etmişlər.
Müşavirə iştirakçılarını salamlayan təhsil naziri
Mikayıl Cabbarov ötən dərs ilinin əlamətdar hadisələrlə
yadda qaldığını və ölkə təhsilinin strateji inkişafı
baxımından başlanmış islahatların uğurla davam
etdirildiyini bildirmişdir.
Ötən dərs ilində təhsilin inkişafı ilə bağlı bir sıra
əhəmiyyətli sənədlərin qəbul edildiyini nəzərə çatdıran
nazir bütün bunların ölkə Prezidenti cənab İlham
Əliyevin təhsil sahəsinə göstərdiyi diqqətin nəticəsi
olduğunu vurğulamışdır. Məktəbəqədər təhsilin
əhəmiyyətinə toxunan təhsil naziri bu istiqamətdə Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım
Əliyeva tərəfindən həyata keçirilən genişmiqyaslı
tədbirlərə diqqət çəkmişdir.
Nazir
təhsilin məzmunu, müəllimin fəaliyyətinin
səmərəliliyinin artırılması, tədris resurslarının
hazırlanması, təhsil müəssisələrinin işinin günün
tələbləri səviyyəsində təşkili və mövcud olan mənfi
hallara qarşı mübarizə sahəsində aparılan islahatların
müsbət nəticələr verməsini təqdirəlayiq hal kimi
dəyərləndirmişdir.
Daha sonra müşavirədə çıxış edən məruzəçilər
2013-2014-cü tədris ilinin yekunları, ümumi təhsil
məktəbləri məzunlarının buraxılış imtahanlarında
göstərdiyi nəticələrin müqayisəli təhlili, Respublika
fənn olimpiadalarının təşkili, müsabiqə yolu ilə
müəllimlərin yerdəyişməsi və işə qəbulu, Bakı
şəhərindəki ümumi təhsil məktəblərində çalışan
müəllimlərin sınaq qiymətləndirilməsi, məktəb
direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda
olan pedaqoji kadrlar üçün təşkil edilmiş təlimlər və
məktəb direktorlarının təyin olunması prosesi, növbəti
tədris ilinə hazırlıqla bağlı qarşıda duran vəzifələr
haqqında ətraflı məlumat vermişlər.
Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsinin
inkişafı, mövcud problemlərin aradan qaldırılması
istiqamətində aparılan islahatların dərin ictimai
rəğbətlə qarşılandığını və cəmiyyətin bütün təbəqələri
tərəfindən dəstəkləndiyini bildirmişdir. Nazir qeyd
etmişdir ki, ötən dərs ilində təhsilin bütün pillələri
üzrə yekun göstəricilər və həyata keçirilən islahatların
ilkin nəticələri bunu deməyə əsas verir.
Təhsil naziri, həmçinin, bildirmişdir ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul
2014-cü il tarixli "Azərbaycan Respublikası Təhsil
Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında"
sərəncamına əsasən, regional təhsil idarələrinin
yaradılması təkcə ümumi təhsilin idarəetmə strukturunun
optimallaşdırılması yönündə deyil, eləcə də digər təhsil
pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların
formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaqdır.
Nəticə etibarı ilə müasir idarəetmə, hesabatlılıq və
məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq
edilməsi sayəsində yerlərdə təhsilin idarə edilməsində
şəffaflığın və aşkarlığın artırılmasını təmin etmiş
olacağıq. Struktur islahatları təhsilin keyfiyyət
göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam
təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının
artırılmasına, təhsilalanların və təhsilverənlərin
mənafelərinin təmin edilməsi kimi məqsədlərin
reallaşdırılmasına xidmət edir.
Sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyində
xüsusi işçi qrupun yaradıldığını söyləyən nazir bununla
bağlı Fəaliyyət Planının hazırlandığını nəzərə
çatdırmışdır. Fəaliyyətdə keçmişə deyil, gələcəyə
baxmağın zəruriliyini önə çəkən təhsil naziri qarşıya
qoyulmuş vəzifələrin təhsil sisteminin real inkişafına
yönəldiyini qeyd edib, müvafiq tapşırıq və tövsiyələrini
vermişdir.
Müşavirədə, o cümlədən, regional idarələrin
formalaşdırılması üçün atılacaq addımlar, qarşıda duran
vəzifələr, digər dövlət orqanları ilə fəaliyyətin
koordinasiyası və digər məsələlər ətraflı müzakirə
olunmuşdur. |