Uzun illər yaranmış ənənələrə uyğun olaraq bu il də
azərbaycanlı gənclərin bir qrupu ali təhsil almaq üçün
Rusiya Federasiyasının nüfuzlu ali məktəblərini seçib.
Belə ki, müvafiq qəbul prosedurlarından uğurla keçmiş
115 gənc yeni dərs ilindən Moskva, Sankt-Peterburq,
Həştərxan, Volqoqrad. Krasnodar, Perm, Rostov-Don,
Ryazan, Samara və bir çox digər şəhərlərin
universitetlərində təhsil alacaq. Onlar jurnalistika,
linqvistika, filologiya, tarix, pedaqogika, sosiologiya,
informatika, iqtisadiyyat, hüquq, tibb və s. ixtisaslara
yiyələnəcəklər.
Bu barədə qonşu ölkədə təhsil alacaq tələbələrlə Rusiya
Federasiyasının ölkəmizdəki səfirliyində avqustun 23-də
keçirilmiş görüşdə məlumat verilib. Görüşdə iştirak edən
tələbələri və onların valideynlərini salamlayan səfir
Vladimir Doroxin RF-in Azərbaycan mütəxəssislərinin
hazırlandığı əsas xarici mərkəzlərdən biri olduğunu,
təmsil etdiyi ölkədə hazırda təqribən 7 min azərbaycanlı
oğlan və qızın təhsil aldığını bildirib. Səfir biliklərə
yiyələnməkdə tələbələrə uğurlar arzulayıb və öz
işlərinin peşəkarı olmalarını, doğma ölkəyə xeyir
vermələrini tövsiyə edib.
Rostov-Dondakı Cənub Federal Universitetinə qəbul
olunmuş Kamilla Hacıyeva görüş iştirakçılarını tələbələr
adından salamlayıb və Rusiya büdcəsi hesabına ali təhsil
almaq, təhsil illərində Rusiyanı daha yaxından tanımaq
imkanı verdiyinə görə Rusiya Federasiyasının hökumətinə,
Azərbaycandakı rusiyalı diplomatlara minnətdarlığını
bildirib.
"Rossotrudniçestvo" Agentliyinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Valentin Denisov, İsmayıllı
rayonunun İvanovka kəndindəki Heydər Əliyev adına tam
orta məktəbin direktoru Mixail Uryupin çıxış edərək
tələbələri təbrik edib, öz ürək sözlərini söyləyiblər.
Tədbirdə tələbələrə rus ədəbiyyatı klassiklərinin
kitabları hədiyyə olunub.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |