Sumqayıt Dövlət Universiteti (SDU) beynəlxalq əməkdaşlıq
sahəsində artıq kifayət qədər təcrübəyə malikdir. Belə
ki, SDU Avropa İttifaqının 4 TEMPUS layihəsinin
iştirakçısıdır. Bunlardan biri "Əlilliyi olan
insanların Azərbaycanın ali təhsil müəssisələrinə
inteqrasiyasının təməlinin qoyulması" adlı TEMPUS
layihəsidir.
SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent
Nizami Namazov və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri,
dosent Turqay Hüseynov layihə çərçivəsində Avstriyanın
Qraz və Yunanıstanın Makedoniya universitetlərində 3
günlük işgüzar səfərdə olublar.
Görüşlərdə layihə çərçivəsində korluğu olan tələbələr,
bələdçilik mövzuları müzakirə olunub, əlil tələbələr
üçün texnologiyanın təqdimatı, görmə əlilliyi olan
tələbələr üçün kitabxana xidmətləri, əlillərin
ehtiyaclarının müəyyənləşdirilməsi və təhlili mövzuları
ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi Təhsil
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin dəstəyi ilə əlilliyi olan insanların
Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasını
sürətləndirmək və bu sahədə Avropa təcrübəsini
universitetlərdə tətbiq etməkdir.
Qraz Universiteti (Avstriya), Makedoniya Universiteti
(Yunanıstan), Lodz Universiteti (Polşa), European Human
Consultancy təşkilatı (Hollandiya) layihənin Avropa
təşkilatlarıdır.
Azərbaycan tərəfdən layihənin tərəfdaş təşkilatları
Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad
Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt
Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan
Dövlət Universiteti və Azərbaycan Əlil Təşkilatları
İttifaqıdır.
Qeyd edək ki, layihə çərçivəsində əlillərin cəlb
edilməsi üçün qaydalar və siyasətin hazırlanması, əlil
insanlarla işləmək ücün kadr hazırlığının aparılması,
hər bir yerli tərəfdaş universitetdə əlillər üçün
mərkəzlərin yaradılması, Azərbaycanın ali məktəblərində
əlilliyi olan şəxslər üçün fiziki mühitin inkişaf
etdirilməsi, ictimai məlumatlılığın artırılması kimi
işlər görüləcək.
Onu da qeyd edək ki, SDU-da artıq əlil tələbələrin
təhsil almaları üçün hər cür şəraiti olan otaq
ayrılmışdır.
Layihə üzrə nəzərdə tutulan işlər davam etdirilir.
Mətbuat xidməti |