İnformasiya-kommunikasiya texnologiyaları hər bir sahəyə
olduğu kimi, təhsil sahəsinə də sürətlə tətbiq olunur.
İKT-dən istənilən fənnin tədrisində geniş istifadə etmək
imkanları var. Texnologiyalar müəllimlərin öz
şagirdlərinə təklif edə bildiyi resursları artırır,
şagirdlərin dərslik və müəllimdən asılılığını azaldır.
Şagirdlər kompüterlərdən bir resurs vasitəsi kimi, fərdi
şəkildə öyrənmə üçün bir iş mərkəzi kimi və ya öz
fikrini digərləri ilə paylaşmaq üçün bir ünsiyyət
vasitəsi kimi istifadə edərək öz anlayışlarını inkişaf
etdirə bilər. Bu baxımdan, coğrafiya fənnində İKT-nin
tətbiqinin əhəmiyyəti çox böyük və əvəzedilməzdir.
Müəllim İKT-dən istifadə etməyə dair qərar verməzdən
əvvəl dərsin məqsədlərini nəzərdən keçirməlidir.
Texnologiyalara heç də bütün dərslərdə ehtiyac duyulmur.
İKT-dən plansız, qabaqcadan düşünülməmiş şəkildə
istifadə olunarsa, dərsin keyfiyyətinin aşağı düşməsinə,
şagirdlərin tez yorulmasına, vaxt çatışmazlığına səbəb
ola bilər və ümumiyyətlə, müəyyən nəticəyə nail olmamağa
gətirib çıxarar.
Şagirdlər internet resurslarından istifadə edərək
müəllimin tapşırığı əsasında tədqiqat işi apara bilər.
Özünün dəyişkənliyi, mənbələrin müxtəlifliyi və
məlumatların vaxtlı-vaxtında dərc olunması cəhətdən heç
bir digər proqram təhsil nöqteyi-nəzərindən bu qədər
geniş imkanlara malik deyil.
Bildiyimiz kimi, coğrafiyanın tədrisində ən vacib
köməkçi vasitə xəritələrdir. Xəritəsiz coğrafiyanı
təsəvvür etmək belə mümkün deyil. Hazırda məktəblər
müxtəlif xəritələrlə təmin edilmişdir. Lakin dərs zamanı
müəllimə və yaxud şagirdə elə xəritə lazım olur ki,
həmin xəritə nə məktəbdə, nə də atlaslarda var. Bu halda
yeganə çıxış yolu kompüter və internet resurslarıdır. Bu
resurslardan istifadə etməklə istənilən xəritəni tapmaq
və ya surətini çıxarmaq mümkündür. Məsələn, türk
dünyasının coğrafiyası üçün məktəblərimizdə yalnız bir
divar xəritəsi vardır. Dərslikdəki xəritələr dolğun və
aydın deyil. Kontur xəritələr isə ümumiyyətlə yoxdur.
Belə olduqda müəllimin və şagirdin köməyinə internet
resursları gəlir.
Belə bir məsəl var: Yüz dəfə eşitməkdənsə, bir dəfə
görmək yaxşıdır. İş təcrübəmdən müəyyən etmişəm ki,
bilik və məlumatların vizual, xüsusən audio-vizual
şəkildə verilməsi şagirdlərin diqqətinin mövzu ətrafında
daha çox cəmləşməsinə, bilik və məlumatların uzun müddət
yadda qalmasına, biliklərin dərindən mənimsənilməsinə
səbəb olur. Bu, eyni zamanda şagirdlərin coğrafiyaya
marağının artmasına imkan verir. İnternet resurslarından
təkcə xəritə probleminin həllində yox, eləcə də təsvir
və video görüntülər əldə etmək üçün istifadə oluna
bilər.
Coğrafiya təbiətlə çox bağlıdır. Şagirdlərə hər dərsdə
müəllim tərəfindən müxtəlif təbiət obyektləri və
hadisələri haqqında çoxlu məlumatlar verilir. Yəni,
coğrafi obyektin xarici görünüşü, onun elementləri,
dinamikası və s. Çox vaxt şifahi və ya yazılı şəkildə
verilən bu anlayışlar şagirdə aydın olmur və onu heç cür
öz təxəyyüllərində canlandıra bilmirlər. Bunun yeganə
çıxış yolu vizual və audio-vizual görüntüdür. Yəni
fotolar, videolar, kompüter qrafikası və s. Dərsliklərdə
müəyyən fiziki-coğrafi obyektlərin fotoşəkilləri
yerləşdirilmişdir. Lakin bu çox azdır. Məsələn,
şagirdlər üçün bedlend, dağ buzlağı, çayın hissələri,
meandr, kanyon, şahid dağ, atoll, ekzogen mənşəli relyef
formalarının bir çoxu və s. kimi obyektləri vizual
olaraq görmədən onların necə olduğunu qavramaq çox
çətindir.
Eləcə də dinamik proseslər olan tornado, zəlzələ,
qeyzer, vulkan, sürüşmə, qırışıq dağların yaranması,
sunami, qabarma-cəkilmə hadisəsi, Ay və Günəş tutulması,
fəsillərin yaranması və s. coğrafi hadisələr video
görüntü olmadan çox çətin anlaşılır.
Yaxşı olar ki, dərs zamanı vaxt itkisinə yol verməmək
üçün həmin təsvir və videoları müəllim əvvəlcədən
axtarıb-tapıb, ya öz kompüterində və ya CD-də saxlasın,
ya da ki, rəngli printerdə çap etsin. Həmçinin, şagird
özü də müəllimin köməyi olmadan kompüterdə istədiyi
coğrafi fotoşəklə baxa və ya coğrafi prosesi izləyə
bilər.
Coğrafiyanın tədrisində kompüter proqramlarında
(məsələn, Power Point, Word, Excel, Point və s.)
hazırlanmış təqdimatların da əhəmiyyəti böyükdür. Bu
təqdimatlar müəllim tərəfindən hazırlanaraq hər hansı
bir mövzunun izahı zamanı və yaxud digər məqsədlə
istifadə oluna bilər. Təqdimatları, həmçinin, şagirdlər
müəllimin tapşırığının nümayişi və ya öz aralarında
informasiya mübadiləsi və müzakirə üçün istifadə edə
bilər.
İKT sırasına daxil olan rəqəmsal fotoaparat və ya
videokameranın coğrafiya dərsində xüsusi yeri var. Bu
cihazlardan şagirdlər müəllim tərəfindən verilən
tapşırığın (məsələn, təqdimat və ya fotoalbom
hazırlamaq) icra olunmasında istifadə edə bilərlər.
Məsələn, belə bir tapşırığın: Yaşadığınız ərazidə
yerləşən coğrafi obyektlərin şəkilləri əsasında
fotoalbom hazırlayın.
Coğrafiya fənninin tədrisində elektron poçtdan da
istifadə etmək müəyyən məqamlarda uğurlu ola bilər.
Tutaq ki, müəllimə və ya şagirdə elə bir məlumat
lazımdır ki, bu məlumatlar nə mətbuatda dərc edilib, nə
kitablarda var, nə internetdə tapmaq mümkündür. Deyək
ki, bu məlumatları yalnız həmin sahə üzrə ixtisaslaşmış
bir mütəxəssis bilir. Bu halda, rəsmi və ciddi bir
ünsiyyət vasitəsi kimi elektron poçtun köməyindən
istifadə etmək olar. Yəni, həmin mütəxəssislə əlaqə
saxlayaraq ondan müəyyən suallara cavab almaq olar.
Yuxarıda sadalananlar, coğrafiya fənninin tədrisində
İKT-dən istifadə imkanlarının əslində cüzi bir
hissəsidir. Hər şey müəllimin və şagirdin yaradıcılıq
qabiliyyətindən və istəyindən asılıdır. Yəqin ki,
gəlcəkdə İKT-nin sayəsində öyrənmə prosesi daha dinamik
olacaq və asanlaşacaq.
Kənan ƏHMƏDOV,
Xaçmaz rayonu, Ləcət kənd tam orta məktəbinin müəllimi |