Oktyabrın
18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Gəncə şəhərində inşa olunan 2 nömrəli
körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Ölkəmizdə məktəbəqədər tərbiyə müəssisələrinin yenidən
qurulması və yenilərinin tikilməsi ilə bağlı həyata
keçirilən tədbirlər öz bəhrəsini verir. Bu prosesdə
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm rol
oynayır. Fondun təhsillə bağlı layihələrində
məktəbəqədər müəssisələrin yenidən qurulmasına,
yenilərinin tikilməsinə, bu sahədə ciddi keyfiyyət
dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Son
illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə paytaxtın bir çox uşaq
bağçalarında əsaslı təmir və yenidənqurma işləri
aparılıb, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı
regionlarda da xeyli iş görülüb. Bununla da məktəbəqədər
təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra
uğurlar əldə edilib. Bu layihələrdən əsas məqsəd son
illərədək bir çox problemləri mövcud olan məktəbəqədər
təhsildəki bütün çatışmazlıqların aradan qaldırılması
idi. Birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı
sayəsində artıq bu məqsədə nail olunub. Eyni zamanda,
Heydər Əliyev Fondu bu sahədə hələ də mövcud olan
problemlərin aradan qaldırılması üçün yeni bir layihəyə
start verib. "Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı" proqramı ictimaiyyətə təqdim edilib.
Prezident İlham Əliyev 2 nömrəli körpələr evi-uşaq
bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçası
ilə yaxından tanış oldular. Məlumat verildi ki,
ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və
gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür
şərait yaradılıb. Burada müasir təlim-tərbiyə
qaydalarına riayət olunmaqla 7 qrup yaradılıb və
uşaqların istirahəti üçün geniş imkanlar var. Bu
qruplarda təlim-tərbiyə işləri Azərbaycan və rus
dillərində aparılır. Uşaqların intellektual, fiziki və
əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə
çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla
ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu
məqsədlə müasir sinif otaqları yaradılıb. Uşaqların
qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisi
abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb. Burada da
uşaqların mənalı istirahəti üçün hər cür şərait vardır.
AzərTAc |