Kanadada
təhsil alan Orxan Fətullayevlə söhbət
Orxan Əbülfət oğlu Fətullayev 1994-cü il aprelin 10-da
Bakı şəhərində anadan olub. 2011-ci ildə Bakı
şəhərindəki 279 nömrəli orta ümumtəhsil məktəbini
uğurla başa vurub. Həmin ildə ali məktəblərə keçirilən
qəbul imtahanında 685 bal toplayaraq Bakı Dövlət
Universitetinin tətbiqi riyaziyyat və kibernetika
fakültəsinə kompüter elmləri ixtisası üzrə qəbul olub.
Yüksək göstəriciyə görə Prezident təqaüdünə layiq
görülüb. Maraqlıdır ki, Azərbaycanda ilk dəfə olaraq bu
ailənin iki üzvü - Orxan və Rauf Fətullayev qardaşları
Prezident təqaüdünə layiq görülüblər. Rubrikamızın
budəfəki qonağı olan Orxan hazırda təhsilini
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Kanadanın Vaterloo Universitetində davam etdirir.
Orxanla söhbətimizə ilk təhsil illərindən başladıq.
- Orta məktəbdə daha çox riyaziyyat, fizika və kimya
fənlərinə üstünlük vermişəm. Ən çox sevdiyim fənlər
isə fizika və riyaziyyat idi. İbtidai sinifdən
başlayraq bütün dərslərimi əla qiymətlərlə oxuyurdum,
buna görə ilk müəllimlərim mənə qarşı çox diqqətcil
idilər.
- Sizdə xaricdə təhsilə necə maraq yarandı?
- Bakı Dövlət Universitetinə qəbul olduqdan sonra
kompüter elmlərinə marağım daha da artdı. Sonra
fikirləşdim ki, mən bu sahədə ölkəmə fayda verəcək
işlərlə məşğul olmaq üçün kompüter elmləri sahəsində
ən müasir texnologiyaları öyrənməliyəm. Xaricdə təhsil
isə bunun ən ideal yoludur. Məhz bundan sonra
xaricdə təhsil almaq istəyi məndə qətiyyətə çevrildi.
Digər tərəfdən, Vaterloo Universitetinin kompüter
elmləri sahəsində dünyanın ən qabaqcıl
universitetlərindən olduğunu öyrənmişdim. Ailəm mənim
xaricdə oxumaq istəyimi nəinki dəstəklədi, əslində elə
onlar məni bu işə həvəsləndirdi. Xüsusilə atam,
Əbülfət Fətullayev, mənə bu işdə çox böyük dəstək
verdi. İxtisas seçimində böyük qardaşım Raufun rolu
böyükdür, çünki o mənə digər ixtisaslardan fərqli
olaraq, kompüter elmləri ilə məşğul olanların istənilən
ixtisas sahəsinə kömək edəcəyini izah etdi. Məhz
bundan sonra mən kompüter elmləri ixtisasını seçəcəyimə
qərar verdim.
- Dövlət Proqramı barədə təəssüratlarınız necədir?
- Dövlət Proqramına seçim mərhələsində xoşuma gələn
xüsusiyyət odur ki, tələbələrin həm danışıq
qabiliyyətinə, həm də sosiallığına da fikir verilir.
Mənim fikrim budur ki, xaricə oxumağa gedən tələbə daima
yüksək əhvali-ruhiyyədə olmalıdır, sakit və könülsüz
görsənməməlidir. Dövlət Proqramına qəbul olduğumu
böyük sevinclə qarşılamışdım, çünki bu, həyatımda mənə
açılmış ən böyük qapı idi. Yəni, bu addımı atmaqla mən
həyatımda çox şeyləri dəyişəcəyimi fikirləşirdim.
Xaricdə təhsil proqramı təhsil sahəsində atılmış çox
böyük addımdır. Düşünürəm ki, xaricdə təhsil almış
kadrlar öz ixtisaslarına uyğun olaraq elmdə ölkəmizə çox
böyük faydalar verəcəkdir.
- Təhsilimizdə gedən dəyişikliklərə münasibətiniz?
- Prezident İlham Əliyev tərəfindən imzalanmış
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası" və bu sənəddən irəli gələn
vəzifələrin həyata keçirilməsində Təhsil Nazirliyinin
gördüyü işləri çox yüksək qiymətləndirirəm. Hesab
edirəm ki, ölkəmizin təhsil sahəsindəki yeniliklər bu
sahədə ciddi irəliləyişlərə səbəb olacaqdır. Hazırda
dünya təhsilində sürətli dəyişikliklər gedir. Düşünürəm
ki, ölkəmizdə də aparılan yeniliklər təhsilimizin,
ali məktəblərimizin rəqabət qabiliyyətinin güclənməsinə
gətirib çıxaracaq.
- Dərsləriniz necə keçir?
- Kanadada tələbə olmaq təhsilə güclü fikir vermək və
vaxtın çox hissəsini dərslərə ayırmaq deməkdir. Mən də
tələbə həyatımı faydalı keçirməyə çalışıram. Burada
kompüter elmləri ixtisası üzrə təhsil alıram. Boş
vaxtımda əlavə proqramlaşdırma ilə məşğul oluram, çünki
proqramlaşdırmanı sevirəm. Kitab oxumağı da sevirəm,
xüsusilə ixtisasımla bağlı kitabları.
- Yaşadığınız şəhər, oxuduğunuz universitet barədə nə
deyə bilərsiniz?
- Yaşadığım Vaterloo -Kitçener regionu çox gözəl
təbiətə malikdir. Torontodan fərqli olaraq burada
insanlar azdır və evlərin çoxu birmərtəbəli və ya
ikimərtəbəlidir. Adaptasiya prosesi çox rahat və tez
oldu, çünki burada bütün işləri görmək daha rahatdır.
Vaterloo şəhərində əcnəbilər çox olduğu üçün
mədəniyyətlər və davranışlar da müxtəlifdir.
Vaterloo Universiteti Kanadanın Ontario əyalətində
yerləşir.
Universitetin əsası 1957-ci ildə qoyulub. Hazırda
burada 25000 tələbə təhsil alır. Ölkənin aparıcı
universitetlərindən hesab olunur. Bütün dünya üzrə isə
ən yaxşı informasiya texnologiyaları sahəsində bilik
verən ali məktəblərdən biridir. Təhsil müəssisəsinin
34 tədqiqat mərkəzi və institutlarında geniş səviyyədə
tədqiqatlar aparılır. Burada 90-dan artıq tələbə klubu
və qrupları var. Təhsil ocağında dünyaca məşhur olan
professorlar çalışır. Universitet tələbələrin öz
təhsillərini əmək fəaliyyəti ilə əlaqələndirməyə imkan
verir ki, bu da təhsilalanlara praktik biliklər əldə
etməyi təmin edir. Universitet xüsusi istedadı ilə
seçilən birinci kurs tələbələri üçün təqaüdlər də
təklif edir.
- Universitetdə tədris prosesi necə təşkil olunur?
- İlk əsas məqam odur ki, burada çox məsələlər tələbənin
öz ixtiyarındadır. Məsələn, tələbə istədiyi vaxt
dərsə getməyə bilər, qiymət almaq üçün həftəlik
tapşırıqları həll edib müvafiq yerlərə təqdim edirik və
s. Əksər fənlərdən semestr ərzində iki dəfə imtahan
olur. İlk imtahan (midterm) təxminən semestrin ortasında
keçirilir. Burada əsas məqsəd tələbələrin fənnin
əsaslarını necə başa düşmələrini yoxlamaqdır. Ona
görə də bu, ümumi qiymətə elə də ciddi təsir etmir.
Final imtahan isə semestr qurtardıqdan sonra
sessiya zamanı verilir. İmtahan sualları isə
çoxseçimli testlərdən və qısa cavab tələb edən
suallardan ibarətdir.
- Müəllimlərinizdən razısınızmı?
- Vaterloo Universitetində müəllimlər və tələbələr
arasında münasibətlər çox yüksəkdir. Əgər tələbə
semestr zamanı hansısa çətinliklə qarşılaşsa, çəkinmədən
dərs deyən müəllimlərə, həmçinin əlavə servislərə
müraciət edib öz probleminə həll yolu tapa bilər.
Müəllimlər tələbələrə qarşı həmişə mehribandırlar.
Kanadada təhsil məni ali təhsilə daha da həvəsləndirdi.
Çünki universitetdə təhsil sistemi elə qurulub ki,
burada oxuyan istənilən tələbə bu cür mühiti görüb
oxumağa həvəslənəcəkdir. Tələbəyə xidmət edəcək hər cür
servislər təşkil olunub və bu da yarana biləcək
problemlərimizi tez həll etməyə imkan verir.
- Xaricdə təhsil almaq istəyən gənclərimizə tövsiyən nə
olardı?
- Gələcəkdə xaricdə təhsil almaq istəyən tələbələrə
tövsiyəm odur ki, onlar ilk öncə xaricdə təhsil almağı
məqsəd yox, məqsədə çatmaq üçün vasitə kimi istifadə
etsinlər. Çünki məqsəd xaricdə təhsil almaqdırsa,
xaricdə təhsili bitirdikdən sonra o, nə edəcək? Ən yaxşı
halda yaxşı maaş alıb rahat həyat yaşayacaq. Amma o
tələbənin ki, gələcəkdə hansısa böyük məqsədi var, o,
xaricdə təhsilini sırf öz məqsədi üçün yönləndirər və
bu təhsil onun üçün böyük fundament yaradar. Təhsilini
bitirdikdə o öz məqsədinə daha da yaxınlaşmış olar.
Nəticədə o, nəinki özünə, həmçinin ölkəyə də çoxlu fayda
verə bilər.
- Kanadada ölkəmizi təmsil edə bilirsinizmi?
- Bacardığım qədər ölkəmizi təmsil etməyə çalışıram.
Burada, xüsusilə də oxuduğum Vaterloo Universitetində
Azərbaycanı çox yaxşı tanıyırlar və azərbaycanlılara
hörmət edirlər, çünki bu universitetdə kifayət qədər
azərbaycanlı tələbə təhsil alır. Azərbaycan
həqiqətlərinin ictimaiyyətə çatdırılmasında,
mədəniyyətimizin, adət-ənənələrimizin təbliği
istiqamətində keçirilən bütün tədbirlər azərbaycanlı
tələbələrin yüksək fəallığı ilə təşkil olunur. Hətta
universitetin saytında təhsil müəssisəsinə qəbul olmaq
istəyən azərbaycanlılar üçün ayrıca kömək səhifəsi də
var.
- Xaricdə təhsil sizə nə verdi?
- Xarici universitetdə təhsil almaq, ilk öncə öz ölkəni
təmsil etmək, yenilikləri öyrənmək və onları lazımi
şəkildə tətbiq etməkdir. İlk öncə, xaricdə təhsil
tələbəyə müasir elm və texnologiya öyrənmək imkanı
yaradır. Həmçinin, xaricdə təhsil tələbənin
dünyagörüşünün ciddi olaraq artmasına təsir edir,
çünki bu zaman müxtəlif ölkələrdən, müxtəlif
mədəniyyətlərdən olan insanları görmək və onlarla
ünsiyyət qurmaq mümkündür. Digər tərəfdən, tamamilə
fərqli təhsil sistemi səciyyəvidir.
- Gələcək barədə hansı planlarınız var?
- Gələcəkdə magistr və PhD üzrə təhsil almağı, sonra isə
Azərbaycana qayıdıb məqsədimi həyata keçirərək ölkəmə
fayda verməyi planlaşdırıram. Kompüter elmləri ixtisası
Azərbaycanda çox önəmli yeniliklər etmək üçün əsas
sahələrdən biridir. Kompüter elmlərinin istənilən sahədə
tez bir zamanda zəruri informasiyanı əldə etməkdə
(məsələn, tərcümə sistemləri, çoxlu elmi elektron
kitablar və s.) çox böyük rolu vardır.
Oru/c MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |