Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Şirməmməd Hüseynovun  90 yaşı tamam olur

 

Mən vaxtilə "Azərbaycan müəllimi" qəzetində şöbə müdiri işləmişəm. Baxın, redaksiyanızdan mənə verilən vəsiqəni hələ də saxlayıram 

Dekabrın 17-də XX əsr Azərbaycan jurnalistikasının ən böyük simalarından biri, Bakı Dövlət Universitetinin professoru, Prezident  təqaüdçüsü, əməkdar müəllim  Şirməmməd  Hüseynovun 90 yaşı tamam olur. Uzun illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində işləmiş, fakültənin dekanı, kafedra müdiri olmuş Şirməmməd müəllimin Azərbaycan jurnalistlərinin bir neçə nəslinin yetişməsində böyük əməyi vardır. Ağsaqqal müəllimimizi şərəfli yubiley yaşı - anadan olmasının 90 illiyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, pedaqoji fəaliyyətində və elmi araşdırma işlərində uğurlar arzulayırıq. Professor Şirməmməd Hüseynov vaxtı ilə qəzetimizin əməkdaşı olmuş, 1948-1950-ci illərdə "Azərbaycan müəllimi"ndə şöbə müdiri vəzifəsində çalışmışdır. Qəzetimizin 2013-cü il 6 dekabr tarixli nömrəsində tanınmış alim və jurnalist Şirməmməd Hüseynovun geniş müsahibəsi dərc edilmişdir. Həmin müsahibədən bəzi hissələri təqdim edirik. 

- Şirməmməd müəllim, sizi Rəsulzadə irsinin ən böyük və ilk  tədqiqatçısı kimi tanıyırıq. Bu günlərdə cənab Prezidentimiz Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam imzaladı. Daha sonra cənab Prezidentlə görüşdə siz də iştirak etdiniz. O görüş barədəki təəssüratlarınız?

- Orada etdiyim çıxışda mən öz fikrimi demişəm. Yəni, ölkənin Prezidenti ilə görüşmək hər adama nəsib olmur. Prezidentin dediyi fikirlər həm də elə mənim fikirlərimdi. Yəni o, bu mövzuda hər şeyi dedi. Əlavə eləməyə bir kəlmə yoxdu. Özü də biz jurnalistlərin yazdığı  qanun xarakteri, göstəriş xarakteri daşımır. Amma Prezidentin dediyi rəhbər göstərişidir, o icra olunmalıdır. Çox yüksək qiymətləndirdim.  65 ildir dövlət rəhbərlərinin, rəsmi adamların çıxışlarını eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub. Qarşımızda yalnız Prezident şparqalkasız danışdı, qəlbində olanları, düşündüklərini söylədi. Buradakı jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs keçdi. Mən  o görüşdə çıxış edəndə öz fikirlərimi Prezidentə dedim. "Biz camaat tərəqqisindən yazanlarıq. Bu işləri, Vətənin abadlığı işlərini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Millət salamatlığını kim təmin edir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Camaat tərəqqisini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Müstəqilliyimizin qarantı kimdir? Siz! Ona görə əgər Siz bu işləri görməsəniz biz jurnalistlər nə yazarıq? Bizim vəzifəmiz nə olar? Ona görə də Sizə "Jurnalistlərin dostu" adını vermək qanunidir, təbiidir, seçim düzdür. Sizi təbrik edirik".

Həmçinin, Prezident İlham Əliyevə Rəsulzadə ilə bağlı sərəncama görə də təşəkkürümü  bildirdim: "Təşəkkürüm var Sizə. Mənim səksən doqquz yaşım var, gələn il 90 olacaqdır. Arzu edirəm mənim qədər yaşayasınız. Mən ömrümün böyük bir hissəsini Cümhuriyyət tarixini öyrənmək işinə sərf etmişəm. Çünki 110 il müstəmləkəçilik rejimindən sonra 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi. Bu işin təşkilatçıları var idi. Srağagün Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam vermisiniz. Mən Məhəmməd Əmin Rəsulzadənin bütün irsini öyrənən, çap edən adamam. Dörd cildini buraxmışam. Beşincini hazırlayıram. Təxminən 15 min səhifə. Mən ərəb əlifbası ilə yazılmış 30-40 qəzetin səhifələrini axtarmışam, bunları toplamışam. Ürəyimdə deyirdim ki, bunları mən yazmışam və heç yana da müraciət edən deyiləm. Srağagün sərəncamınızı oxuyanda dedim ki, görəsən Prezident haradan bilirdi ki, mənim ürəyimdən bu keçirdi? Yazmırdım, demirdim. Amma qəzetdə yazılmışdı ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Məhəmməd Əminlə mənim aramda cəmisi 40 yaş fərqi vardır".

Türk-islam aləmində ilk demokratik respublikanı Azərbaycan türkləri yaradıb. Bundan böyük nə ola bilər? Prezident dedi ki, bizim müstəqillik bayramlarımızın içərisində ən böyük bayramımız 28 maydır.

Tarix həmişə hər millətə müstəqillik yaratmaq şansını vermir. Bizə ikinci şans da  verildi. Kim gəldi o ikinci şansda? Cənab Heydər Əliyev. Kim birinci şansı həyata keçirməyə müvəffəq olmuşdu - Məhəmməd Əmin Rəsulzadə. Bu şəxsiyyətlər özləri deməyiblər ki, mən dahiyəm, mən öndərəm, mən rəhbərəm. Xeyr! Xalq deyib. Türklər o millətdirlər ki, tarixdə 128 müstəqil dövlət yaradıblar. O dövlətin altısını Azərbaycan Türkləri yaradıblar. Azərbaycan Xalq Cümhuriyyəti tarixdə 114-cü Türk dövlətidir. Bunu türk tarixçiləri yazırlar.

- Gələn il qəzetimizin 80 yaşını qeyd edəcəyik. Sizi də qəzetimizin yubiley tədbirində görmək istərdik.

- Mən "Azərbaycan müəllimi"ndə  1948-50-ci illərdə işləmişəm. O dövrdə sizin qəzetdə işləyənlərdən bir adam qalıb? Deməli, əgər qalmayıbsa,  qəzetinizin  80 illik yubileyinə qalan bir adam lazımdı ya yox? Təkcə qəzetin komplekti qalmır ki, adamlar da - canlı komplekt də lazımdır. Sizə bir tövsiyəm var: Qocalar ömürlərini yaşayıblar, işlərini görüblər, qocalara hörmət yaxşı şeydir. Amma  gərək cavanları işləməyə həvəsləndirəsən, mükafatlar verəsən.  Ən böyük hünər, cavanları işə cəlb edə bilməkdir. Qəzetinizə kim əla yazı yazırsa, ona mükafat vermək, həvəsləndirmək lazımdır.

- Uzunömürlülüyün bir açarı varmı?

- Bir hədis var: Deyir ki, insanların xeyirlisi uzun ömürlü və əməlisaleh adamlardır. Tələbə vaxtı dörd il Moskvada yaşadım, mənə bir qram belə araq içirə bilmədilər. Nəfsinə hakim olasan gərək. Bu günə qədər bir udum belə siqaret çəkməmişəm. Əvvəla ömrü verən yaradandı. Amma Allah adama ağıl da, baş da verir də. Yəni insan yaşayış tərzini  özü seçir. Ana babam 97 yaşında vəfat edib. Bizim nəslimiz çox yaşayandı, uzunömürlüdü. İnsanı yaşadan zəhmətdir, əməkdir, həm də fiziki əməkdi. Yəni hər bir canlı özü üçün yaşayış vəsaiti əldə etmək  qabiliyyətinə malik olmalıdır. Müstəqil yaşaya bilmək vərdişi adamı zəhmətə alışdırır.

Dünyada ən dəhşətli şey yeməyə aludə olmaqdır. İnsanın ömrünü qısaldır. Çox yemək insanın başına fəlakətlər gətirir.

Bu gün gözüm yaxşı görür, qulağım yaxşı eşidir, beynim yaxşı işləyir, yaddaşım da yerindədir. Yarım saatdan artıq televizorun qarşısında oturmaram. Gözümü qoruyuram. Səsinə qulaq asıram. Hər gün  ən azı 4000-5000 addım atıram. Axşam saat 11-dən o tərəfə oyaq qaldığım  vaxt yadıma gəlmir. Səhər 7-də dururam. Kompüterlə məşğul olmuram. Heç mobil telefonu da yaxınlığıma qoymuram. Arxivə gedəndə yarım saat işləyirəm, 15 dəqiqə durub gəzirəm, dincəlirəm. Hər bir insan özü özünə rejim yaratmalıdır. Hər şeyin öz vaxtı olmalıdır. Gərək hərə öz həkimi ola. Hər gün qan təzyiqimi ölçürəm, nizama salıram. Xalq təbabətindən də istifadə edirəm. Mən heç vaxt maşın da sürməmişəm.  

"Azərbaycan müəllimi"
6 dekabr, 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov