Bakının Nərimanov rayonunda yerləşən Məktəb-Lisey
Kompleksində ulu öndər Heydər Əliyevə həsr olunmuş
"Müdriksən, ucasan, əbədisən qəlbimizdə" adlı anım
mərasimi keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu
öndərimizin zəngin həyat yolundan və fəaliyyətindən
ayrı-ayrı fraqmentlər, xarici səfərlərindən məqamları
əks etdirən fotoşəkillərindən ibarət stendlərin, digər
eksponatların sərgisi ilə tanış olublar. Şagirdlərin
ifasında Dövlət himni səsləndirilib. Dövlət bayrağı
səhnəyə gətirilib. Ümummilli lider Heydər Əliyevin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə liseyin direktoru Qafar
Hüseynov açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında gördüyü misilsiz işlər haqqında
danışıb. Bildirib ki, tarixi şəxsiyyətlər nəsillərin
yaddaşında yaratdıqları və həyatda qoyub getdikləri
izlərlə əbədiləşir. Ulu öndər Heydər Əliyev məhz belə
şəxsiyyətlərdəndir.
Meydan istedadlı şagirdlərə verilib. Şagirdlər qısa və
maraqlı çıxışlarında ulu öndər Heydər Əliyevin həyat və
fəaliyyətindən, xilaskarlıq missiyasından, xalqımız
qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Onlar
ulu öndəri çox sevdiklərini və ömür boyu bu sevginin
tükənməyəcəyini bildiriblər. Şagirdlər ümummilli liderə
həsr olunan mahnılar və şeirlər söyləyiblər.
Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş filmin
nümayişi ilə başa çatıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |