Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2014 - №48

 

Dünyanın ən yaxşı 50 müəllimindən biri azərbaycanlı oldu

 

Balakən  rayonundakı akademik  Zərifə  Əliyeva  adına 3 nömrəli tam orta məktəbin müəllimi  ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu  "Varkey GEMS" Fondu tərəfindən  təsis olunmuş  "Dünya Müəllimi Mükafatı"nın qalibləri sırasında

Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi"

Böyütmək üçün seçinAzərbaycan müəllimlərinin dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxaq tədbirlərdə müxtəlif  təhsil layihələri ilə iştirakı  və ciddi uğurlar qazanması  çox təqdirəlayiq hadisə kimi təhsil sistemimizin  inkişafının  nailiyyətlərindən hesab oluna bilər.  Bu günlərdə  isə Balakən  rayonundakı   akademik  Zərifə  Əliyeva  adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyevin  dünya müəllimlərinin mötəbər müsabiqəsinin final mərhələsinə çıxması  barədə məlumat aldıq. Qeyd olunur ki, M.Qarakişiyev  ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu  "Varkey GEMS" Fondu tərəfindən  təsis olunmuş  "Dünya Müəllimi Mükafatı"nın ( Global Teacher Prize)  50  finalçısı arasında yer alıb.  "Varkey GEMS" Fondunun  yaydığı açıqlamada  (www.globalteacherprize.org)  bildirilir ki,  mükafat fondu 1000000 ABŞ dolları olan  və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın  150-dən artıq ölkəsindən 5000  müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və  digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib. Final mərhələyə isə Məhəmməd Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb.  50 finalçı bütövlükdə 26 ölkəni təmsil edir. Sevindirici haldır ki, bu müsabiqədə Azərbaycanı  Məhəmməd Qarakişiyev  (postsovet məkanı ölkələrindən yeganə namizəd!) təmsil edib.  Gəlin, Məhəmməd Qarakişiyevi daha yaxından tanıyaq.

Məhəmməd Qarakişiyev  1981-ci ildə anadan olub. 2006-cı ildə Gəncə Dövlət Universitetinin tərcümə nəzəriyyəsi və dillərarası əlaqə fakültəsini  fərqlənmə diplomu  ilə bitirərək magistr dərəcəsi alıb. Balakən rayonunda ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb.  İngilis dilinin tədrisi üçün ilk dəfə təmənnasız olaraq  "Danışıq klubu" (Conversation club) təşkil edib. Burada tələbələr müxtəlif mövzular əsasında ingilis dilində anlama, yazma və danışma qabiliyyətlərini artırmaq imkanı  əldə ediblər. 2012-ci il sentyabr -noyabr aylarında ABŞ Dövlət Departamenti və İREX (International Research & Exchanges Board)-in müsabiqəsi əsasında ingilis dili müəllimləri üçün 6 həftəlik ixtisasartırma proqramının qalibi olub. ABŞ-da olduğu müddətdə paytaxt Vaşinqton, Apalaçi Dövlət Universiteti və ABŞ orta məktəblərində tədris sistemi, dərs planları, kurikulum, qiymətləndirmə, tələbə yönümlü tədris, texnologiyanın tədrisdə tətbiqi və s. mövzuları əhatə edən təlim və seminarlarda iştirak edərək müvəffəqiyyət sertifikatları ilə təltif olunub. 2012-ci ildə ABŞ-ın Şimali Karolina ştatında Azərbaycan həqiqətlərinin təbliğinə, erməni iddialarının ifşasına həsr olunmuş və böyük maraqla qarşılanan seminar keçirib. 

"Azərbaycan müəllimi" qəzetinə verdiyi eksklüziv  müsahibəsində M.Qarakişiyev  müsabiqədə dünyanın 150-dən artıq ölkəsindən 5 min müəllimin iştirak etdiyini və öz fəaliyyətində yeni novator ideyalardan, təlim texnologiyalarından istifadə edən yenilikçi müəllimlərin əhatə olunduğunu  bildirdi.  Müsabiqənin hər il  keçirildiyini bildirən müsahibimiz  qeyd edib ki,  "Dünya Müəllimi Mükafatı" layihəsində iştirak müəllimlər üçün bir sınaqdır.

- Bu müsabiqədə iştirak etməkdə məqsədim  Azərbaycanı yüksək səviyyədə təmsil etmək olub. Bu layihə bütün dünyada  qlobal müəllim müsabiqəsi hesab olunur.  Mükafat təhsil sahəsində müstəsna xidmətləri olan  şəxslərə verilir. Müsabiqənin qeydiyyat mərhələsində namizədlər  "müəllim peşəsini niyə seçibsən, müəllimlik sizin üçün nədir "kimi suallara əsaslı  cavab verməlidirlər.  Qaliblər seçilərkən  müəllimlərin öz  şagirdlərinin  həyatında və bütövlükdə cəmiyyətdə  nə kimi mühüm rol oynamasına diqqət yetirilir. Mükafat müəllim nüfuzunun qlobal miqyasda yüksəldilməsinə xidmət edir.  Müsabiqədə iştirak etmək üçün müəllimin namizədliyi özü,  şagirdləri, onların valideynləri və ya həmkarları tərəfindən irəli sürülə bilər.

Qeyd edək ki, müsabiqənin qalibi  2015-ci il martın 15-də  Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq.  Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər  1000.000 ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq. 

Biz də Azərbaycanı  dünya müəllimlərinin  müsabiqəsində uğurla təmsil edən   Məhəmməd Qarakişiyevə "təhsil sahəsində Nobel mükafatı" almasını arzulayırıq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov