Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

"İstirahət günlərində də şagirdlərlə məşğul oluram"

 

Azərbaycanın tanınmış kimya müəllimi, 60 yaşlı Heybət Qədirov redaksiyamızın qonağı olub 

Könül NƏHMƏTOVA, "Azərbaycan müəllimi"
[email protected]
 

Azərbaycanın təhsil sferasında müxtəlif elm sahələrinin inkişafı yolunda böyük insanların ilk qədəmlərini götürdüyü nadir ünvanlar var. Bu ünvanlar gözünün nurunu, ürəyinin odunu, müəllimlik entuziazmını gələcəyin insanını yetişdirmək uğrunda məşəl edən müəllim adlarıdır. Yardımlı rayonunun Alçabulaq kəndində də belə bir ünvan var. Bu ünvan təhsil işçilərinə yaxşı tanışdır: Heybət Heydər oğlu Qədirov. 

60 yaşlı Heybət müəllim haqqında mətbuatda dəfələrlə təqdimatlar verilib. Bu təqdimatların əsasında zəngin müəllim ömrünün faktları durur: Qədirov Heybət Heydər oğlu - Alçabulaq kənd orta məktəbinin 39 illik iş təcrübəsi olan kimya müəllimidir. Kifayət qədər titulu var: ali kateqoriyalı müəllim, "Metodist müəllim", "Qabaqcıl maarif xadimi", Azərbaycan və SSRİ-nin maarif əlaçısı, N.K.Krupskaya və M.Mehdizadə mükafatları laureatıdır.  1991-ci ildə SSRİ-də, 1991, 1998, 2003 və 2008-ci illərdə "İlin ən yaxşı müəllimi" müsabiqələrinin qalibi olub. "Qızıl qələm" laureatı adına layiq görülüb.  Çoxsaylı və sanballı metodik kitabların müəllifidir. Respublikanın əməkdar müəllimidir.

Heybət Heydər oğlu Qədirov Yardımlının Alçabulaq kəndində kolxozçu ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU-nu) bitirib. Doğma kənddə pedaqoji fəaliyyətə başlayıb. Aspiranturaya qəbul imtahanı verib, lakin ailə vəziyyəti ilə bağlı olaraq kənddə çalışmaq məcburiyyəti qarşısında təhsilini davam etdirə bilməyib. Bu günə qədər də Alçabulaq kənd orta məktəbində kimya müəllimi olaraq çalışır.

Heybət müəllim qarşılıqlı təcrübə mübadiləsini öyrədənin iş təcrübəsinin artırılmasında ən optimal vasitələrdən biri kimi görərək daim həmkarları ilə münasibətlər qurub. Buna görə də o, yalnız dərs deməklə vəzifəsini bitmiş hesab etməyib, yetişdirdiyi şagirdlərin öz potensiallarını üzə çıxara bilmələri üçün onların respublika və beynəlxalq olimpiadalarda iştirak etmələri istiqamətində əlindən gələni əsirgəməyib. Həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsi Heybət müəllimi dərs vəsaitlərini yazmaq yolunda da stimullaşdırıb. 

Fasiləsizlik və davamlılıq uğurlarının əsas amilləridir 

"1975-ci ildən bu günə kimi istirahət etmədən bütün istirahət günlərində də istedadlı şagirdlərlə məşğul oluram"  - deyir Heybət müəllim. Bu, sadəcə, evindən çıxıb məktəbə getmək deyildi Heybət müəllim üçün. Kilometrlərlə yolu şaxtada, yağışda, qarda dağ kəndindən yol alıb şəhərə qədər ayaqla getmək idi, heç bir çətinliyə baxmayaraq.

Heybət müəllimin yaddaşına yazılan ən kövrək günlərdən biri də təbiət qoynunda kəndin qoyunlarını örüşə çıxararkən şagirdlərini başına yığıb "açıq dərs" keçməsidir.  Kimya fənninə xüsusi marağı olan şagirdləri yetişdirməyi həyat amalına çevirib. 

Təcrübəli müəllim istedadları necə üzə çıxarır? 

Heybət Qədirov hesab edir ki, ümumtəhsil məktəblərində gündəlik və rüblük qiymətləri əla olan şagirdlərin hamısını istedadlı şagird hesab etmək olmaz. Ola bilər ki, şagird bütün fənlərdən orta səviyyədə və hətta zəif oxusun, lakin o, hər hansı bir qabiliyyəti ilə yaşıdlarından seçilə bilər. Öz təcrübəsindən çıxış edərək söyləyir ki, orta təhsili müddətində şagird xüsusi diqqəti çəkmədiyi halda, məktəbi bitirdikdən sonra müəyyən qabiliyyətlərini üzə çıxara da bilir. Bunları nəzərə alaraq Heybət müəllim istedadları aşkar etməyin yolları üzərində dərindən düşünmüş, bu sahədə elmi-nəzəri məlumatlara yiyələnərək müəllimlik fəaliyyəti boyunca tətbiq etməyə və yeni-yeni yollar aramağa çalışıb.

Heybət müəllim inteqrativ kurikulumun şagirdin istedadının üzə çıxarılmasında xüsusi rolu olması fikrindədir: "...fənn müəllimləri tədris etdiyi və qohum fənlər üzrə qabiliyyətli şagirdlərin aşkar edilməsini dövrün tələbi kimi nəzər-diqqətində saxlamalıdır". Özü də bu təcrübədən yararlanaraq çox uğurlara nail olub.

"İlk növbədə, aşağı siniflərdə təbiətşünaslıq, biologiya və fizika fənlərindən kimyəvi anlayış, termin, hadisə və faktlarla maraqlanan şagirdləri aşkar etməli, onlara vaxtaşırı fənnin məzmunu ilə əlaqədar sahələr üzrə tapşırıqlar verməli, maraqlı, təhlükəsiz kimyəvi təcrübələrin yerinə yetirilməsinə cəlb etməlidir.

Aşağı siniflərdə qabiliyyətli şagirdlərin seçilməsi prosesində onların riyaziyyat, fizika üzrə də bilikləri nəzərə alınmalıdır. Məlum faktdır ki, bəzən şagirdlər kimyəvi anlayışlarla və ya biologiya ilə maraqlanırlar. Lakin riyazi bilikləri aşağı olur. Belə olduqda həmin şagird gələcəkdə kimyəvi anlayışların kəmiyyət xarakterini verə bilmir, nəticədə onların fənni öyrənmək üçün səviyyəsi kifayət etmir. Ona görə də riyaziyyatı, fizikanı yaxşı bilən, kimya ilə maraqlanan şagirdlər müəllimlərin mehriban nəzarəti ilə əhatə olunmalıdır. Belə şagirdlərlə işin sonrakı təşkili təqribi olaraq aşağıdakı kimi ola bilər: şagirdlər sinifdən-sinfə keçdikdə kimya müəllimlərinin nəzarəti də güclənməlidir. Nəzarətə götürülmüş şagirdlər arabir kimya dərslərinə dəvət edilə bilər".

Heybət müəllim öz fənni üzrə uğurlu şagird yetişdirməyin çətin olduğunu nəzərə alan və buna görə şagirdlərə fərdi yanaşan müəllimlərdəndir. Şagirdə fərdi yanaşma üzərində də israrla durur: "Tutaq ki, bir sinifdə istedadlı uşaq var. Müəllim də dərsi izah edir, tapşırıqlar verir. Burada mütləq diferensiallaşma aparılmalıdır. Tapşırıqlar verilərkən, müstəqil işlər tapşırılarkən fərq qoyulmalıdır".

Heybət müəllim istedad anlayışını belə müəyyənləşdirir: "Belə bir məsəl var: Sərgiyə qoyulmuş tabloda nazik budaq üstündə iri bir qartal təsvir olunur. Tablo xoş duyğular oyadır. Ancaq istedadlı uşağın düşüncəsi başqadır: "İri qartal nazik budağa qonub, ancaq budaq əyilməyib". Bax, istedad budur!". 

Fəal metodist 

Heybət müəllimin adı yetişdirdiyi şagirdlərə görə məşhur olduğu qədər də yazdığı dərs vəsaitlərinə, metodiki məqalələrə görə mütəxəssislərə yaxşı tanışdır.  O, dünya ölkələrində olimpiadalara şagird çıxardığı kimi, öz müəllimlik təcrübəsini də ölkənin hüdudlarında belə mətbuata çıxarmağa nail olub. Türkiyə, Ukrayna, Qazaxıstan, Rusiya kimi ölkələrdə təcrübəli müəllim kimi müxtəlif tədbirlərdə iştirak edib, Moskva, İvanov, Samara şəhərlərinə beynəlxalq olimpiadalara komanda aparıb, "Azərbaycan müəllimi", "Xalq qəzeti" və "Uçitelskaya qazeta" qəzetlərində, "Azərbaycan məktəbi" jurnalında metodiki məqalələrilə çıxış edib. Əllidən artıq metodiki məqalənin və on bir dərs vəsaitinin müəllifidir. Kitablarının adları müəllimin öz fənni üzrə geniş təcrübəsindən və elmi-nəzəri hazırlığından xəbər verir: "Kimyadan tipik məsələlərin həlli", "Ümumi kimyadan tipik məsələlərin həlli üsulları", "Elementlər kimyasından tipik məsələlərin həlli üsulları", "Üzvi kimyadan tipik məsələlər", "Kimyadan qrafik testlərin həlli üsulları", "Ümumi və qeyri-üzvi kimya testləri", "Qeyri-üzvi və üzvi maddələrin nomenklaturası", "Kimyanın tədrisində istedadlı şagirdlərin aşkar edilməsi və onlarla işin təşkili formaları", "İnteraktiv təlimin üsul və texnikaları".  Heybət müəllim hər gün inkişaf edən və yenilənən elmi bilikləri daim izlədiyi üçün təhsilin müasir inkişafına öz töhfələrini verə biləcək təcrübəli müəllimlərdəndir. 

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov