Milli
Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və olimpiya
oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola"
şirkətinin birgə həyata keçirdiyi "Bakı 2-ci Ailəvi
İdman Yarışı" başa çatıb.
"Fəal Ailəm, Sağlam Aləm" proqramı çərçivəsində təşkil
olunan, musiqili-bədii və əyləncəli idman proqramından
ibarət yarışın məqsədi kütləvi idman üçün ailə mühitinin
faydası və vacibliyini nümayiş etdirməkdən və sağlam
həyat tərzini təşviq etməkdən ibarətdir.
Şən, təhlükəsiz və inklüziv oyunlardan ibarət tədbirə 10
müxtəlif rayon və şəhərdən olan 12 ailə qatılıb.
Yarışlara 1000 nəfərdən artıq tamaşaçı azarkeşlik edib.
Final yarışını giriş sözü ilə açan MOK-un
vitse-prezidenti Çingiz Hüseynzadə belə tədbirlərin uşaq
və gənclərin idman ruhunda tərbiyəsində, kütləvi bədən
tərbiyəsi və idmanın təşviq edilməsində mühüm rol
oynadığını vurğulayıb.
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili
şöbəsinin müdir əvəzi Vasif Məmmədov qeyd edib ki,
təhsil ocaqlarında bədən tərbiyəsinin geniş yayılması
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda da öz əksini tapıb: "FASA
proqramının yalnız Bakıda deyil, ölkənin regionlarında
da keçirilməsi sevindirici haldır. Ümid edirəm ki, bu
proqram davamlı olacaq və əhali arasında aktiv həyat
tərzinin inkişafına öz töhfəsini verəcəkdir".
"Coca-Cola Bottlers" MMC-nin baş meneceri Cem Becel
layihə çərçivəsində həyata keçirilən tədbirlərin 80
mindən artıq insanı, xüsusilə uşaq və gəncləri əhatə
etdiyini xatırladıb. Onun sözlərinə görə, "sağlam və
aktiv həyat tərzinin təbliği və dəstəklənməsi" şirkətin
əsas strateji məqsədlərindən biridir.
Final yarışları iki raundda keçirilib. "Bakı 2-ci Ailəvi
İdman Yarışı"nın final mərhələsinə yüksələn komandalar
Xaçmazdan Nurullayevlər, Zaqataladan Məmmədovlar,
Qusardan Əzimovlar və Qəbələdən Əhmədovlar ailəsi olub.
Gərgin rəqabət şəraitində keçən estafetin nəticəsi
olaraq 1-ci yeri Qusardan Əzimovlar ailəsi, 2-ci yeri
Zaqataladan Məmmədovlar ailəsi və 3-cü yeri Qəbələdən
Əhmədovlar ailəsi tutub. Yarışın qalibləri diplomlar və
qiymətli hədiyyələrlə mükafatlandırılıb.
"Bakı 2-ci Ailəvi İdman Yarışı"nda Milli Olimpiya
Komitəsinin, Təhsil Nazirliyinin, Gənclər və İdman
Nazirliyinin, milli idman federasiyalarının, "Coca-Cola"
şirkətinin rəsmiləri ilə birgə olimpiya və paralimpiya
çempionları, məşhur idmançılar, həmçinin Milli Olimpiya
səfirləri Fərid Mansurov və əməkdar artist Tünzalə
Ağayeva da tamaşaçı qismində iştirak ediblər. |