Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2015 - №04

 

"Universitetə imtahansız qəbul olmağım ən böyük uğurum idi"

 

Böyük Britaniyanın Mançester Universitetinin tələbəsi Həsən Həsənzadə ilə söhbət 

Oruc  MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
[email protected]
 

Həsən Həsənzadə 1995-ci il oktyabrın 7-də  Lənkəran rayonunun Veravul kəndində anadan olub. Lənkəran  Özəl Türk Liseyini qızıl medalla  bitirib.  Liseydə oxuduğu illərdə bir çox beynəlxalq, regional və ölkədaxili olimpiada və yarışlarda iştirak edərək müxtəlif nailiyyətlər əldə edib. TQDK-nın  keçirdiyi ali məktəblərə qəbul imtahanında iştirak etmədən müsabiqədənkənar şəkildə Qafqaz Universitetinə qəbul olunub.  Bir il Qafqaz Universitetində təhsil aldıqdan sonra hazırda  təhsilini  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük Britaniyanın Mançester Universitetində kompüter elmləri ixtisası üzrə davam etdirir.  H.Həsənzadə ilə söhbətimizə orta məktəbdən başladıq. 

- Orta məktəb uğurlarımın demək olar ki, hamısı riyaziyyata olan marağımın nəticəsidir ki, bu da heç təsadüfi deyil.   Atam Veravul kənd 1 nömrəli  orta məktəbin riyaziyyat müəllimidir. Atamın riyaziyyat müəllimi olması və mənə elə uşaqlıqdan bu fənni sevdirməsi, sevdirməklə yanaşı onu mənə öyrətməsi uğurlarımın təməlidir. Xatırlayıram, atamın müntəzəm olaraq mənə vaxt ayırmağı və mənimlə çalışmağı nəticəsində hələ ibtidai sinifdə oxuyarkən riyaziyyatdan yuxarı siniflərə aid olan bilikləri mənimsəmişdim.  Beləliklə, 6-cı sinifdə oxuyarkən demək olar ki, bütün orta məktəb riyaziyyat kursunun hamısını bitirmişdik. Azyaşlı olmağıma baxmayaraq, Lənkəran şəhəri üzrə yuxarı sinif şagirdləri arasında keçirilmiş olimpiadalara qatılaraq bir neçə dəfə qalib olmuşam. Təsəvvür etməzdim ki, bu uğurlar hələ mənim üçün başlanğıc imiş. VII sinifdən etibarən orta təhsilimi Lənkəran Özəl Türk Liseyində davam etdirdim. Əslində, bura gəlməyimin əsas səbəbi də məhz olimpiadalarla bağlı idi. Burada da olimpiada hazırlıqlarına davam edərək daha böyük hədəflər üçün çalışmağa başladım. Artıq hədəflər dəyişmişdi - xarici ölkələrdə Azərbaycanı təmsil etmək və bayrağımızı ucaltmaq üçün çalışırdıq. Beləliklə, 2-3 illik planlı şəkildə çalışdıqdan sonra beynəlxalq dərəcəli olimpiadalarda iştirak etməyə başladım. İlk dəfə olaraq IX sinfin yayında Hollandiyanın Amsterdam şəhərində keçirilən 52-ci Beynəlxalq Riyaziyyat Olimpiadasına qatılmışam. Olimpiadada uğur qazanmasam da  mənə imkan verdi ki, öz zəif tərəflərimi tapıb, onlar üzərində çalışım. Olimpiadada Azərbaycanı təmsil edənlər arasında ən kiçikyaşlı olmağım mənim üçün stimulverici bir hal idi. Daha bir il əzmli çalışmağım nəticəsində X sinfin sonunda Argentinada keçirilən 53-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında  bürünc medal əldə etdim. Ən gözəl hisslər bəlkə də o zamana aid idi - üçrəngli bayrağımızı 100-ə yaxın ölkənin qatıldığı bir yarışda dalğalandırmaq mənim üçün şərəf idi.  İllərdir çalışdığım məqsədimə çatmışdım. Növbəti il bir daha Azərbaycanı olimpiadada təmsil etmək hüququ əldə etdim. Bu dəfə də Kolumbiyanın Santa-Marta şəhərində keçirilən 54-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında layiqli nəticə göstərərək bir daha bürünc medal qazandım. Qazaxıstan, Türkiyə, Kipr Respublikasında keçirilən "Jautıkov Riyaziyyat Olimpiadası" və "Balkan Riyaziyyat Olimpiadası" kimi regional olimpiadalarda da iştirak edərək həvəsləndirici mükafatlar əldə etmişəm. Bundan əlavə, orta təhsilimin son 4 ilinin hər birində Respublika riyaziyyat fənn olimpiadalarına qatılaraq 3 gümüş və 1 qızıl medal əldə etmişəm. Orta məktəbi qızıl medalla  bitirməyim və    universitetə  imtahansız qəbul olmağım da mənim üçün ən böyük uğur  idi.

 - Uğur əldə etmək üçün nələrə fikir  verirsiniz?

Böyütmək üçün seçin- Ümumiyyətlə, uğur qazanmaq üçün bəzi istəklərə yox deməyi bacarmaq lazımdır. Bu, həyatın istənilən anında keçərlidir. Təhsil  həyatımızın vacib mərhələlərindən biridir.  Xüsusi  diqqət yetirilməsi  lazım olan amillərdən biri  vaxt  bölgüsüdür.  Gün ərzində əhəmiyyətli işlərə daha çox vaxt ayırmaq lazımdır. Bir də onu deyim ki, kor-koranə şəkildə deyil, planlı və məqsədyönlü formada hərəkət etmək daha yaxşıdır.

- Xaricdə təhsil almağa necə qərar verdiniz?

- Orta məktəbin son 2-3 ilində iştirak etdiyim olimpiadalar və bu olimpiadalardan əldə etdiyim nəticələr mənə, necə deyərlər, "özümü kəşf etməyə" imkanı verdi. Xarici universitetdə oxumaq üçün kifayət qədər akademik potensiala sahib olduğumu hiss edəndə bu qərarı verdim. Həm də ki, əldə etdiyim nailiyyətlərə görə xaricdə təhsil almaq istəyimi Dövlət Proqramı vasitəsilə həyata keçirə biləcəyimə inanırdım. Bu, valideynlərim üçün də yeni bir qərar idi. Bir çox şeyi (ölkədən ayrılmaq, uzaqda yaşamaq) nəzərə alaraq onlar da mənə dəstək verdilər və xüsusilə də atam bu istəyimə çatacağıma məndən daha çox inanırdı.

Qeyd etməyi özümə borc bilirəm ki,  Dövlət Proqramının qəbulu dünyanın nüfuzlu universitetlərində təhsil almağımızda və yüksək ixtisaslı mütəxəssislər kimi yetişməyimizdə biz tələbələrə ölkə rəhbərliyinin  diqqət və qayğısının bariz nümunəsidir.  Dövlətimizin  biz gənclərin xaricdə təhsil almaları üçün yaratdığı şərait, həqiqətən, təqdirəlayiqdir. Son illər  Dövlət Proqramı çərçivəsində tələbələrin  seçim prosesində olan bir çox dəyişikliklər onu deməyə imkan verir ki, getdikcə dövlətin bu istiqamətdə marağı daha da artır. Daha potensiallı tələbələrin aşkarlanması və onların xaricdə təhsil almaları üçün hər cür imkanların yaradılması bunun göstəricisidir. Əlbəttə ki, bizə yaradılan şərait, böyük diqqət və qayğı üçün ölkə Prezidentinə minnətdarıq. 

- Tələbə həyatınız necə keçir?

- Düzünü desəm, dərslərin ağırlığı özünü göstərir. Amma buna baxmayaraq, dostlarla söhbətə, görüşməyə, həmçinin xarici tələbələr ilə ünsiyyətə də vaxt ayırıram. İmkan olanda universitetimizin azərbaycanlı tələbələri ilə birlikdə yaxın şəhərlərə gəzintiyə də gedirik. Tələbə həyatı, həqiqətən, maraqlı keçir. Britaniya mühitinə öyrəşməkdə elə də böyük çətinliklə üzləşmədim. Bəlkə də olimpiadalarla əlaqədar  bir neçə dəfə xarici ölkələrdə olduğuma görə adaptasiya asan oldu. Bu da olimpiadanın mənə qazandırdığı başqa bir özəllikdir. Universitet şəhərciyinə yaxın yerdə qaldığıma görə ətrafımda gördüklərim insanların əksəriyyəti tələbədir. Yerli insanlar tərəfindən əcnəbi tələbələrə münasibət də  əladır.

-  Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə...

- Mən hazırda Böyük Britaniyanın Mançester  Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alıram. Mançester  Universiteti  bu sahə üzrə bütün universitetlər arasında ilk 50-likdə, Böyük Britaniyada isə ilk 10-luqdadır. Hazırda universitetdə 40000-ə yaxın tələbə təhsil alır. İxtisas seçimi edərkən bir neçə amili nəzərə aldım. Elə əvvəldən riyaziyyatla məşğul olduğum üçün, ixtisasımın da riyaziyyatla bağlı olmasına fikir verdim. Bundan əlavə,  Azərbaycanda mütəxəssis ehtiyacı olan sahələrdən biri də məhz bu ixtisasla əlaqəlidir. Söz yox, bəlkə də istər xaricdə olsun, istərsə də Azərbaycanın özündə, bu sahə üzrə təhsil alan yetərli sayda tələbə var. Amma nəzərə alsaq ki, əsas olan kəmiyyət yox, keyfiyyətdir, onda bir daha əmin oluram ki, doğru seçim etmişəm.

-  Universitetdə tədris və imtahan sessiyası necə təşkil olunur?

-  Tədris ili 2 semestr müddətindədir. Hər semestrin sonunda final imtahanları  olur. Amma bu o demək deyil ki, hər şey bu imtahanlardan asılıdır. Çünki hər bir fəndən semestr ərzində olan tapşırıq və praktiki işlər bu fənn üzrə toplanan  balın 50 faizini  təşkil edir. Buradakı sistemin ən çox xoşuma gələn özəlliyi odur ki,  mühazirələrdə öyrəndiyimiz bilikləri praktiki olaraq tətbiq edərək daha da mükəmməlləşdiririk.

-  Oxuduğunuz ali məktəbdə tələbələr üçün hansı geniş imkanlar var?

Tələbələr üçün daimi fəaliyyət göstərən fərdi dərs çalışma binası, universitetin müxtəlif tələbə cəmiyyətləri, yuxarı kurs tələbələri üçün araşdırma mərkəzləri,  tez-tez təşkil olunan müxtəlif şirkətlərin karyera forumları Mançester Universitetində ən əsas imkanlardandır.

-  Xaricdə  təhsil sizin dünyagörüşünüzə necə təsir etdi?

-  Xaricdə təhsil almaq sadəcə xarici universitetdə oxumaq kimi düşünülsə tam doğru olmaz. Çünki xarici  ölkədə yaşadığımız müddətdə istər-istəməz ətraf mühitlə münasibətdə oluruq. Bu da bizə yeni mədəniyyətlərlə, yeni sistemlərlə tanış olmaq imkanı verir, eyni zamanda insanın həyata baxışına təsirsiz ötüşmür. Gənclərimizin xarici ölkələrdə təhsil almaq istəkləri və Dövlət Proqramı vasitəsilə bunu reallaşdıra bilmələri, həqiqətən, Azərbaycanın gələcəyi üçün çox ümidverici bir addımdır. Amma burada iki mövzuya toxunmaq istəyirəm. İlk növbədə, gənclərin xaricdə daha çox təhsilə diqqət yetirmələrinin vacibliyini qeyd etmək istərdim. İkincisi isə arzu edərdim ki, təhsillərini bitirdikdən sonra həm xarici ölkədən və həm də universitetdən əldə etdikləri təcrübəni dövlətimizin inkişafı yolunda sərf etsinlər.

- Azərbaycanı uzaq ölkədə təbliğ  edə bilirsinizmi?

- Bəli, bacardığımız qədər Azərbaycanı burada tanıtmağa çalışırıq. Şəxsən mən bunu ilk olaraq dərslərimlə göstərməyə çalışıram.  Bundan əlavə, universitetin azərbaycanlı tələbələrdən ibarət olan Azərbaycan Cəmiyyəti ilə olan görüşlərdə də iştirak edirəm.  Ötən ilin noyabr ayında cəmiyyətin keçirdiyi "Azərbaycan gecəsi"ndə qonaqlara vətənimizin hərtərəfli tanıdılması üçün hamı kimi mən də əlimdən gələni etməyə çalışırdım.

-  Gələcək planlarınız?

Hələ ki, təhsilimi magistratura səviyyəsində davam etdirməyi düşünürəm. Geri döndükdən sonra Azərbaycanda tətbiq edilməsi mümkün olan bəzi sistemlərin reallaşdırılması üçün layihələr üzərində çalışmaq istərdim. Digər tərəfdən, bakalavr təhsilim müddətində yay aylarında buradakı şirkətlərin təcrübə proqramlarından yararlanmaq kimi planlarım da var.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov