Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

London məktəbinin fəxri olan azərbaycanlı

 

London Universitet Kollecində bakalavr təhsili alan Mədinə Quliyeva ilə söhbət 

Oruc  MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
[email protected]
 

Mədinə Quliyeva  1994-cü il  avqustun 10-da Bakı şəhərində anadan olub. 2000-2007-ci illərdə Bakıdakı 292 nömrəli tam orta məktəbdə təhsil alıb.  2007-ci ildə atasının xarici ezamiyyətə göndərilməsi ilə əlaqədar olaraq orta təhsilini  Londondakı  "Hollan Park"  məktəbində davam etdirib.     2012-ci ildə orta təhsilini  başa  vuraraq London Universitet  Kollecinə daxil olub. Hazırda  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın  London Universitet  Kollecində  "Beyin  elmləri"  ixtisası üzrə  bakalavr təhsilini davam etdirir.  Orta məktəb illərindən xüsusi istedadı və fəallığı  ilə seçilən Mədinə təhsil aldığı ali məktəbdə həm də elmi tədqiqatlarda iştirak edir. Onunla söhbətimizə də orta məktəb illərindən başladıq.   

London məktəbinini fəxri 

Orta məktəbin bütün siniflərini əla qiymətlərlə başa vurmuşam.  Şəklim  hər zaman məktəbin şərəf  lövhəsində  yer alıb.  Hər tədris ilini əla qiymətlərlə başa vurduğuma və ictimai işlərdə fəal olduğuma görə müdiriyyət tərəfindən diplomlarla təltif olunmuşam.  Rəsm çəkməyi, milli rəqslərimizi və şeir yazmağı çox sevirəm. Azərbaycan  və ingilis dillərində bir neçə şeirim dövri mətbuatda dərc olunmuşdu. Bundan əlavə, bədii gimnastika üzrə  "Spartak"  İdman Cəmiyyətinin  üzvləri arasında  3-cü, Bakı şəhəri üzrə  isə 6-cı yerə çıxmışam.  Ü.Hacıbəylinin 120,  R.Behbudovun 90,  "Arşın mal alan" filminin 60 illiyinə həsr olunmuş uşaq rəsmləri müsabiqəsində iştirakıma görə sertifikata layiq görülmüşəm. 2 dəfə rəsmlərim müsabiqənin kataloquna daxil edilmişdir. Qarabağa həsr olunmuş ilk  şeirim "Üç alma" adlı uşaq jurnalının 3-cü nömrəsində çap olunmuşdur.

Orta təhsilimin London hissəsində də uğurlarım olub. Xarici dilə  tez yiyələndiyimə və riyaziyyatdan keçirilən müsabiqənin qalibi olduğuma görə Londondakı  "Hollan Park"  Məktəbi  tərəfindən fəxri fərmanla təltif olunmuşam. İki dəfə  "Perfect  tense" mükafatına layiq görüldüm və şəklim  məktəbin hollunda şərəf  lövhəsində asılıb.  2008-ci ildə London İmperial Kolleci (Imperial College London)  tərəfindən düzənlənmiş   robot yarışmasında dostlarımla hazırladığım daşıyıcı robot  ali məktəb üzrə 3-cü yerə layiq görülüb.  İncəsənət dərsi üçün hazırladığım layihələrdəki  əsərlərimin çoxu məktəbin sərgi zalında yer aldıgı və  hər zaman maraqla qarşılandığına görə  Londondakı "PrinceTs Drawing School"un  sagirdi olmağa dəvət  edilmişəm. Hazırda London Universitet Kollecində "Beyin elmləri" üzrə bakalavr təhsili alıram.    

"Yaxşı oxumalı və yaxşı mütəxəssis olmalıyam" 

İxtisas seçimimdə valideynlərimin böyük rolu olub. Xüsusən də anam və xalam mənim həkim olmağımda təkid edirdilər,  seçdiyim neyrologiya ixtisasını da mənə onlar sevdirib. Onların dəstəyi və  dəyərli məsləhətləri  ilə Azərbaycanın xaricdə təhsil almış yüksək ixtisaslı neyro-cərrahlara ehtiyacı olduğunu  öyrəndim  və  insanlara  bu sahədə  yardım etmək istədim. Xaricdə təhsil almaq arzumu reallaşdırmaq üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın seçim prosesində iştirak etdim və   təqaüdə layiq görüldüm.  Sevincimin hədd-hüdudu yox idi.  Xaricdə, dünyanın ən nüfuzlu ali məktəblərindən birində təhsil almaq arzumun reallaşması ilə əlaqədar  dövlətimə,  dəstək və qayğısına  görə  ölkə  Prezidenti cənab  İlham Əliyevə  çox  minnətdaram. 

Dövlət Proqramının iştirakçısı olan bir tələbə kimi anlayıram ki, yaxşı oxumalı və  yaxşı mütəxəssis olmalıyam.  Prezidentimizin  "biz maddi sərvətimizi  insan kapitalına çevirməliyik"  konseptual  proqramını  biz  gənclər həyata keçirməliyik.   Bu prosesdə gənclərin fəallığını yüksək qiymətləndirirəm. Bütün dünyada olduğu kimi, ölkəmizin təhsil sistemində  keyfiyyət dəyişiklikləri baş verir və yeniliklərə, aparılan islahatlara münasibətim çox müsbətdir.  

"Ölkəm üçün təbii ki, darıxıram" 

Təhsil həyatım çox intensiv keçir. Asudə vaxtım, demək olar ki, yox dərəcəsindədir.   Dərslərimlə yanaşı, rəqslərə  ("Salsa", Tanqo, modern və stepdans)  gedirəm.  Lal dilini öyrənirəm.  İngiltərə  mühitinə   adaptasiya olmaq həm asan, həm də çətindir. Təbii ki, ölkəm üçün darıxıram. Gözəl Bakımız, Novruz  tonqalı,  buta kimi küləklərə baş əymiş sam  ağacları, muğam,  doğmalarım üçün darıxıram.

Britaniyalıların zəngin mədəniyyəti, ədəbiyyatı, incəsənət və tədris-təhsil ocaqları nə qədər yaxşı olsa da, bizim insanlar qədər yaxşı ola bilməz. Ona görə də xaricdə oxuyan  tələbələr olaraq bir-birimizi axtarırıq. "Xocalıya ədalət!"  kampaniyasını  dəstəkləyirik  və ölkəmiz  barədə əsl həqiqətləri xaricilərə çatdırırıq.  Bundan əlavə,  keçirdiyimiz bir  çox digər  tədbirlərimizdə London İmperial Kolleci ilə yanaşı, Böyük Britaniyanın digər universitetlərində təhsil alan azərbaycanlı tələbələr də iştirak edirlər. Bu yaxınlarda tələbələrimizin yaxından iştirakı ilə  London İmperial Kollecində çox yüksək səviyyədə Novruz Festivalı keçirdik.   

"Daha çox beyində  baş verən  biokimyəvi  mexanizmlərlə  maraqlanıram" 

"Beyin elmləri" üzrə  bütün dünyada  Harvarddan sonra ikinci, Avropada isə  birinci yerdə olan universitetdə  təhsil  almaq qürurlandırıcı  bir  hissdir.   Seçdiyim ixtisas çox vacib və maraqlıdır.  Daha çox beyində  baş verən  biokimyəvi  mexanizmlərlə maraqlanıram.  Apardığımız tədqiqatlardan mənim üçün ən maraqlısı  "Bacteriophage Lambda"nın (bakterial virus) genetik informasiyasının  kitabxanasını yaratmaq olub.  Bu tədqiqat  əvvəlki illərdə çox vaxt aparsa da hazırda  modern avadanlıqlar sayəsində bir neçə həftədə aparıla bilər. "Puzzle" (intellektual oyun) oynamağa bənzəyir,  tam olan genetik informasiya  hissələrə (coloniler-bəzi təkhüceyrəli canlılar bölündükləri zaman bir-birindən ayrılmayaraq sürü əmələ gətirirlər, coloniler təkhüceyrəli canlılar ilə çoxhüceyrəli canlılar arasında keçid formasıdır) bölünür və bu hissələrdən istifadə edərək bölünən genetik informasiyanın  kitabxanası  yaradılır. Sənətimi  həqiqətən də çox sevdiyimi 2014-cü ildə Ankarada keçdiyim praktiki təcrübə zamanı anladım. İstərdim ki, uğurlu beyin əməliyyatları vətənimdə də olsun.  Ancaq elmi tədqiqatlar olmadan bu sahədə irəliləmək qeyri-mümkündur. 

"Məni elmi tədqiqatlara cəlb edən dünya şöhrətli professorlar var" 

Universitetdə məni elmi tədqiqatlara  cəlb edən dünya şöhrətli professorlar var. Onların arasında Londondakı Beynəlxalq Neyrocərrahiyə Mərkəzinin  qurucusu və rəhbəri, London Kral Cəmiyyətinin üzvü, professor Henri Marşı xüsusi qeyd etmək istərdim.  H.Marş 40 ildən artıqdır ki, dünyada beyin şişlərinin aradan qaldırılması üzrə ən unikal əməliyyatlara rəhbərlik edib. Professor öz tələbələri ilə ən çarəsiz xəstələri həyata qaytarıb. 

Dərsə, imtahana fərdi şəkildə hazırlaşmağa üstünlük verirəm. İmtahan, seminar, mühazirələr burada qədim Avropa ənənələrinə söykənir, ali təhsil ocağında demokratik yanaşma hökm sürür, mütaliə etmək üçün geniş imkanlar yaradılmışdır.  Böyük Britaniyada təhsil islahatları ləng gedir. Bu ölkənin təhsil sisteminin tam təkmilləşdiyini deyə bilərik.  

"Təhsilimi tibb üzrə magistr dərəcəsində davam etdirmək istərdim" 

Britaniyanın ən nüfuzlu ali məktəblərindən birinin azərbaycanlı tələbəsi kimi  mənim bir amalım var - vətənə və xalqıma xidmət etmək.  Bunun üçün yeni  ixtisasa yiyələnmək,  daha dəqiq, məqsədyönlü, vətənə lazım olan ixtisas seçilməlidir.  Xaricdə oxumaq və təhsil almaq müsbət haldır.  Atalar demişdir: "Çox yaşayan çox bilməz, çox gəzən, çox görən və çox oxuyan çox bilər".  İstərdim ki,  ingiltərəli tələbələr təcrübə almaq üçün Almaniyaya, ABŞ-a deyil, bizim ölkəmizə, milli onkologiya mərkəzimizə gəlsinlər. 

Planlarım - təcrübələr, laboratoriya işləri, elm və yenə elmdir.  Təhsilimi nanotexnologiya və bərpa tibbi üzrə magistr dərəcəsində davam etdirmək istərdim. Bu, çox yeni sahədir, bəzən orqan mühəndisliyi kimi də  adlandırılır, əsas məqsədi nanotexnologiyadan və 3D printerlərdən istifadə edərək orqan yaratmaqdır.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov