Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

"Bu layihə Azərbaycan təhsilinin böyük uğurudur"

 

Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvü, professor Vladimir Bazarnıyın qəzetimizə müsahibəsi 

Məlum olduğu kimi,  Təhsil  Nazirliyi Prezident  İlham Əliyevin  sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan vəzifələrin icrası istiqamətində davamlı iş aparır. Dövlət strategiyasının tələblərinə uyğun olaraq şagirdlərin psixi, fiziki və mənəvi sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün Təhsil Nazirliyi Milli Təhsil Texnologiyaları Mərkəzi ilə "Sağlam təhsil-sağlam millət" layihəsinin reallaşdırılmasına başlayıb.  Layihə çərçivəsində artıq Bakı və Sumqayıt şəhərlərinin 6 ümumi təhsil məktəbində 15 "Sağlam təhsil sinfi" yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayıb. "Sağlam təhsil-sağlam millət" layihəsinin məqsədi təhsil alanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. Layihənin reallaşdırılması çərçivəsində Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvü, "Uşaqların Sağlamlığı Naminə Rusiya İttifaqı" ictimai hərəkatının rəhbəri,  professor  Vladimir Filippoviç Bazarnıyın təhsil alanların sağlamlığının qorunması istiqamətində 35 illik təcrübəsi xüsusilə diqqət cəlb edib, alim ölkəmizə dəvət olunub.  Artıq layihənin reallaşdırılmasından 9 ay vaxt keçib, ilkin monitorinqlər keçirilib və hesabat hazırlanıb.  Bu günlərdə Bakıda səfərdə olan professor Vladimir Bazarnıy  ilə görüşərək  layihə ilə bağlı söhbətləşdik. "Azərbaycan müəllimi" qəzetinə verdiyi müsahibəsində professor V.Bazarnıy bütün görülən işlərlə bağlı təəssüratlarını bölüşdü.  

- Ən böyük təəssüratım kimi  "Sağlam təhsil  sinifləri"ndə təhsil alan uşaqların valideynləri ilə görüşümü yaxşı xatırlayıram. Valideynlərin layihəyə  fəal surətdə maraq  göstərmələri məni çox razı  saldı. Onlar uşaqlarının gələcəyinə maraq göstərirdilər. Bu, çox qiymətli məqam idi. Valideynlər öz uşaqlarını  tamamilə yeni keyfiyyətdə görürdülər.  Bu məni çox məmnun edirdi.  Valideynlər uşaqların oxuduqları məktəbə getdilər, bu prosesdə heç bir problem,  neqativ hal görmədilər. Onlar bir şey istədilər: bu proses davam etməlidir. Açığını, mən bunu gözləmirdim. Buna görə də onlar bizim komandaya, xüsusən də Təhsil Nazirliyinə minnətdar olduqlarını  bildirirdilər. Mən isə öz növbəmdə valideynlərə minnətdaram.

- Vladimir Filippoviç, pilot məktəblərdə layihənin gedişi ilə bağlı yekun rəylərinizi bilmək istərdik.

Böyütmək üçün seçin- Aprelin 26-dan pilot məktəblərdə layihənin gedişi ilə bağlı qiymətləndirmələr aparıldı. Biz bir daha bir araya gəldik. Layihədə iştirak edən bütün komanda üzvlərinin  bir araya gəlməyində məqsəd  işlərin gedişi ilə bağlı hesabat hazırlamaq, aparılan işlərə  yeni istiqamət vermək idi.  Gəlişimizin bir məqsədi də müəllimlərlə görüşmək,  onlarla birlikdə işləməkdir. Mən bildirim ki, Təhsil Nazirliyi "Sağlam təhsil sinifləri"nin sayını artırmaq niyyətindədir. Qeyd edim ki, sizin çox gözəl müəllimləriniz var.  Bir il müddət ərzində onların elədikləri əsl qəhrəmanlıqdır. Yenə də deyirəm,  təəssüratlarım çox yüksəkdir. Sizin müəllimlər əvəzedilməzdirlər. Onlar çox zəhmətkeşdirlər. Mən özümü onlar qarşısında borclu hesab edirəm. Müəllimlər bir il ərzində xüsusi  gərginliklə  işləyiblər. Hər yeni dərsə hazırlaşmalı, yeni didaktiv materiallar əldə etməli, hər bir dərsdə kitabda yazılanları şablon kimi  deyil, tədris proqramına əsaslanmaqla yaradıcı şəkildə uşaqlara çatdırmalısan.  Dərsi öyrənməyi də yaradıcı şəkildə öyrətməlisən. Onlar bu işin öhdəsindən məharətlə gəldilər. Müəllimlərin işə bu cür yanaşmasından çox məmnun qaldım.  Biz müəllimlərin yaradıcılıq potensialını yüksəltməliyik. Müəllimlik incəsənətdir, o, hər şeyi  müstəqil surətdə, özü yaratmalıdır.

- Sağlam təhsilin məzmunu barədə nə deyə bilərsiniz?

- Öncə onu deyim ki, gənc nəslin sağlam  və hərtərəfli inkişafı ölkənizin təhsil qanununda əksini  tapıb.  Harmonik inkişaf edən nəslin yetişdirilməsi əsas vəzifədir.  Qanunda sağlam həyat tərzi əks olunub. Lakin biz bu qanunu necə başa düşür,  necə reallaşdırırıq?  Əsas məsələ budur.  Uşaqlar  üçün  başlıca məsələ nədir? İnkişaf, yaradıcı təfəkkür, sərbəst düşüncə tərzinin formalaşdırılması. Məşhur rus fizioloqu Seçenov deyirdi ki, uşaq nə qədər ki, hərəkətdədir, o düşünür. Fərdi fikir, düşüncə tərzi, fikirlər  isə  hərəkətdə olanda yaranır.  Hansı qanuna görə uşaq hərəkətsiz olmalıdır?  Hansı əsasla uşağı partada oturdub onu hərəkətdən məhrum ediblər? Hərəkətsiz uşaq müstəqil düşünə bilməz! Mən hələ onun sağlamlığını  demirəm. Alimlər sübut ediblər ki,  yalnız ağıllı əllər beyini ağıllı edir. 

Qeyd edim ki, hələ sovet dövründə tərəfimizdən tədris prosesində uşaqların harmonik inkişafına dair layihə hazırlanmışdır. Məsələ onda idi ki, sovet dövründə orta məktəb məzunları arasında  psixi pozğunluq səviyyəsinin 12 dəfə (44 faiz), onurğa sütunu problemlərinin 70 faiz, ürək-damar, göz xəstəliklərinin 3-5 dəfə artmasına dair  nəticələr əldə olunmuşdu. Lakin bu layihə diqqətlə qarşılansa da sovet dövründə reallaşmadı.  Yalnız 90-cı illərin əvvəllərində uşaqların harmonuk inkişafına dair hazırladığımız layihənin ölkə məktəblərində tətbiqi tövsiyə olunub. Problemlə bağlı  Nürenberqdə,  Londonda, Parisdə beynəlxalq müzakirələr olub.  Tədbirlərdə müxtəlif  ölkələrdən yüzlərlə alim,  pedaqoq iştirak edib.  Bir neçə il sonra isə  Avropa  forumunun  qərarı  ilə layihənin həyata keçirilməsi  dünya ölkələrinə tövsiyə olunmuşdur. O vaxta qədər isə dünyanın heç bir ölkəsində bu problem ətraflı araşdırılmamışdı.  Məlum olmuşdur ki, 50 il ərzində sovet dövründə aparılmış islahatlar uşaqların əleyhinə olub. Biz isə öz layihəmizdə əsas məqam olaraq uşaqların sağlam, hərtərəfli inkişafını nəzərdə tutan erqonometriyanı (tədris mühitinin təhsil alanların fiziki və psixi imkanlarına əsaslanaraq təhlükəsiz və səmərəli çalışqanlığı üçün uyğunlaşdırılması haqqında elm) seçmişik. Layihəmizlə əlaqədar 44 patent almışıq.

Hesab edirəm ki, bu layihə Azərbaycan təhsilinin  böyük uğurudur.

- "Sağlamlığın müdafiəsi və təhsilin keyfiyyəti birlikdə olmalıdır" fikrinə münasibətiniz...

- Tamamilə düzdür.  Elə layihəmizin bütün mahiyyətini də bu fikir  təşkil edir. Uşaqların sağlam təhsil alması layihənin əsas məqsədidir. Uşaqların böyüməsi onların hərəkətdə olduğu dövrdə  daha çox hiss olunur. Alimlərin tədqiqatları əsasında məlum olub ki, bizim genomun enerji-informasiya matrisası  o zaman işləyir ki, uşaq vertikal vəziyyətdədir və hərəkət edir. Biz  bunu genetik səviyyədə sübuta yetirə bilmişik. Ona görə də uşaqları  9 ay tədris prosesi ərzində oturmağa məcbur etmək onu inkişafdan məhrum etmək deməkdir. Tədqiqatlar göstərir ki, hiss və əzələnin sintezi inkişafın əsasıdır. Evdə masaya əyilərək oturan uşağa diqqət yetirin. Onun əzələləri daşlaşıb! Əzələ gərginliyi yalnız orqanizmin zəhərlənməsi ilə müqayisə oluna bilər. Çünki bütün mikrosistem blokada vəziyyətindədir.  Ürək-damar, ağ ciyərlər tam sıxılmış vəziyyətdədir.  Oturaq vəziyyətdə başın aşağı əyilməsi boyun damarlarının sıxılmasına  səbəb olur ki, bu da baş-beyinin qanla pis təchiz olunması ilə nəticələnir. Bütün bunları hamı görür. Mən  bütün varlığımla qışqırmaq istəyirəm: Əziz müəllimlər, valideynlər! Dərsi dayandırın. Dərsi bir saniyə belə, bu cür davam etdirməyə haqqınız yoxdur. Sinifdə şagirdlərin parta arxasında əyili vəziyyətdə oturmasını  görürəm, onları gələcəkdə hansı faciə gözlədiyini  də bilirəm. Buna görə də deyə bilərəm ki, oturaq həyat şagirdlərimiz üçün fəlakətdir.

- "Sağlam təhsil sinifləri"ndə aparılan monitorinqin nəticələri ilə bağlı hesabat barədə nə deyə bilərsiniz?

- Hesabat artıq hazırdır.  Lakin mən hesabatı açıqlamaq istəməzdim.  Mən layihənin rəhbəri deyil, elmi məsləhətçisiyəm. İstərdim ki, hesabatı sizin mütəxəssislər açıqlasın. Pediatrlar, psixoloqlar hesabatla tanış olub öz qiymətlərini versinlər.  Moskvadan gəlmiş mütəxəssislər monitorinq keçiriblər. Onlar  "Sağlam təhsil sinifləri"ndə oxuyan uşaqların energetikasını öyrəniblər.  Qeyd edim ki, rusiyalı  mütəxəssislər Azərbaycanda gördüklərini  artıq Moskvada  yaymağa başlayıblar. Onlar Azərbaycanda necə də gözəl nəticələr əldə olunduğunu qeyd edirlər.  Bu sahədə işlərin aparılmasına dair çıxışlar edirlər. Layihənin başlamasından cəmi 9 ay keçib. Mənim qərarım olsa, uşaqlar partalardan ümumiyyətlə imtina edərdi. Bunu bizim istəyimizə görə yox, öz ürəklərinin tələbinə,  daxili tələbatlarına, çağırışlarına əsasən etsinlər. Layihə ərzində, birincisi, uşaqların energetik səviyyəsi oturaq vəziyyətdə təhsil alanlara nisbətən 25 faiz artıb. İkincisi, uşaqlar böyüyüblər, lakin parta arxasında oturanlar bu cür böyüməyəcəklər. "Sağlam təhsil sinifləri"ndə oxuyan uşaqlar nəzərəçarpacaq dərəcədə böyüyüblər.  Bu uşaqlar aktivdirlər, tədris prosesində yorulmurlar. Bu inkişafı onların valideynləri də gördü.

- Valideynlərdən söz düşmüşkən, onların bu  prosesdə rolunu necə qiymətləndirərdiniz? 

- Onların rolu tam fundamental əhəmiyyət daşıyır.  Valideynlər "Sağlam təhsil  sinifləri"ndə gördüklərini  evdə  davam etdirməlidirlər.  Onlar  çalışmalıdırlar ki, uşaqları  evdə oturaq vəziyyətdə vaxt keçirməsinlər. Oğlanlar və qızlar üçün ayrı-ayrı idman tapşırıqları  təşkil olunmalıdır.  Bütün bunlar valideynlərdən böyük  əmək  tələb edir.  Məktəb və  ailə bir-birindən ayrılmaz  bütövlük,  tamlıq təşkil  etməlidir.  Bu, böyük bir  mövzudur.  Bu  gün uşaqlar  çənə-boyun  problemlərinə  malikdirlər. Uşaqlar  əllərini  çənələri altına söykəyərək  eyni cür otururlar, boyun əyilir.  Diz üstə  duraraq  uzun saatlarla televizora baxırlar. Bu  cür  vəziyyət uşaqların bel-fəqərə sistemi üçün  çox təhlükəlidir. Mən yaxşı bilirəm, 10-20 ildən sonra bizi hansı fəlakət gözləyir.  Buna görə  də uşaqlar bir saniyə olsa belə,  oturmamalıdır. Uşaqların  sağlam  inkişafında məsuliyyəti 2 subyekt daşıyır - məktəb və  ailə.

- Layihə  ilə bağlı növbəti addımlarınız barədə...

- Layihə uğurla həyata keçirilir. Planlarımız belədir: öncə lazımdır ki,  müəllimlərimiz bu işi davam etdirsinlər. Onlar artıq öz mövqelərində dayanıblar. İstərdim ki, müəllimlər layihə ərzində qazandıqları  təcrübə barədə məqalə yazsınlar.  Mən isə onları redaktə etməyə və toplayaraq məcmuə   halına salmağa hazıram.  Bütün bu işləri, əlbəttə ki,  təhsil nazirinin  ümumi redaktəsi ilə başa çatdırmaq istərdim. Nazirlə görüşdə bunu ondan  hökmən  xahiş edəcəyik. Qeyd edim ki, bu məcmuə "Sağlam təhsil sinifləri"nin müəllimlərinin təcrübəsini  yaymağa imkan verəcək və bu sahədə əsas olacaq.   Vəzifəmiz müəllimin yaradıcılıq səviyyəsini  yüksəltməkdir.  Biz çox yəqin ki,  təhsil naziri ilə görüşəcəyik  və mən öz arzularımı  ona çatdıracağam.

- Layihə ilə bağlı Təhsil Nazirliyinin apardığı işləri necə qiymətləndirirsiniz?

- Çox gözəl.  Qeyd edim ki,  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda  təhsilalanların  psixi, fiziki və mənəvi sağlamlıq vəziyyətinin  yaxşılaşdırılması, təhsilin keyfiyyətinin  yüksəldilməsi vəzifələri  əksini  tapıb.  Təhsil  Nazirliyi  strategiyadan irəli gələn bu vəzifələrin həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparır.

Mən həyatımda ilk dəfə  bu məsələyə dövlət siyasəti mövqeyindən çox ciddi yanaşan  ilk təhsil nazirinə rast gəldim. Bu məsələdə Azərbaycan Respublikası  Təhsil Nazirliyinin  məsləhətçisi olmaq mənim üçün böyük şərəfdir. Mənə böyük etimad göstərildi.  Bu layihənin həyata  keçirilməsində bütün təşəbbüs Təhsil Nazirliyinə məxsusdur. Mən şəxsən dərindən inanıram ki, Azərbaycanda görülən bütün bu  işlər tezliklə digər ölkələrdə də yayılacaq. Layihənin həyata keçirilməsinə çox istedadlı kadrlar, gənclər cəlb olunub. Bütün komanda üzvləri, metodistlər, pediatrlar layihənin uğurla reallaşdırılmasında fəallıq göstərirlər.

Mən Rusiyada dövlət rəsmiləri ilə dəfələrlə görüşərək layihənin həyata keçirilməsinə çalışmışam. Lakin bu qurumların  heç biri  təhsil sahəsində dövlət siyasəti səviyyəsində işləmir.  Azərbaycanda isə Təhsil Nazirliyinin bu sahədə gördüyü işi çox yüksək qiymətləndirirəm. 

- Müsahibələrinizin birində demişdiniz ki, "bizə tamamilə yeni məktəb lazımdır".  Sizcə, yeni məktəb necə olmalıdır?

- Əgər etimad göstərilərsə,  biz Təhsil Nazirliyi ilə məktəbin inkişafına dair yeni qərar  layihəsi hazırlayacağıq.  Məktəbin məqsədini və vəzifələrini dəyişmək lazımdır.  Məktəbin vəzifəsi  təhsilalanların timsalında yaradıcı, fiziki cəhətdən  sağlam, mənəvi, əxlaqi cəhətdən saf, bütöv şəxsiyyəti inkişaf etdirməkdir.  Bundan əlavə,  inkişafın keyfiyyətinə dair attestasiya olmalıdır.  Əgər uşaqlarda yaradıcı təfəkkür varsa,  onun üçün  biliklərin sayı, məcmusu qorxulu deyil.  Əgər uşaqda yaradıcı   təfəkkür yoxdursa, o,  sadəcə danışan, informasiya toplayan biri olacaq.  Ona görə də yeni məktəb uşaqlarda, ilk növbədə,  yaradıcı təfəkkürü inkişaf etdirməlidir.

Qadınlar ailə və uşaqların tərbiyəsi ilə məşğuldurlar.  Bizdə gender problemi yoxdur.  Diqqət yetirin, məktəbdə oğlan və qızlar ayrı-ayrı şəkillər çəkir.  Onlar fərqlidirlər. Onlara yanaşma da fərqli olmalıdır.  İbtidai siniflərdə  oğlanların və qızların  parta arxasında daha düzgün oturmasına dair heç bir metodik göstəriş yoxdur.

Müasir məktəbin problemlərindən biri oğlanların kişi tipinə görə tərbiyə olunmasıdır.  Onları kişi kimi tərbiyə etmək lazımdır. Zəif kişi qadına etimad göstərə, onu qiymətləndirə,  ucalda bilməz. Yalnız güclü kişi ailəsini, Vətəni müdafiə edə bilər. Buna görə də biz oğlanların kişi tipi üzrə  tərbiyə məsələsini  bir problem kimi qaldırırıq.

Ümid edirəm ki, "Sağlam təhsil-sağlam millət" layihəsi şagirdlərin harmonik  və sağlam unkişafı,  onların keyfiyyətli təhsil alması istiqamətində qarşıya qoyulan  hədəflərə   çatmaqda bizə  kömək  edəcək.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
[email protected]
Fotolar Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov