Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

"Azərbaycan təhsilində baş verən keyfiyyət dəyişikliklərini diqqətlə izləyirik"

 

Harvard Universitetində təhsil alan ən gənc azərbaycanlı tələbə Əlikram İsayevlə söhbət 

Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi"
[email protected]

Əlikram Tofiq oğlu İsayev  1990-cı il mayın 7-də İmişli rayonunda anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin  beynəlxalq hüquq  ixtisasına qəbul olunub. 2011-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirib. 2009-cu ilin iyun-avqust aylarında ABŞ-ın Massaçusets ştatının Boston şəhərində fəaliyyət göstərən Harvard  Universitetində yay tətili müddətində ingilis dili kursu keçib. 2011-ci ildə aprel-may aylarında Ombudsman aparatında təcrübə keçib. 2012-ci ildə Aparatda işə qəbul olunub. İşlədiyi  müddət ərzində magistratura pilləsi üzrə imtahan verərək bir çox ali təhsil müəssisələrindən ictimai siyasət və idarəetmə ixtisasları üzrə (Harvard,  Kolumbiya, Corc Vaşinqton, Amerika universitetləri və s.) qəbul təklifləri alıb. Hazırda  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin  xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Massaçusets ştatının Boston şəhərində fəaliyyət göstərən, dünya universitetləri arasında 1-ci olan Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbində təhsil alır.  

Məktəbdə oxuduğum illərdə demək olar ki, bütün fənlərə üstünlük verirdim. Ancaq humanitar sahəyə marağım daha çox idi. Ali məktəblərə keçirilən test imtahanlarında yüksək bal topladığıma görə Azərbaycan Respublikası Təhsil Nazirliyi və İmişli Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışam. İdmanla məşğul olmağa da böyük həvəsim var idi. Ən çox futbol və çoxnövçülüklə maraqlanırdım. 

Xaricdə təhsil hər zaman öncül məqsədlərimdən biri olmuşdur. Düzü, birinci  il xaricdə təhsil almaq cəhdim uğursuzluqla  nəticələndi. 2012-ci ildə  sənədlərimi bir çox xarici universitetlərə göndərmişdim, lakin əsas məqsədim Harvard Universitetinə qəbul olunmaq  idi.  Həmin il bir çox ali təhsil müəssisələrindən, eləcə də  Böyük Britaniyanın nüfuzlu  London İqtisadiyyat və Siyasi Tədqiqatlar  Məktəbindən (London Schoold of Economics and Political Sciences LSE)  qəbul təklifləri almışdım,  ancaq getmədim.  Düşündüm ki, 1 il də gözləyib Harvarda qəbul olmaq daha yaxşı olar. Düzü, mən 22-23 yaşlarımda Harvard Universitetində təhsil almaq istədiyimi deyəndə, ətrafımdakılar bunu mümkünsüz kimi qəbul edirdilər. Ancaq zaman göstərdi ki, heç də mümkünsüz deyilmiş. Beləliklə də Harvard Universitetinin Kennedi Məktəbinə ən gənc azərbaycanlı tələbə kimi qəbul olundum. Digər azərbaycanlılara, xüsusən də xaricdə təhsil almaq istəyənlərə məsləhət görərdim ki, heç bir işə mümkünsüz kimi baxmasınlar. Ailə  üzvlərim tərəfindən Amerikada təhsil almaq istəyim  çox yaxşı qarşılandı və ilk gündən bu günə kimi çox dəstək olurlar. 

Böyütmək üçün seçin"Dövlət Proqramına qəbul olunmağım xəbərinə çox sevinmişdim" 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin  xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" istedadlı gənclərimizin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasına gözəl imkanlar yaradır.  Bu proses ən layiqli tələbələrin yüksəkixtisaslı mütəxəssislər kimi yetişməsinə xidmət edir, mən seçim prosesini çox  müsbət qiymətləndirirəm. Bizim tələbələrin əsas məqsədi yüksək və müasir təhsil alaraq vətənə dönmək, ölkəmiz üçün çalışmaqdır. 

Dövlət Proqramına qəbul olunmağım xəbərinə çox sevinmişdim.  Proqramın əhəmiyyəti böyükdür. Azərbaycan dövlətinin xaricdə təhsilə bu qədər diqqət göstərməsi təqdirəlayiq bir haldır. Bu proqramı Azərbaycanda iqtisadiyyatın yeni yüksək səviyyəyə qaldırılması, ölkənin elm və təhsil potensialının zənginləşdirilməsi naminə dünyanın qabaqcıl təhsil ocaqlarında mütəxəssis hazırlanması kimi qiymətləndirmək olar.  Digər  ölkələrdən olan tələbələrlə ünsiyyət vaxtı onlara proqram barədə məlumat verirəm.  Amerikada  müxtəlif  ölkələrdən olan əcnəbi  tələbələr proqramı çox gözəl qarşılayırlar və təhsil sahəsində olan mühüm bir yenilik, inkişaf olduğunu qeyd edirlər.

Hazırda ölkəmizdə uğurlu təhsil islahatları aparılır. Biz, xaricdə təhsil alan tələbələr ölkəmizin təhsil sistemində və digər sahələrdə baş verən keyfiyyət dəyişikliklərini diqqətlə izləyirik. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" dünya təhsil standartlarına cavab verən mühüm fəaliyyət proqramıdır.  Bütün bu işlərdə biz Təhsil Nazirliyinin apardığı düzgün, düşünülmüş strateji xəttini aydın görürük. 

"Barak Obama, Corc Buş kimi məzunları olan universitetdə  təhsil alıram" 

Təhsil  aldığım Harvard  Universiteti dünyanın bir nömrəli  ali təhsil ocağıdır. Dünya reytinqlərində bu universitet davamlı şəkildə liderlik mövqeyini saxlamaqdadır.  Böyük Britaniyanın Times Higher Education jurnalının 2015-ci il üzrə dünyanın 100 ən yüksək nüfuza malik universitetinin siyahısına Harvard Universiteti başçılıq edir. Hazırda Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbində ictimai (dövlət) siyasəti ixtisası üzrə magistr təhsili alıram. Harvardın alimləri və nüfuzlu şəxsiyyətləri, məzunları  sırasında  sabiq prezident Corc Buş,  indiki prezident Barak Obama, BMT-nin Baş  katibi Pan Gi Munun adlarını misal çəkmək olar.

Dərs prosesi çox gərgin keçir. Kitablara münasibətimin yaxşı olmasına baxmayaraq, mütaliə üçün çox da vaxtım olmur.  Dərslərin çoxluğu buna imkan vermir.  Ümumi olaraq tələbə həyatım yaxşı keçir.   Yaşadığım  Boston  şəhəri  haqqında  qışın  sərt  havasını istisna etməklə ancaq müsbət fikirlər söyləmək olar. Akademik mühitin olması şəhərin   böyük üstünlüklərindən biridir. Boston ilə Bakı arasında  9 saatlıq  bir vaxt fərqi var.  Hər səfərimdə bir neçə günümü adaptasiya prosesinə sərf edirəm və itirdiyim günlərə görə heyfslənirəm. 

"Tələbə semestr ərzində bir dəfə professoru nahara dəvət edə bilər" 

Harvard Universitetini dünyanın digər ali məktəblərindən fərqli edən məqamlar çoxdur. Universitetdə müəllim- tələbə münasibəti müəllimə və tələbəyə görə fərqlənir, ancaq ümumi olaraq səmimi, dostluq münasibətləri müşahidə edilir. Maraqlı məqamlardan  ən  əsası olaraq  onu deyə bilərəm ki, hər semestr  tələbənin bir  professoru nahara dəvət etmək kimi şansı olur. Bu isə tələbələr üçün professorla daha rahat fikir mübadiləsi etmək üçün yaxşı bir fürsətdir. Harvard  Universiteti mənim üçün  fərqli düşüncə tərzi, unikal təhsil, fərd olaraq inkişaf imkanları, gələcək karyeramın başlanğıcı deməkdir.  Universitetin maddi-texniki bazası, müəllim heyəti və dərs metodologiyasında olan üstünlüklər onu dünyanın hər hansı ali məktəbindən fərqləndirən faktorlardandır. 

Qeyd etməliyəm ki, xaricdə təhsil almaq böyük bir uğurdur, şansdır. Əldə olunan bilikləri xaricdə təhsil almayan həmvətənlərlə paylaşmaq önəmlidir. Bu fərqli bir təcrübədir. İnsanın bir fərd, şəxsiyyət kimi formalaşmasında, müstəqil həyata başlamasında böyük əhəmiyyətə malikdir. 

Azərbaycan haqqında Harvard Universitet qəzetində  

Azərbaycanlı tələbələr bir çox Avropa, Asiya  və  Amerika universitetlərində ölkəmizin təbliği üçün tələbə cəmiyyətləri yaradıblar. Bununla belə, həmin cəmiyyətlərin yaradılması üçün yetərli sayda azərbaycanlı tələbələrin olması vacibdir. Harvard Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının az olması bu il bizə tələbə cəmiyyəti (klubu) yaratmağa imkan vermədi. Lakin  Bostona gələrkən Azərbaycan haqda kifayət qədər suvenir, kitab və s. gətirərək buradakı tələbə yoldaşlarıma, müəllimlərə, dostlarıma payladım. Düşünürəm ki, bu, ölkəmizlə bağlı  edə biləcəklərimizin qarşısında çox kiçik işlərdir. Bostonda diaspora təşkilatı olmadığı üçün Vaşinqtonda olan səfirliklə əlaqə  saxlayırıq.

Bu ilin mart ayında ilk dəfə olaraq  Harvard Universitetində çox gözəl Azərbaycan gecəsi təşkil etdik. İlk dəfə olaraq "Azərbaycan: Qədim əlaqələr, gələcəyin diyarı" adlı mədəniyyət tədbiri keçirildi. Mədəniyyət tədbiri çərçivəsində izləyicilər ölkəmizi müxtəlif aspektlərdə - tarixini, müasir inkişafını, klassik və modern incəsənətini videoçarxlarda görmək imkanı əldə etdilər Azərbaycana xas olan milli suvenirlərin pulsuz olaraq qonaqlara paylanılması da xüsusi marağa səbəb oldu. Tədbirdə ümummilli lider Heydər Əliyevin ABŞ ilə əməkdaşlığa xüsusi önəm verdiyi, bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusilə vurğulandı. Tədbirdə Türkiyənin Boston şəhərindəki konsulu Ömür Budak və Vaşinqton səfirliyinin nümayəndələri iştirak etdilər. Bir neçə gündən  sonra isə gecə ilə bağlı Harvard Universitetinin Kennedi Məktəbinin  həftəlik tələbə qəzetində də məqaləm  yer aldı. 

"Vətənimə layiqincə xidmət edəcəyəm" 

Gələcək planlarımdan danışanda, şübhəsiz ki, Azərbaycana qayıdacağam. Xaricdə təhsil almaqda ilkin məqsədim təhsilimi bitirdikdən sonra Azərbaycana qayıtmaq, orada əldə etdiklərimi, gördüklərimi, təhsilimi, təcrübəmi ölkəmizdə tətbiq etməkdən ibarətdir. Azərbaycan iqtisadiyyatı günü-gündən inkişaf edir.

Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın davamlı inkişafı təmin olunur. Buna  görə də  gənclərimiz  qarşısında  geniş imkanlar açılır. Mən də Azərbaycana layiq  bir vətəndaş  olacaq harada  olmağımdan  asılı olmayaraq daim Vətənimə layiqincə  xidmət  edəcəyəm.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov