Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

BMA-nın məktəb-studiyasının şagirdi Barselonadan qələbə ilə qayıdıb

 

2015-ci ilin 2-9 may tarixlərində İspaniyanın Barselona şəhərində "Dəniz, günəş, festival" adlı Beynəlxalq festival-müsabiqə keçirilib. Bu festival-müsabiqədə ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta İxtisaslaşdırılmış musiqi məktəb-studiyasının VI sinif şagirdi Emil Hüseynov layiqincə təmsil edib.  O, violin nominasiyası üzrə  10-12 yaş qrupunda iştirak edib.  İştirakçılar arasında Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Yeni Zelandiya, İndoneziya, Hindistan və s. ölkələrin nümayəndələri mübarizə aparıb.

Emil  uğurlu çıxışı ilə Moskva, Sankt-Peterburq, Gürcüstan və İspaniyanın dəyərli musiqiçilərindən ibarət   münsiflər heyətinin, dinləyicilərin  rəğbətini qazana bilib.  Hətta Gürcüstan və Qazaxıstandan gələn ifaçılar tərəfindən  Emilə müxtəlif  hədiyyələr bağışlanılıb. O da iştirakçılara yadigar olaraq  Azərbaycan bayrağını  təqdim edib.

Gənc istedadın  repertuarına F.Hendelin 2  nömrəli  sonatası, görkəmli Azərbaycan bəstəkarı  A.Məlikovun "Məhəbbət əfsanəsi" baletindən Məhmənə Banu və vəzir səhnəsi və proqramdan əlavə ifa etdiyi K.Debüssinin "Ağır vals"ı daxil edilib.   Münsiflər heyəti Emilin proqramının öz yaş qrupu üçün çox çətin olduğunu söyləyiblər. O, müvəffəqiyyətlə çıxış edərək  Qala konsertə dəvət alıb. Konsertdən sonra Emilin  I yerə layiq görüldüyü açıqlanıb və onu  2016-cı ildə Berlində keçiriləcək Beynəlxalq müsabiqəyə dəvət  ediblər.

Bu anları gənc musiqiçi belə xatırlayır:   "Müsabiqədə iştirak edən ölkələr ilə birgə Azərbaycan bayrağının dalğalanması mənə xüsusi fəxarət verdi".

Qeyd edək ki, bu qələbə Emilin ilk uğuru deyil. Bundan öncə də o bir neçə müsabiqə, festival və konfranslarda  iştirak edib.  2013-cü ildə Bolqarıstanın Albena şəhərində "Orfeyin varisləri" adlı I Beynəlxalq müsabiqədə  I yer, 2013-cü ildə Qara Qarayevin 95 illiyinə həsr olunmuş gənc musiqiçilərin II Respublika elmi-ifaçılıq müsabiqəsində laureat,  2015-ci ildə isə "Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında"  I Respublika festivalında laureat adını qazanıb.

Sonda gənc musiqiçi onun uğurlarında rolu olan hər bir kəsə öz təşəkkürünü bildirdi: "Mən yeniyetmə şagird kimi yüksək səviyyədə Avropanın mərkəzi şəhəri olan Barselonada doğma Azərbaycanımı təmsil etməyə və tanıtmağa çalışdım. Mən ölkə başçımızın, BMA-nın rektorunun, oxuduğum məktəb-studiyanın direktorunun qayğısını həmişə hiss edirəm. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən daim gənclərə böyük diqqət, dəstək və qayğı göstərilir. Mən uğur əldə etməyimə çox sevinir və oxuduğum məktəb-studiyanın bütün kollektivinə təşəkkür edirəm". 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov