Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

I AVROPA OYUNLARINDA QIZIL MEDAL QAZANMIŞ İDMANÇILARIMIZ

 

Oleq STEPKO 

1994-cü ildə Ukraynanın Zaporojye şəhərində anadan olub. İdman gimnastikası ilə məşğul olur. Oleq 2012-ci il Yay Olimpiya Oyunlarında Ukraynanın milli komandasında iştirak edib. İlk beynəlxalq uğurlarını 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanan Oleq bu yarışlarda gimnastika atı və paralel qollarda hərəkətlərə görə 2 qızıl medala, fərdi çoxnövçülükdə və sərbəst hərəkətlərdə isə gümüş medallara layiq görülüb. O, 2013-cü ildə Avropa çempionatında paralel qollar üzrə qızıl medal qazanıb. Həmin ildə Kazan şəhərində keçirilmiş Yay Universiadasında Ukrayna komandası ilə birlikdə komanda hesabında 2-ci yeri tutub. Eyni zamanda gimnastika atı üzrə yarışlarda bürünc medal qazanıb.

2014-cü ilə qədər Ukraynanı təmsil edən Oleq Stepko bundan sonra beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməyə başlayıb. Oleq 2014-cü ildə Osijekdə keçirilən Dünya Kubokunda  paralel qollar üzrə bürünc medal əldə edib. Bu ilin martında Bakıda keçirilən turnirdə 5 qızıl medal qazanaraq Azərbaycan çempionu olan O.Stepko 2015-ci ildə Qətərdə keçirilən Dünya Çellenc Kubokunda  paralel qollar üzrə qızıl medal qazanıb. Oleq Stepko 2015-ci ildə Bakı şəhərində keçirilən birinci Avropa Oyunlarında da uğurla çıxış edərək paralel qollarda qızıl, fərdi çoxnövçülük və gimnastika atı üzrə gümüş, komanda hesabı və dayaqla tullanma üzrə isə bürünc medallar qazanıb.

Avropa Oyunlarındakı qələbəsi zamanı hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirən idmançı deyir: "Mən öz işimi həmişə ən yüksək səviyyədə yerinə yetirməyə çalışıram. Qazandığım medallar da bunun sübutudur".


Radik İSAYEV 

1989-cu ildə Dağıstanda anadan olub. İdmanın taekvondo növü ilə məşğul olur. Radik 2010-cu ildə 87 kq-dək çəki dərəcəsində Rusiya çempionatının qızıl,  2011-ci ildə isə gümüş medalını alıb. 2013-cü ildə Pueblada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Radik son iki ildə Avropa çempionatında fərqlənib. Belə ki, 2014-cü ildə Bakıda keçirilən Avropa çempionatında 87 kq-dək çəki dərəcəsində çıxış edərək çempion olub. 2015-ci ildə isə Nalçikdə keçirilən qitə çemponatında  85 kq-dan yuxarı çəki dərəcəsində gümüş medal alıb.

2015-ci ildə Çelyabinsk şəhərində baş tutmuş dünya çempionatında da Radik qızıl medala layiq görülüb.

"Bakı-2015" I Avropa Oyunlarında ölkəmizin idman  şərəfini qoruyan Radik İsayev kişilər arasında  80 kq-dan yuxarı çəki dərəcəsində yarışıb. Yarışların dörddə bir finalında onun rəqibi Hollandiya taekvondoçusu Yeroen Vanroiyunu 8:6 hesabı ilə məğlub edib. İkidə bir finalda sloveniyalı İvan Konrad Trajkoviç ilə qarşılaşan idmançımız yenə də çətinlik çəkmədən qələbə qazanıb. Radik İsayev ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən döyüş yarımçıq dayandırılıb və o, finala vəsiqə qazanıb. Finalda taekvondoçumuzun rəqibi  Rusiya idmançısı Vladislav Larin olub. Rəqibini 4:3 hesabı ilə məğlub edən Padik I Avropa Oyunlarının çempionu olub. Bununla da Azərbaycana bu oyunlarda 13-cü qızıl medalı qazandırıb. Qızıl medalı Radik İsayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.

Avropa Oyunlarında +80 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnən təcrübəli idmançı final matçının onun üçün çətin keçdiyini etiraf edib: "Final döyüşü çətin oldu. Çünki rəqib çox güclü idi. Amma şükür Allaha ki, qalib oldum".

 

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov