Azərbaycan Respublikasında əmək bazarının tələblərinə
uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin
ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı
sifarişlərini nəzərə alaraq, "Azərbaycan Respublikasının
Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.31 və 13.5
bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Baş nazirinin müavini
E.Əfəndiyevin ilk peşə-ixtisas təhsili müəssisələrinə
şagird qəbulu planına dair 15.07.2015-ci il tarixli,
17/17/2167, 17/1673-11 nömrəli razılığı nəzərə alınsın.
2. 2015-ci il üçün ilk peşə-ixtisas təhsili
müəssisələrinə ümumi şagird qəbulu planı 17200 nəfər, o
cümlədən, dövlət vəsaiti hesabına 12440 nəfər, ödənişli
əsaslarla 4760 nəfər olmaqla təsdiq edilsin.
3. İlk peşə-ixtisas təhsili müəssisələri üzrə
2015/2016-cı tədris ili üçün şagird qəbulu planları
təsdiq edilsin (əlavə olunur).
4. İlk peşə və orta ixtisas təhsili şöbəsi (S.Vəliyev),
İlk peşə-ixtisas təhsili sektoru (N.İsmayılzadə),
İnformasiya şöbəsi (E.Əliyev) şagird qəbulu planlarının
ilk peşə-ixtisas təhsili müəssisələrinə çatdırılmasını
təmin etsinlər.
5. Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa
şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə
məktəblərinə (1, 3, 5 nömrəli Ağdam, Qubadlı, Zəngilan
və Şuşa peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin
məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra
baxılsın.
6. İlk peşə-ixtisas təhsili müəssisələrinin
direktorlarına tapşırılsın ki:
6.1. 2015/2016-cı tədris ili üçün təsdiq olunmuş qəbul
planına uyğun olaraq, əvvəlki təhsil pilləsini
(səviyyəsini) bitirməsi barədə sənədlər əsasında şagird
qəbulunun həyata keçirilməsini təmin etsinlər;
6.2. Dövlət hesabına təhsil almaq üçün şagird seçimi
zamanı aşağıdakı hallara üstünlük versinlər:
6.2.1. təhsil sənədindəki (şəhadətnamə və attestat)
qiymətlərin orta balı;
6.2.2. şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının
övladlarına, əlillərə, yetim və valideyn himayəsindən
məhrum olanlara.
6.3. Müraciət edənlərin özlərinə və onların
valideynlərinə seçdikləri ixtisas və təhsil alacaqları
ilk peşə-ixtisas təhsili müəssisəsi haqqında ətraflı
məlumat versinlər;
6.4. İşəgötürən təşkilat və müəssisələrin tələbatına
uyğun peşələr üzrə şagird qəbulu planında dəyişiklik
edilməsi zərurəti yarandıqda, bu məsələni nazirliyin
razılığı ilə təsdiq edilmiş ümumi qəbul planı daxilində
həll etsinlər;
6.5. Şagird qəbuluna dair statistik hesabatları cari
ilin oktyabr ayının 15-nə qədər nazirliyə təqdim
etsinlər.
7. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi
Naxçıvan Muxtar Respublikasında yerləşən ilk
peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə
bağlı müvafiq tədbirləri həyata keçirsin.
8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan
müəllimi" qəzetində və "Sənətkar" jurnalında dərc
edilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 avqust 2015-ci il |