Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2015 - №33

 

Ağır atletika üzrə IX dünya kuboku yarışları başa çatıb

 

Böyütmək üçün seçinAstara Olimpiya İdman Kompleksində keçirilən "Zirvə" beynəlxalq idman klubunun ağır atletika üzrə IX dünya kuboku yarışları başa çatıb. Azərbaycan Ağır Atletika Federasiyasının, "Zirvə" klubunun və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışda ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, İran, Gürcüstan, İsrail, Bolqarıstan, Moldova, Belarus, Ukrayna, Polşa və ABŞ-dan 100-dək idmançı qələbə uğrunda mübarizə aparıb. Dünya kuboku yarışlarında ölkəmizi Bakı, Lənkəran, İsmayıllı, Lerik, Masazır, Neftçala, Samux, Şamaxı, Sumqayıt, Xırdalan, Qazax, Goranboy, Qobustan və Yevlax "Zirvə" idman klublarının ağır atletləri təmsil ediblər. Yarışlarda kişilər 4, qadınlar isə 3 yaş qrupunda mübarizə aparıblar.

Dünya kuboku yarışlarının sonuncu günü azərbaycanlı atletlər üçün uğurlu olub. Körpücük üzərinə 18 yaşadək oğlanlar çıxıblar. "Qobustan-Zirvə" idman klubunun üzvü Dadaş Dadaşbəyli ən yüksək nəticə ilə fəxri kürsünün birinci pilləsinə yüksəlib. O, birdən qaldırmada 185, təkanla qaldırmada isə 212 kiloqramın öhdəsindən gəlib. O, aktivinə toplam 397 kiloqramlıq nəticə və 442,4 Sinkleyr xalı toplayıb. İkinci yerdə "Xırdalan-Zirvə"dən Valentin Xristov qərarlaşıb. İdmançı toplam 315 kiloqramlıq (140+175) və 441,7 xal əldə edib. Bürünc medala isə 330 kiloqramlıq (140+190) nəticə və 434,9 xalla "Goranboy-Zirvə"ni təmsil edən Firudin Quliyev sahib olub.

Xala-xal prinsipi ilə keçən mübarizədən gürcüstanlı Georgi Çxeidze də qalib çıxıb. "Tiflis-Zirvə"nin atleti 365 kiloqramlıq (165+200) nəticə və 392,2 xalla qızıl medal qazanıb. Gümüş medal "Şamaxı-Zirvə"-nin nümayəndəsi Elşad Şərifova qismət olub. O, 299 kiloqramlıq (131+168) nəticə ilə 386,2 xal toplayıb. Yeniyetmələr arasında Avropa və dünya çempionu İqor Obuxov isə 304 kiloqramlıq (134+170) nəticə və 369,2 xalla bürünc medala layiq görülüb.

Dünya kuboku yarışlarının sonunda veteran idmançılar qüvvələrini sınayıblar. Yarışda 1948-ci il təvəllüdlü Vladimir Jilyayev toplam 201 kiloqramlıq (91+110) nəticə göstərib. "Xırdalan-Zirvə"nin atleti Manone-Meltzer cədvəli üzrə 405,16 xalla qızıl medala sahib olub. Gümüş medalı toplam 296 kiloqramlıq (146+150) nəticə və 371,07 xalla "Sumqayıt-Zirvə"nin nümayəndəsi Emin Əliyev qazanıb. Bürünc medalı isə "Samux-Zirvə"dən Zəfər Tağıyev aktivinə yazdırıb. O, toplam 245 kiloqramlıq (105+140) nəticə ilə 370,67 xal toplayıb.

Yarışların bağlanış mərasimi Astara şəhərindəki dənizkənarı park-bulvar kompleksində keçirilib. Fəxri kürsüyə qalxan idmançılara və onların məşqçilərinə pul mükafatları, diplomlar, medallar, kuboklar təqdim olunub. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov