Prezident
İlham Əliyev mərasimdə iştirak edib
Dekabrın 1-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına
səfəri çərçivəsində Babək rayonunun Nehrəm kənd 2 saylı
tam orta məktəbinin açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını
bildirən lenti kəsdi.
Prezident İlham Əliyevin ölkədə təhsilin
inkişafına göstərdiyi diqqət və qayğı bir daha
təsdiqləyir ki, bu sahə də dövlət siyasətinin mühüm
prioritetləri sırasındadır. Ötən illərdə ölkəmizdə heç
bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox
məktəb binaları üçün yeni korpuslar inşa olunub,
həmçinin bu proses ən ucqar yaşayış məntəqələrini də
əhatə edir. Məktəblərin maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, bütün
orta təhsil ocaqlarında kompüter sinifləri yaradılıb,
onlar internetə qoşulub. Heydər Əliyev Fondu da dövlət
səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına
hərtərəfli dəstəyini əsirgəmir. Azərbaycan dövlətinin
təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd - ölkəmizdə
bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində
qurulmasıdır. Həyata keçirilən kompleks proqramlar
təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin
həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində
qurulmasına imkan verən müasir məktəb binalarının
inşasına istiqamətlənib. Belə təhsil ocaqlarından biri
də Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta
məktəbidir.
Dövlətimizin başçısına məlumat verildi ki, Nehrəm
kənd 2 saylı tam orta məktəbi muxtar respublikada
tikilən və ya əsaslı şəkildə təmir olunan çoxsaylı
təhsil müəssisələrindən biridir. Ümumi sahəsi 5165
kvadratmetr olan məktəbin binası üçmərtəbəlidir. Burada
990 şagird təhsil alır. Onların ixtiyarına 42 sinif
otağı, kimya, fizika və biologiya fənlərinin tədrisi
üçün laboratoriyalar, hərbi kabinet verilib. Bundan
başqa, məktəblilərin şahmatın sirlərinə yiyələnmələri
üçün 2 xüsusi sinif ayrılıb. Kitabxana, müəllimlər
otağı, idman zalı ən zəruri avadanlıqla təmin olunub.
Məktəbdə 5 elektron lövhə quraşdırılıb, optik kabel ilə
internet şəbəkəsinə qoşulub.
Prezident İlham Əliyevə məlumat verildi ki, muxtar
respublikanın 221 məktəbi eyni vaxtda birbaşa Naxçıvan
şəhərindəki Bayraq meydanı ilə canlı bağlantı yarada
bilir, bu da telekörpü vasitəsilə müxtəlif mövzularda
dərslərin keçirilməsinə imkan verir. Nehrəm kənd 2 saylı
tam orta məktəbi də həmin sistemə qoşulub. Məktəb bütün
lazımi infrastrukturla təchiz olunub.
AZƏRTAC |