Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının virtual iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, universitetdə tədrisin onlayn və oflayn rejimlərdə, elektron vasitələrlə təşkili imkanları, tələbə və əməkdaşların sağlamlığının qorunması istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub.

 

Elmi Şura Prezidentin yeni növ virusla mübarizədə atdığı qətiyyətli və effektiv addımları dəstəkləyib, ölkə başçısının müvafiq sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını əhalinin sağlamlığının qorunması üçün vacib və əhəmiyyətli tədbirlər kimi qiymətləndirib. Bu ümummilli məsələdə dövlətin həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərinin Azərbaycan xalqının gələcəyinə, əhalinin sağlamlığının qorunmasına xidmət etdiyi vurğulanıb.  Bildirilib ki, hər bir insan öz sosial məsuliyyətini anlamalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir.

 

İnstitutdan bildirilib ki, Elmi Şuranın qərarına əsasən, BDU-nun hesabından COVİD-19-la Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürülüb.